“Babamın izi ilə bu ölkəyə gəldim”

 

   Məhəmməd Şakir Kargar: “Ulu babam hələ yüz il əvvəl Azərbaycanda ilahiyyatdan dərs deyib. Ona görə də hələ uşaqlıqdan ölkəniz haqqında müəyyən məlumatlara malik idim. Amma o zaman heç ağlıma da gəlməzdi ki, Azərbaycana səfir təyin ediləcəyəm”

  

   Əfqanıstan İslam Respublikası Azərbaycanın dövlət müstəqilliyini ilk tanıyan (21 dekabr 1991-ci il) ölkələrdən biridir. İki ölkə arasında diplomatik münasibətlər isə 1994-cü ilin 16 noyabrında qurulub. Bununla belə, ötən müddətdə Əfqanıstanla əlaqələrimiz elə də inkişaf etməyib. Başlıca səbəb isə bu ölkədə uzun müddət siyasi istiqrarsızlığın hökm sürməsi olub. Yeri gəlmişkən, Azərbaycan 2002-ci ildən Əfqanıstanda sülhsabitliyin möhkəmləndirilməsinə öz töhfəsini verən ölkələr sırasındadır. 2012-ci ilin noyabrında Əfqanıstan İslam Respublikasının Bakıda səfirliyi açılıb. Dost ölkənin Azərbaycandakı ilk fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Şakir Kargar ilə söhbətimizdə iki ölkə arasında münasibətlərin mövcud durumuna və gələcək perspektivlərinə nəzər saldıq.  

   - Cənab Kargar, Əfqanıstanın Azərbaycanda birinci səfirisiniz, bu həm də sizin ilk diplomatik təyinatınızdır. Bu təyinatı necə qarşıladınız?

   - Əvvəlcə onu deyim ki, mənim ilk yüksək vəzifəm 2002-ci ildə Əfqanıstanın vitse-prezidenti postu olub. Sonra üç il energetikasu resursları naziri işləmişəm və altı il Əfqanıstan parlamentinin deputatı olmuşam. Eyni zamanda, parlamentdə beynəlxalq əlaqələr komitəsinə rəhbərlik etmişəm. Mənim üçün Azərbaycanda səfir kimi çalışmaq xoşdur. Bu ölkədə çox gözəl əhval-ruhiyyə ilə işləyirəm. İnsanları gözəl, xoşxasiyyətdir. Buradakı bir çox adət-ənənələr də bizə tanışdır. Sevinirəm ki, xalqlarımız arasında da oxşar xüsusiyyətlər var.  

   - Səfir təyinatından öncə ölkəmiz və onun insanları barədə sizdə nə kimi təsəvvür vardı?

   - Məni Azərbaycanla bir çox məqamlar bağlayır. Məsələ ondadır ki, ulu babam hələ yüz il bundan əvvəl bu ölkədə müəllim işləyib, ilahiyyatdan dərs deyib. O, Buxarada ən məşhur mədrəsəni bitirmişdi. Bundan başqa türk, Azərbaycan dillərini də gözəl bilirdi. Ona görə də hələ uşaqlıqdan ölkəniz haqqında müəyyən məlumatlara malik idim, ailəmizdə Bakı haqqında tez-tez danışılırdı. Amma o zaman heç ağlıma da gəlməzdi ki, Azərbaycana səfir təyin ediləcəyəm. Tale elə gətirdi ki, babamın izi ilə mən də bu ölkəyə gəldim. Mən türkdilli əfqanam, ona görə də türk və Azərbaycan dillərini yaxşı başa düşürəm. Sankt-Peterburqda təhsil alanda isə rus dilini öyrənmişəm.

