Qəribə
çölçülük
Kinonu haqlı olaraq elmin nailiyyəti, incəsənətin təntənəsi adlandırırlar. Lakin dünya sivilizasiyaya nə qədər can atsa da, təəssüflər olsun ki, çağdaş texniki tərəqqi əsrində də bəd əməlləri ilə hadisələri qəlizləşdirən insan psixologiyası anlaşılmaz, çözülməz olaraq qalır.
C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan “Çölçü” tammetrajlı fəlsəfi dramında da insan psixologiyası tədqiq olunur. Film dram süjetinin labüd ənənələrinə sadiq qalaraq tamaşaçını yormadan (kadrları təsadüfi və kənar hadisələrlə yükləmədən) qəribə çölçülük həyatı yaşayan iki insanın taleyindən, ata və oğulun simasında dünyadan küsən insanların daxili aləmindən, istəyindən bəhs edir.
Filmin baş qəhrəmanları Ulu (aktyor Vidadi Həsənov) və onun oğlu, cavan çölçüdür (Bəhruz Vaqifoğlu). Filmin ilk kadrlarında çölün düzündə tənha yaşayan sakinlərin həyat tərzini izləyirik. Bizi boz dünyanın sakinləri ilə səbirlə tanış edən fraqmentlər növbəti dəqiqələrdə də gərgin hadisələrin olmayacağını anons edir. Çölçülük qaydaları ilə Ulu bizi tanış etsə də, hadisələrin təfsilatı, XXI əsrdəki çölçülük istəyi (seçimi) filmin baş qəhrəmanı cavan çölçünün həyat mövqeyində açılır.
Bu iki şəxsin gündəlik həyatını yalnız təsadüfi hallarda Ulunun göstərdiyi kilimarası tamaşa pozur və bu həyata rəng qatır. Kimsəsizliyə, ölümə üz tutan bədbin çölçü bu nağılı gerçəkləşdirmək niyyətində deyil. Ətrafına, doğma övladına olan soyuq münasibətindən əyilmiş çiyinlərində ağır bir həyat yükünün olduğunu, eyni zamanda onun dünyaya böyük ədavəti, kini olduğunu görürük. Ulu tez-tez oğluna qətiyyətlə çölçü olduğunu xatırladır. Deməli o, çölçü olaraq qalmaqda israrlıdır, yeni dünyadan, xisləti qəliz insanlardan bezib sadəcə ibtidai həyatı yaşamağı tərcih edib. Çölçülərin müasir dünyadan kənarlaşmalarının səbəbi də Ulunun tərki-dünyalığıdır. Bəs bu kiçik ailəni modern dünyadan uzaqlaşdıran səbəb nədir? Bu sualın cavabı cavan çölçünün qarşılaşdığı sadəliyi qədər mürəkkəb olan hadisələrdir. Ulunun danışdığı nağılın gerçəkləşməsi və çölçülük qanunlarının pozulması da (çölə yad insan gətirmək) yalnız o öldükdən sonra baş verir.
Dolaşıq hadisələr bolluğunda müxtəlif obrazları, xarakterləri izləmək tamaşaçılar üçün daha asan və maraqlıdır. Çölçülüyün səfil qanunlarına boyun əyən insanların, onların ətrafındakıların əxlaq keyfiyyətlərini izləməyə bizi vadar edən isə müəllifin müasir insanın çağdaş aləmdən imtina etmə səbəbini hər kəsə yükləməsi, sanki çölün bir küncündə gizlənən adamların problemlərini ictimai-sosial mahiyyətə çevirməsidir.
Taleyini tamamən köhnə dünyaya bağlayan çölçüləri arxaik dünya ilə modern dünyadan ayıran yoldur. Yolun bir tərəfində ucu-bucağı görünməyən kimsəsiz bir çöl, digər tərəfində isə qaynar həyat var. Ümumiyyətlə, yol mövzusu kinoda həmişə rəmzi məna daşıyıb. Bu filmdə də yol insanları düşüncəsinə, xarakterinə görə ayıran, yeniliyə və köhnəliyə bölən, həyat balansının pozulmasını gizlədən və ya neytrallaşdıran vasitədir.
Sivilizasiya modern dünyanı zənginləşdirir. Zamanın əndazədən çıxmış tələbləri isə anlaşılmaz insan xarakterini bir az da qəlizləşdirir, mənəvi dəyərlər maddiyatın bolluğunda heçə enir, cılızlaşır. Əgər cavan çölçü yolun bir tərəfində yaşadığı boz dünyada özünü və dəvə sürüsünü yalnız canavarlardan qoruyursa, yolun digər tərəfindəki modern dünyada cəmiyyətə qeyri-normal davranışları ilə zərər verən fərdlərdən ehtiyat edir. Bəzi hallarda isə onların aqressiv münasibətindən əziyyət çəkir.
