Şüşə
səsin sahibi
O, 54 il Akademik Dram Teatrının səhnəsində bir-birindən uğurlu, yaddaqalan və sevilən rollar yaradıb. 30 ildən çox səsi Azərbaycan radiosunun “Bulağ”ından xalqın qəlbinə axıb. Xalq artisti Məhluqə Sadıqova adını teatr tariximizə, mədəniyyət tariximizə obrazlar qalereyası və təkrarsız səsi ilə yazıb...
Uzaq illərin
izləri
Məhluqə Ələsgər qızı Sadıqova 1917-ci il aprelin 28-də Şuşada sənətkar ailəsində anadan olub. Burada qızlar məktəbində oxuyub. 1930-cu ildə ailəsi Bakıya köçüb. Məhluqə xanım 6 saylı məktəbdə 7 illik təhsili başa vurduqdan sonra Bakı Tibb Texnikumunun diş texniki fakültəsinə daxil olub. Bu təhsil ocağını 1936-cı ildə bitirib. Tibb təhsili alarkən rəqs və dram dərnəklərinə də can atıb.
1936-cı il sentyabrın 27-də həvəskar aktrisa kimi Akademik Dram Teatrının truppasına işə götürülüb. Bu sənət məbədində ilk rolu “Şahnamə” əsərində Firuzə obrazı olub. Məhluqə Sadıqova həvəskar aktrisa kimi səhnəyə gəlsə də, sənətə olan sonsuz sevgisi, öyrənmək bacarığı, ünsiyyət mədəniyyəti tezliklə onu həm kollektivə, həm də tamaşaçılara sevdirə bilib.
O, sözün əsl mənasında, səhnənin çox sevilən aktrisalarından birinə çevrilir. Cəfər Cabbarlının "Oqtay Eloğlu" əsərində Nadya, "Solğun çiçəklər"də Pəri, "Almaz"da Yaxşı, “Sevil"də Gülüş, "Dönüş"də Turac, "1905-ci ildə" tamaşasında Sona, Moris Meterlinkin "Göy quş"unda Süd, Jan Batist Molyerin "Skapenin kələkləri"ndə Qiasinta, Əbdürrəhim bəy Haqverdiyevin "Pəri- cadu" əsərində müxtəlif vaxtlarda bir neçə rol - Sayad, Səlimə, Şamama cadu və Səməd Vurğunun "Vaqif"ində, "Fərhad və Şirin"ində, "Xanlar"da Zərnigar, Hərəmxana qarısı, Fitnə, Mehriban rollarını oynayıb. Aktrisanın sənət qalereyasına Aleksandr Ostrovskinin "Günahsız müqəssirlər"ində Qalçixa və Anuşka, Hüseyn Cavidin "Şeyx Sənan"ında Zəhra, Vilyam Şekspirin “Qış nağılı”nda Paulina, Anton Çexovun “Vanya dayı”sında Sofiya, Bernard Şounun "Şeytanın şagirdi"ndə missis Daycen və onlarla digər tamaşalarda bir-birinə bənzəməyən obrazlar da var.
Səsin işığı
Səhnədə lirik və xarakterik obrazlar yaradan Məhluqə Sadıqovanı tamaşaçılara bu qədər sevdirən nə idi? O, aktrisa kimi üslub və forma, məzmun və mahiyyət, estetik dəyər və psixoloji tutum baxımından müxtəlif janrlarda hazırlanmış tamaşalarda xarakterik səhnə obrazları yarada bilirdi. Aydın, səlis diksiyası, ifadəli səhnə danışığı aktrisanın obrazlarına dolğunluq və bütövlük gətirirdi. Ən başlıcası isə, təbiəti etibarilə içi sevgi, səmimiyyət və işıqla dolu bir sənətkar idi. Bu işığı asanlıqla tamaşaçıya ötürməyi bacarırdı. Həm epizodik, həm də baş rolların mahir ifaçısı olan Məhluqə Sadıqova ən kiçik rolu da elə təqdim edirdi ki, tamaşaçıların yadında məhz onun yaratdığı obraz qalırdı.
Məhluqə Sadıqova can verdiyi obrazları yüksək bədii səviyyəyə qaldırmaq məharətinə malik olduğundan onun repertuarındakı ana obrazları həssaslığı, qayğıkeşliyi, mehribanlığı ilə səhnəmizin ən yaxşı ana obrazları kimi xatırlanmaqdadır. Bütün obrazlarını, o cümlədən ana obrazlarını içindən gələn sevgi ilə tamaşaçılara təqdim etməyi bacarırdı. Bu səbəbdən də Məhluqə xanımın yaratdığı ana obrazları birmənalı olaraq sevilir və qəbul olunurdu.
Həsrət
Məhluqə Sadıqova sənət tariximizdə bədii qiraət ustası kimi də şöhrət qazanan bir sənətkar idi. O, Şuşa bulaqlarından su içmiş nadir, ipək səsini Bakıdan Azərbaycana, dünyaya yayırdı. Məhluqə xanım 30 ildən çox Azərbaycan Radiosunun "Bulaq" folklor-etnoqrafik verilişinin əvəzsiz aparıcılarından biri olmuşdur. Onun səsində xalq yaradıcılığının inciləri yeni üslubda və formada dinləyicilərə təqdim olunmuş, "Bulaq" dövrünün ən çox sevilən verilişlərindən birinə çevrilmişdir. Sənətkar "Azərbaycanfilm" kinostudiyasının dublyaj şöbəsində bir çox filmlərin səsləndirilməsində də yaxından iştirak edib.
1949-cu ildə Əməkdar artist, 1978-ci ildə Xalq artisti fəxri adına layiq görülən Məhluqə Sadıqova ömrünün ahıl çağlarında Şuşanın ermənilər tərəfindən işğalından sonra ağır anlar yaşamış, büllur səsinə kədər notları qatılmışdı. Şuşa həsrətini səhnədə yox, həyatda yaşayaraq 2003-cü ildə dünyasını dəyişmişdir.
Ruhlar isə sərhədlər, qadağalar tanımır. Çox güman ki, əfsanəvi aktrisanın narahat ruhu Şuşada, Qarabağda dolaşmaqdadır...
Təranə Vahid
Mədəniyyət.-
2013.- 26 aprel.- S. 10.