   İlk dəfə Azərbaycana bir neçə il əvvəl İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək üçün gəlmişdim. Onda Bakı ilə yaxından tanış ola bilmədim. İkinci dəfə isə bura səfir kimi gəldim. Onu deyə bilərəm ki, əfqan xalqı Azərbaycanı çox sevir. 2007-ci ildə Əfqanıstanın şimalında qədim Andxoy şəhərinin (Fərab əyaləti) üç küçəsinə məşhur Azərbaycan şairləri Nizami Gəncəvi, Məhəmməd Füzuli və Əfzələddin Xaqaninin adları verilib. Bu şairləri Əfqanıstanda çox gözəl tanıyır və sevirlər. Eyni zamanda demək istəyirəm ki, Məhəmməd Füzulinin şeirlərini bizdə öyrənir və bu şeirlərin sözlərinə bəstələnmiş mahnılar ifa edirlər. Odur ki, Azərbaycanda səfir kimi çalışmaqdan çox məmnunam və bu mənim üçün fəxrdir. Bakı xoşuma gəlir. Mən bu şəhəri belə təsəvvür etmirdim. Həqiqətən də paytaxtınız çox inkişaf edib. Bakı artıq dünyanın ən gözəl şəhərlərindən biridir. Çoxlu müasir tikililər var. Ümumiyyətlə, ölkəniz müxtəlif sahələrdə inkişaf edir. Azərbaycanda o qədər gözəl nümunələr gördüm ki, düşünürəm, bunları Əfqanıstanda da qurmaq olar. Bir zamanlar Kabili də Bakı kimi görmək istərdim. Əminəm ki, Azərbaycanın gözəl gələcəyi var. Burada hər şeydən əvvəl sabitlik və təhlükəsizlik mövcuddur. İnsanlarınız olduqca mehriban, istiqanlıdır. Şəhərdə gəzəndə, mağazaya gedəndə insanlarla ünsiyyətdə oluram və görürəm ki, bizim çox oxşarlıqlarımız var. Bir sözlə, mən burada yad deyiləm və özümü evdəki kimi hiss edirəm.  

   - Azərbaycan ilə Əfqanıstan arasında ikitərəfli münasibətlər qədim tarixə və ənənələrə söykənir. Bu əlaqələrin hazırkı səviyyəsini necə dəyərləndirirsiniz?

   - Əfqanıstanla Azərbaycan arasında münasibətlərin inkişafı üçün böyük potensial var. Hətta eşitmişəm ki, burada çoxlu əfqan sülh və mehribanlıq şəraitində yaşayır. Qeyd etdiyim kimi, oxşar ənənələrimiz var. Xalqlarımız arasında da bənzərlik çoxdur. Əfqanıstanda hər bir məktəbli Nizami Gəncəvini tanıyır. Bundan başqa, ölkəmizin şimalındakı ən məşhur səhralardan biri Füzulinin «Leyli və Məcnun» poemasının şərəfinə «Leyli» adlanır.

   Azərbaycanda Əfqanıstan səfirliyinin açılması özlüyündə çox şeyi deyir. Bu o deməkdir ki, biz Azərbaycanla yüksək səviyyədə əlaqələr qurmaq niyyətindəyik və bu təyinat həm də iki ölkə arasında əlaqələrin yeni səhifəsini açır. Qarşılıqlı səfərlər də bunu bir daha təsdiqləyir. Artıq ölkələrimiz arasında iqtisadi-ticarət, mədəni əlaqələr, eləcə də əfqan gənclərinin Azərbaycanda təhsil almaları istiqamətində danışıqlar gedir. Ümid edirəm ki, bu ilin sentyabrından bizim tələbələrimiz Azərbaycanda neft-qaz, dəmiryolu, proqramçı, diplomatiya, tibb sahəsində təhsil alacaqlar. İstərdik ki, yaxın vaxtlarda Əfqanıstanda da Azərbaycan səfirliyi fəaliyyətə başlasın. Bizim dövlətimiz, prezidentimizparlamentimiz hər zaman Azərbaycanı dəstəkləyib və dəstəkləməkdə davam edəcək. Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzvlüyü ilə bağlı səsvermə zamanı Əfqanıstandan olan diplomatlar öz dəstəklərini verdilər. İstəyirik ki, Azərbaycan dünyada ən inkişaf etmiş, qüdrətli dövlətlərdən biri olsun. Əfqanıstan hər zaman Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü beynəlxalq təşkilatlarda dəstəkləyib. Biz bilirik ki, Azərbaycan ərazilərinin 20 faizi işğal olunub. Bu torpaqların sülh yolu ilə geri qaytarılmasını istəyirik. Azərbaycanı Dağlıq Qarabağ məsələsində hər zaman dəstəkləmişik, qaçqın, məcburi köçkün problemi bizi çox narahat edir, çünki bu problemlərin nə olduğunu biz də yaxşı bilirik.