XXI əsrin həyat mübarizəsindən bezmiş, diksinmiş çölçülərin ibtidai həyata uyğunlaşmağını, modern dünyadan küsmə səbəbini seyr etdikcə zamanın tərəqqiyə doğru irəliləyən dövrlərindəki insanların maarifçilik, azadlıq uğrunda apardıqları mübarizələr gözümüz önündə canlanır. Budurmu sivilizasiyanın sonu, budurmu öz ideyaları naminə həyatından keçən maarifpərvər ziyalıların, elm adamlarının qurduqları qayğısız, normal həyat şəraitinin təntənəsi?
Çölçülərin yeni dünyadan uzaqlaşması yeniliyə yox, müasir dünyanın əxlaq normalarını tənzimləyə bilməyən, maddiliyin mənəviyyatla alver etməsinə qarşı üsyanıdır. Bəlkə də Ulunun ömür yolunda mənfi xarakterli insanlar çox olduğundan o yaşamağa məhkum olduğu həyatı çölçülükdə keçirməyi qərara alır. “Çölçü” filmi bu gün çeşidli problemləri ilə qloballaşan, qəlizləşən, sürətlə yeniləşən dünyanın keçmişinə bir baxış, bir-birini didməklə daha asan yaşayış əldə etməyə çalışan, rəngarəng dünyanı bəd əməlləri ilə bozardan insanlara istehzadır.
Əyləncəsi çox olan yeni dünyanın oyuncağına çevrilən, sevilməyən, köhnə dünyada isə varlığı daxili mən qədər arzulanan qadın obrazı filmdə boz dünyanı gözəlləşdirən həyat mənbəyi kimi xarakterizə edilib. Cavan çölçü ilə qısa saçlı qadın başqa-başqa qütbün sakinləri, köhnəliklə yeniliyin nümayəndələridir. Filmin ilk kadrlarında biz qadını onu ləkələyib başından atan sürücüdən qorxub cavan çölçünün kasıb komasına sığınan aciz bir məxluq kimi görürük. Müasir dünyanın məkrli sakini olduğunu düşünərək çağırılmamış qonağa əhəmiyyət verməyən gəncin həyatına rəng qatan qadın elə ilk gündən özünü (kimsənin arzulamadığı) ibtidai həyata uyğunlaşdırır. O, çölçünün kasıb komasına sevgi dolu qəlbi, gözəl vücudundan başqa bir şey apara bilməsə də, bu koma kimi həyatını da yenidən qurmağı bacarır. Qadın onu yağmalayan ehtiraslı nəzərlərdən, çölçü isə ifrata varmış məişət qayğılarından uzaqdır. Həyat nəşəsini susuz çöl qədər solduran sivil insan təfəkkürü tənha, boz məkanda gözəllik həsrəti ilə yaşayan, ürəyində hər an sevgi cücərdən avam çölçü mənəviyyatından qat-qat aşağı, çirkindir. Avamlıqdan, köhnəlikdən görünən müasirlik ideyaları, paklıqdan doğan qayğıkeşlik mövqeyi filmin əsas leytmotividir.
Cavan çölçünün ilk vaxtlarda qəbul etmədiyi qızla münasibəti də ehtiyatlıdır. Onların romantik və məişət münasibətlərində böyük hörmət var. Film boyu bir neçə kəlmə söz danışan gəncin aləmində sözün dəyəri çox, kəsəri itidir. O, qadını təhqir etmədən, ona olan narazılığını qınayıcı, istehzalı nəzərləri ilə bildirir, sevgisini gurultulu (sonradan təhqirə çevrilən) sözlərlə yox, baxışları ilə bəyan edir. Qadın artıq cavan çölçünün mənəvi sərvəti, göz bəbəyidir. Əgər o, tənha yaşadıqda dəvələrinin yununu qırxıb dəyər-dəyməzinə satırdısa, qadının yuyub təmizlədiyi yunun ikiqat haqqını ödəyir. Bu, ibtidai həyatda yaşayan qadının ailəsinə maddi dayaq olacağı ilk addımıdır. Qadın çölçüyə təmiz ev-eşik, isti nəvaziş, maddi dayaq, mənəvi gözəllik bəxş edir. Bəlkə də bu (imkanı bol olan) yeni dünyada o qədər də əhəmiyyət kəsb etmir. Amma köhnə dünyada sərbəst cütlüyün xoşbəxtliyini tamamlayan əsas amildir.
