Qum heykəltəraşlığı və qraffiti festivalı başa çatıb

 

   Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Bakıda ilk dəfə keçirilən qum heykəltəraşlığı və qraffiti üzrə açıq festival avqustun 1-də başa çatıb. Üç gün davam edən festivalda seçim turu əsasında 30 gənc iştirak edib.

   Heykəltəraşlar və qraffiti ustaları bu müddətdə müəyyən edilmiş ərazidə və vaxt çərçivəsində işləyiblər. Festivalın son günündə hər iki nominasiya üzrə qaliblər müəyyən edilərək mükafatlandırılıblar.

   Qum heykəltəraşlığı üzrə birinci yerə Fərəc Rəhmanov, ikinci yerə Nazim Məmmədov, üçüncü yerə Asif Cabbarov layiq görülüblər. Qraffiti nominasiyasında isə birinci yeri Rafael Ağazadə, ikinci yeri Mətanət Ağayeva, üçüncü yeri Murad Ələkbərzadə qazanıb. Qaliblərə hədiyyə və diplomlar, bütün iştirakçılara isə sertifikatlar təqdim edilib.

   Layihənin məqsədi Azərbaycan incəsənətinin, heykəltəraşlığının və ölkəmizdə yeni təşəkkül tapan qraffiti sənətinin inkişafına təkan vermək, gənc istedadlı rəssamların və heykəltəraşların aşkarlanıb üzə çıxarılması və onların tanıdılmasına şərait yaratmaqdır.

 

Mədəniyyət.- 2013.- 2 avqust.- S. 5.