   Mənim səfir kimi əsas prioritetlərimdən biri iqtisadi əlaqələrin səviyyəsini qaldırmaqdan ibarətdir. Təbii ki, digər sahələrdə də əməkdaşlığı qurmaqinkişaf etdirmək niyyətindəyik. Bundan başqa, Əfqanıstan Milli Assambleyasında Əfqanıstan-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Millət vəkili olduğum vaxtlarda bu qrupa rəhbərlik etmişəm. İşçi qrupu ölkənizə gəlməkdə çox maraqlıdır. Düşünürəm ki, təşəbbüslər qarşılıqlı olmalı, informasiya mübadiləsi aparılmalıdır. Əsas məsələ xalqlarımızı yaxınlaşdırmaqdır.   

   - Xalqları bir-biri ilə yaxınlaşdıran mühüm amillərdən biri də mədəniyyətdir. Ölkələrimiz arasında mədəni əlaqələrlə bağlı fikirlərinizi bilmək maraqlı olardı.

   - Mədəni sahədə əməkdaşlığımız üçün geniş imkanlar var. Bizim ümumi cəhətlərimiz çoxdur, tarixi baxımdan, adət-ənənələrdə yaxınlığımız var. Qeyd etdiyim kimi, Nizami, Füzuli, Xaqani kimi bizimçox sevdiyimiz şairləriniz var. Onların əsərlərini Əfqanıstanda orta məktəblərdə, universitetlərdə tədris edirlər. Amma biz hələ əlaqələrin başlanğıcındayıq, çox işlər görmək lazımdır. İki ildən bir Bakıda Beynəlxalq Muğam Festivalının keçirilməsi ilə bağlı məlumatım var. Bildiyiniz kimi, Əfqanıstanda da muğam var və istərdim ki, bizim ifaçılarımız Bakıda keçirilən bu festivalda iştirak etsinlər. Eyni zamanda, Azərbaycan muğam ifaçılarını da Əfqanıstana dəvət etmək niyyətindəyəm. Bizim ölkəmiz çox qədim tarixə, ənənələrə, mədəniyyətə malikdir. Düşünürəm ki, azərbaycanlılar üçün Əfqanıstanın tarixi yerlərini görmək çox maraqlı olardı.

   Təəssüf ki, indi televiziyalarda bizim ölkə ilə bağlı daha çox neqativ informasiyalar verir, onu mənfi tərəfdən təqdim edirlər. Ona görə də hər şeydən əvvəl mən kütləvi informasiya vasitələri təmsilçilərini Əfqanıstana dəvət etmək istərdim. Qoy onlar bizim ölkəmizdə təkcə mənfi tərəfləri deyil, müsbət cəhətləri də görsünlər. Həm də Əfqanıstandakı həyatın şahidi olsunlar. Bu gün ölkəmizdə 8 milyondan çox uşaq məktəbə gedir, onlardan 40 faizi qızlardır. Əfqanıstan parlamenti qadın millət vəkillərinin sayına görə dünyada birinci yerdədir. Bunları Azərbaycan media nümayəndələrinə göstərmək lazımdır. Təəssüf ki, Əfqanıstan deyəndə bir çoxlarının təsəvvürünə terror aktları, narkotik ticarəti, müharibə gəlir. Bizüçün döyüşürük, nədən əziyyət çəkirik, niyə öz yeraltı sərvətimizi hasil edə bilmirik - bu kimi sualların cavabını tapmaq üçün jurnalistlər ölkəmizə səfər etməli, müxtəlif yerlərdə olmalı, insanlarla söhbət etməlidirlər.

  

   Mehparə

 

Mədəniyyət.- 2013.- 2 avqust.- S. 7.