Tanınmış kinooperator və
rejissor Ələkbər
Muradov vəfat edib
Əməkdar incəsənət xadimi, tanınmış kinooperator
və rejissor Ələkbər Muradov uzun sürən xəstəlikdən sonra avqustun 1-də dünyasını
dəyişib. Ələkbər
Yunus oğlu Muradov 1948-ci il
avqustun 1-də Bakıda
anadan olmuşdu. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Neft-Kimya İnstitutunda (indiki Azərbaycan Neft Akademiyası) ali
təhsil almışdı.
65 illik ömrünün
47 ilini sevdiyi sahəyə həsr edən sənətkarın
kinoda yolu da 1966-cı ildə institutun nəzdindəki “Azneftxim” studiyasından başlanıb. Studiyada çəkdiyi
“İmtahana üç
gün qalıb” sənədli filmi ümumittifaq kinohəvəskarları
festivalında mükafata
layiq görülüb.
1968-ci ildə “Səttar Bəhlulzadə”
adlı sənədli
filmini lentə alıb.
Daha sonra Moskvada Ümumittifaq Kinematoqrafiya İnstitutunu bitirən Ələkbər
Muradov milli kinomuzda 30-dan artıq müxtəlif janrlı
film lentə alıb. O, “Qərib
cinlər diyarında”
(1977), “Mən nəğmə
qoşuram” (1979), “Qorxma,
mən səninləyəm”
(1981) bədii filmlərində
II operator kimi işləyib,
“Zirzəmi” (1990), “Müqəddəs
oda yanaram” (1991), “O dünyadan salam” (1992), “Mənim ağ şəhərim” (1993) bədii
filmlərinin quruluşçu
operatoru olub. 2002-ci ildə rejissor
debütünü edərək
kəskin süjetli “Güllələnmə təxirə
salınır” filmini çəkib.
Onun yaradıcılığında
müxtəlif janrlı
sənədli filmlər
çoxluq təşkil
edir. “Anaya məktub”, “Gəmiqaya”,
“Səadət təranələri”,
“Odlu ürək”, “Nəsrəddin Tusi”, “Təkəlduz” və digər sənədli filmlərin mizan quruluşları dəqiq,
çəkiliş maneraları
fərqli, dinamikdir. Kino tariximizdə layiqli
iz qoyan sənətkarın ekran əsərləri onu yaddaşlarda yaşadacaq.
Allah rəhmət eləsin.
Mədəniyyət.- 2013.- 2
avqust.- S. 3.