İpək Yolunda turizmin
inkişafına həsr olunmuş beynəlxalq
görüş
Avqustun 1-də Çin Xalq Respublikasının Qansu əyalətinin Dunxuan şəhərində Dünya Turizm Təşkilatı və Çin Milli Turizm Administrasiyasının təşkilatçılığı ilə İpək Yolunda Turizm üzrə VI Beynəlxalq Görüş başlayıb.
İpək Yolu üzərində davamlı turizmin inkişafının dəstəklənməsi və DTT-nin İpək Yolu təşəbbüsü çərçivəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə təşkil olunan növbəti tədbirdə Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov iştirak edir. Avqustun 3-dək davam edəcək toplantıya DTT-nin baş katibi Taleb Rifai, İpək Yolu coğrafiyası ölkələrinin turizm üzrə məsul şəxsləri, ekspertlər qatılıb.
Nazir müavini Nazim Səmədov tədbir öncəsi bir sıra görüşlər keçirib. İyulun 30-da nazir müavininin DTT-nin baş katibi Taleb Rifai ilə görüşündə İpək Yolunda turizmin inkişafı, layihə çərçivəsində indiyədək görülən işlər, Azərbaycan turizminin son illərdə əldə etdiyi inkişaf təcrübəsinin İpək Yolu regionunun digər ölkələrində də tətbiq imkanları müzakirə olunub.
İyulun 31-də Nazim Səmədov Qansu əyalətinin hökumət rəhbərləri ilə görüşdə iştirak edib. Görüşdə DTT-nin baş katibi Taleb Rifai, qurumun icraçı direktoru Zoltan Somogi, İpək Yolu proqramının meneceri Alla Peressolova, Qansu Əyalətinin Xarici İşlər İdarəsinin direktoru Çen Vayjonq, Tacikistanın Gənclər, İdman və Turizm Komitəsinin sədri Malikşo Nemətov, Dunxuan şəhərinin bələdiyyə sədrinin müavini Li Jin Yin, digər yüksək vəzifəli şəxslər iştirak ediblər.
Avqustun 1-də beynəlxalq tədbirin açılışında Taleb Rifai çıxış edib. Daha sonra çıxış edən nazir müavini Nazim Səmədov Azərbaycanın milli turizm strategiyası, yaxın və uzaq gələcək üçün potensial inkişaf imkanları, ölkəmizin İpək Yolu turizmində oynadığı vacib rol və perspektivlərindən danışıb.
Tədbir əsnasında nazir müavini Çinin
\"The Travel Channel\" televiziyasına müsahibə verib. Müsahibədə Azərbaycanla Çin Xalq Respublikası arasında turizm sahəsindəki mövcud
əməkdaşlıq, viza
prosedurları və gələcək planlar haqqında söhbət açılıb.
Mədəniyyət.- 2013.- 2 avqust.- S. 2.