“Brejnev onun Bakıdakı konsertində ağlamışdı”
Bolqarıstan qəzetində Müslüm
Maqomayev haqqında məqalə dərc olunub
Bolqarıstanın
“24 saat” qəzetində
dünya şöhrətli
Azərbaycan musiqiçisi,
SSRİ Xalq artisti, unudulmaz opera və estrada ifaçısı
Müslüm Maqomayevə
həsr olunmuş məqalə dərc edilib.
“Müslüm Maqomayev - KQB-nin şefi tərəfindən
xilas edilən karyera” adlı məqalə müəllifin
görkəmli ifaçı
haqqında bu sözləri ilə başlayır: “İlk dəfə onun adına 80-ci illərin əvvəllərində
Vladimir Vısotskinin oxuduğu
mahnılardan birində
rast gəldim. Bir müddət sonra bildim ki, Maqomayev
təkcə ifaçı
deyil, iki yüz milyon əhalisi olan ölkənin ən populyar və sevilən insanıdır.
60-70-ci illərdə onun qrammofon valları inanılmaz tirajla satılır, çıxış etdiyi
konsert zalları, hətta stadionlar belə tamaşaçılara
bəs etmirdi”.
Daha sonra məqalədə sənətkarın 1942-ci ildə
Bakıda anadan olması, həyat və yaradıcılığı
haqqında geniş məlumat verilir: “Azərbaycanlılar onu əfsanə hesab edirlər. O, xalqının
sevimli oğlu, hər kəsin fəxr etdiyi sənətkardır. Heç şübhəsiz,
onun bu həddə
sevilməsində nəslinin
də rolu danılmazdır. Baba Müslüm Maqomayev Azərbaycan klassik musiqisinin əsasını
qoyan insanlardan biri hesab olunur.
Müslümün atası Məhəmməd
Böyük Vətən
müharibəsinin bitməsinə
9 gün qalmış
cəbhədə həlak
olub və o, dayısı Camalın himayəsində böyüyüb”.
Müslüm Maqomayevin gənclik illərindən söz açan müəllif onun ilk evliliyi ilə bağlı maraqlı məqamları oxucuların diqqətinə
çatdırır: “18 yaşında
olarkən Müslüm
artıq populyar müğənni idi. Oxuduğu musiqi məktəbində Ofeliya
adlı bir qızla tanış
olur və bu romantik məhəbbət
sayəsində onlar evlənməyi qərarlaşdırırlar.
Bundan xəbər tutan xalası onun pasportunu aylarla qonşularda gizlətməli olur. Lakin buna baxmayaraq
iki gənc nikaha daxil olur,
ailə qururlar. Bu Müslümün həyatında
ilk nikahı olur. Onların Marina adlı qız övladları dünyaya gəlir. Müslümün uzunmüddətli
qastrol səfərləri
cütlüyün ayrılmasına
səbəb olur”.
Ümumittifaq miqyasında ulduz olan Müslümin karyerası 1963-cü il 26
mart tarixindən sonra daha da parlamağa
başlayır. Həmin
il Moskvada keçirilən Azərbaycan
mədəniyyəti günlərinin
bağlanış mərasimində
çıxış edən
sənətçi SSRİ mədəniyyət naziri Yekaterina Fursevanın diqqətini çəkir,
həmin andan nazir gənc istedadın bir növ himayəçisi və ən sadiq tamaşaçısına
çevrilir. Bu müddətdə
Maqomayevin populyarlığı
da günü-gündən
artmağa başlayır.
O, solo konsertlər verir,
Milanın La Skala Teatrında təcrübə
keçir və ilk dəfə Kann şəhərində keçirilən
estrada festivalında “Qızıl plastinka” mükafatına layiq görülür.
Populyarlığı
sayəsində Müslüm
öz dost və tanışlarına əl
tutmaqdan da geri qalmırdı. Hətta bu xeyirxahlığına
görə az qala karyerası da alt-üst olacaqdı. Belə ki, Rostov-Don kazaklarının
konserti zamanı səhnə geyimlərinin
alınmasına kömək
məqsədilə səhnəyə
üç dəfə
çıxaraq mövcud
qonorar tarifinə görə nəzərdə
tutulduğundan üç
dəfə çox -
202 rubl əvəzinə
606 rubl gəlir əldə etdiyinə görə, bir müddət onun səhnəyə çıxmasına
qadağa qoyulur. Bu məsələdən Parisdə,
məşhur “Olimpiya”
zalında konsert zamanı xəbər tutan Müslüm orada qalıb işləmək təklifi
alsa da, bunu qəbul etməyib vətəninə
qayıdır. Bir müddət keçdikdən
sonra Müslümün
KQB-nin yaranmasına həsr edilmiş konsert proqramında çıxış etməsi
üçün Mədəniyyət
Nazirliyinə zəng vurulur. Nazir ifaçıya qadağa qoyulduğunu bildirəndə
KQB-nin o vaxtkı rəhbəri Yuri Andropov qadağanın
ləğv edildiyini bildirir. Bu faktları diqqətə çatdıran
müəllif vurğulayır
ki, Müslüm təkcə sadə xalq kütləsinin deyil, dövlətin yuxarı rütbəli vəzifə adamlarının
da sevimli müğənnisi olmuşdur.
Məqalədə Azərbaycanın
rəhbəri Heydər
Əliyevin Müslüm
Maqomayevlə yaxın
dost olduğu, ona hər zaman dəstək verdiyi vurğulanır. SSRİ rəhbəri
Leonid Brejnevin Bakıya
səfəri zamanı
konsertdə Müslümün
ifasında “Kiçik
torpaq” mahnısını
(Böyük Vətən
müharibəsindən bəhs
edən - red.) dinləyərkən
ağladığının kadrlarda qaldığı xüsusi vurğulanır.
Məqalə bu sonluqla bitir:
“1973-cü ildə Müslüm
Maqomayev SSRİ tarixində
ən gənc Xalq artisti adına
layiq görülür.
Buna baxmayaraq o, həmişə
öz seçimində
sərbəst olub... Kommunist Partiyasının qadağa qoyduğu “Beatles”dən, Frenk Sinatrodan da parçalar
ifa edib... 1972-ci ildə tanış olduğu Tamara Sinyavskaya ilə 1974-cü ildə ailə qurur. Əlçatmaz ulduz - Müslüm Maqomayev 25 oktyabr 2008-ci ildə dünyasını dəyişir,
xalqın qəlbində
yaşayaraq əbədiyyətə
qovuşur”.
Lalə Azəri
Mədəniyyət.-
2013.- 26 aprel.- S. 11.