Dünya şöhrətli pianoçu Niyazinin mənzil-muzeyində
Avqustun 1-də maestro Niyazinin mənzil-muzeyində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən V Qəbələ Beynəlxalq Musiqi Festivalının iştirakçısı, məşhur türkiyəli pianoçu İdil Biret ilə görüş keçirildi.
Görüşü Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açaraq Azərbaycanda musiqi mədəniyyəti və muzey işinin inkişafı sahəsində görülən işlərdən danışdı.
Muzeylə tanışlıq zamanı məlumat verildi ki, maestro Niyazi bu mənzildə 1958-ci ildən ömrünün sonunadək yaşayıb-yaradıb. Ekspozisiya otağında Niyazinin uşaqlığından başlayaraq həyatının son illərinədək həyat və yaradıcılığını əks etdirən fotoşəkillər, not əlyazmaları, afişalar, proqramlar və s. eksponatlar nümayiş etdirilir. Qonaq otağında Niyazinin ictimai fəaliyyətini əks etdirən fotoşəkillər, müxtəlif illərdə Maestroya bağışlanmış və muzey tərəfindən əldə olunmuş rəngkarlıq əsərləri nümayiş etdirilir.
Mənzil-muzeydə mütəmadi olaraq Niyazinin həyat və yaradıcılığına həsr olunmuş tədbirlər - xatirə gecələri, konfranslar, konsertlər təşkil olunur. Qeyd olundu ki, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Niyaziyə aid 6200-dən artıq material saxlanılır.
Dahi musiqiçinin mənzilində olmaqdan məmnunluğunu ifadə edən İdil Biret dirijorla bağlı unudulmaz xatirələrin bu muzeyə gətirdiyini vurğuladı. 1962-ci ildə Bakıda Opera və Balet Teatrında konsert zamanı maestro Niyazi ilə eyni səhnəni bölüşdüyünü deyən türkiyəli pianoçu həmin günün həyatının ən uğurlu anlarından biri olduğunu və heç vaxt unutmadığını bildirdi. Qeyd etdi ki, Türkiyə simfonik musiqisinin inkişafında Niyazinin böyük xidmətləri olub. O, beş dəfə Türkiyədə konsert verib, müxtəlif türk bəstəkarlarla sıx yaradıcılıq əlaqələri saxlayıb.
Qonaq Niyazi ilə bağlı xatirələrini bölüşdü, muzeyin xatirə kitabına ürək sözlərini yazdı.
İdil Biretə muzey tərəfindən not nəşrləri, görkəmli azərbaycanlı musiqiçilərə həsr olunmuş kitablar hədiyyə edildi.
Öz növbəsində türkiyəli pianoçu onda olan Niyazi ilə bağlı xatirə fotolarını, not nəşrlərini muzeyə göndərəcəyini bildirdi, muzeyin fəaliyyətinə uğurlar arzuladı.
Ceyhun
Mədəniyyət.- 2013.- 2
avqust.- S. 2.