Keçmişə qayıdışı, ibtidai həyatı tərcih edən çölçülərin məhz dəvə sürüsünə sahib olması filmin mistik mahiyyətini dərinləşdirir. Tarixi-etnoqrafik baxımdan Azərbaycanda dəvəçilik haqqında məlumat verən ilk yazılı abidə “Kitabi-Dədə Qorqud” dastanıdır. Şərq xalqları arasında ağ dəvə müqəddəslik və xeyirxahlıq simvolu hesab olunur. Dəvə ilə bağlı müxtəlif rəvayətlər, əfsanələr də var. Dəvə də insan kimi aşiq olur deyirlər. O da dostuna sadiq, düşməninə qarşı amansızdır. Bağlandığı adamın yolunda özünü ölümə verir, ona pislik edən, nahaq yerə incidən adamı isə öldürməyincə əl çəkmir. Dəvə hissiyyatı güclü, insana olan münasibəti dəqiq, bəzi xüsusiyyətlərində oxşarlığı olduğuna görə müqəddəsləşdirilib. Filmdə ana (Ağca) dəvə yeni doğulan köşəyə süd vermək istəmir. Ulu duz-çörəyə and içdikdən sonra dəvə özünə yad bildiyi köşəyə süd verir. Dəvənin sahibi yatıb yuxuya qaldıqda belə onlar səhər naxırının, axşam axurunun yerini (başqa səmtə yönəlmirlər) itirmirlər. Dəvə sahibinə, ailəsinə, məkanına sadiqdir. Göründüyü kimi, dəvə mifologiyası ilə çölçülərin psixologiyası arasında çox bağlılıq var.
İnsani dəyərləri üstün tutan cavan çölçü köhnəliyin, mənfi xarakterli sürücü isə ərköyün yeniliyin nümayəndəsidir. Yolun kənarında təhqir edib, laqeydliklə özündən uzaqlaşdırdığı qadını gözləyən sürücü şikarını parçalamağa hazırlaşan canavarı xatırladır. Bir neçə aydan sonra o, həmin qadını çölçü ilə bir yerdə qəsəbədə görüb onları təqib edir. Sürücü (qisas almaq məqsədilə) gecənin bir aləmində cahil dostları ilə çölçünün həyətinə girir. Dəvələri görən gənclərdən biri isə “nə yaxşı qutablıqdır” deyə sürüyə soxulmağa işarə edir. Onlar elə ilk kəlmədən, baxışdan didib parçalamağa hazırlaşan heyvan xislətlərini göstərirlər. Təhqiramiz sözlərlə qadının çölçüdən yox, ondan hamilə olduğunu söyləyən sürücünü filmin qəhrəmanı çaşqın nəzərlərlə izləyir. O, müasir insanın aqressiv cahilliyini çağdaş dünyanın siması kimi qəbul edir. Öz-özlüyündə insanlığı öldürən, mənəviyyatı kiçildən, isməti boğan varlığı çözməyə çalışır. Qarşı-qarşıya duran cahil və kamil insan prototipləri mələk və şeytanın simvollarıdır.
Eşitdikləri çölçünü sarsıtsa da, evinin xanımı etdiyi qadınına sahib çıxmaq üçün o, çox da düşünmür. Onu ətrafındakılardan fərqləndirən də zənginliyə yox, insanlığa meylli olmasıdır. Uşaqlıqda şahid olduğu hadisədən (dəvənin yad bildiyi köşəkdən qaçması) fərqli olaraq, o, başqasının uşağına sahib çıxır. Onun insanlığı dəyərləndirən mənəviyyatı kamil insan mövqeyini tamamlayır, təbliğ edir.
Psixoloji dram janrında çəkilən bu filmdə hadisələrin məntiqi mənasını peşəkar aktyor ifası dəqiq çatdırır, filmin daxili dinamikasını tənzimləyən sözsüz kadrlar diqqətlə izlənilir. Aktyor Vidadi Həsənov (həm də ssenari müəllifi) köhnə dünya adamının tərki-dünyalıq mövqeyini, həyat ziddiyyətlərinə nifrətini aktyor texnikasının bilicisi kimi peşəkar səviyyədə təqdim edib. Ulunun keçirdiyi hissləri (qəzəb, məhəbbət, rəhm) dəqiq bəyan edən mimika cizgiləri obrazın mövqeyini, düşüncələrini tamaşaçıya emosional çatdırmasına imkan verir, bu da filmin mahiyyətini açır, rejissor ideyasını təsdiqləyir. Bir sözlə, film elmdən, sivilizasiyadan uzaq köhnə dünya adamının kamilliyini və müasir dünya sakininin cahilliyini müzakirə və müqayisə edən həyat güzgüsüdür. Baxaq ki, kimsənin çölçülüyünə səbəb olmayaq.
Şəhla Bürcəliyeva,
kinoşünas
Mədəniyyət.-
2013.- 26 aprel.- S. 12.