Türksoylu xalqların musiqi mədəniyyəti

 

   Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Türksoylu xalqların musiqi mədəniyyətinin tədqiqi” mövzusunda XII beynəlxalq elmi-praktik konfrans keçirilib.

  

   Təhsil ocağının 90 illik yubileyinə həsr olunmuş tədbiri musiqi sənəti fakültəsinin dekanı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ellada Hüseynova açaraq türksoylu xalqların timsalında iki qardaş ölkənin - Türkiyə və Azərbaycanın zəngin tarixi və mədəni irsindən, xalq yaradıcılığında özünə yer alan çoxsaylı paralellərdən danışıb.

   Musiqişünaslıq kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Kamilə Dadaşzadə bildirib ki, Azərbaycan xalqının musiqisini, onun etnogenezisini türk xalqlarının musiqisini, ümumi mədəniyyətini öyrənmədən aşkarlamaq mümkün deyil.

   Bakı Musiqi Akademiyasının professoru, sənətşünaslıq doktoru Cəmilə Həsənova bu sahədə respublikamızda çoxlu sayda namizədlik və doktorluq dissertasiyalarının müdafiə olunduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, iki xalqın mərasim ənənələrinin səciyyəvi cəhətləri türk regionunun mədəniyyəti ilə şərtlənərək, onlara məxsus tipik situasiya və sabit formalar, süjet analogiyalarının cəmindən ibarətdir.

   Sonra ADMİU-nun tələbələrindən Engin Genç türk musiqisində orijinal bir alət olan qabaq kəmanədən, Ferit Çoban qazax xalqının milli musiqi aləti olan dombradan söhbət açıb, Muhammed Okkeşin balabanın türk musiqisində tətbiqindən danışıb. Tələbələr bu qədim alətlərdə musiqi nömrələri ifa ediblər.

 

 

    Mədəniyyət.- 2013.- 26 aprel.- S. 11.