Qəbələdə
unudulmaz musiqi axşamları
Beynəlxalq festival
iştirakçı və tamaşaçılara
yaddaşlardan silinməyəcək anlar bəxş edir
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə reallaşdırılan V Qəbələ Beynəlxalq Musiqi Festivalının konsert proqramları davam edir. İyulun 24-də start götürən festivalda xarici ölkələrdən gəlmiş tanınmış kollektiv və ifaçılar, eləcə də Azərbaycan musiqiçiləri tamaşaçılara yaddaqalan anlar, zəngin təəssürat dolu sənət bayramı yaşadırlar.
“Ustaddan şagirdə” muğam
axşamı
İyulun 31-də beynəlxalq festival çərçivəsində muğam axşamı keçirilib. “Ustaddan şagirdə” adlı konsertdə tanınmış xanəndə, Xalq artisti Mənsum İbrahimov, müxtəlif nüfuzlu festivalların iştirakçısı və beynəlxalq müsabiqələr laureatları Arzu Əliyeva və Aytən Məhərrəmova çıxış ediblər. Mindən çox tamaşaçının izlədiyi konsertdə muğam kompozisiyası və bəstəkarlarımızın əsərləri səsləndirilib.
Geniş proqramla çıxış edən muğam ifaçılarını əməkdar artistlər - Elçin Həşimov (tar) və Elnur Əhmədov (kamança) müşayiət ediblər.
Xanəndələrimizin ifa etdikləri “Bayatı-Şiraz”, “Mahur”, “Segah”, “Şahnaz”, “Rast” muğamları, eləcə də “Qarabağ şikəstəsi” tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Türkiyəli pianoçunun
növbəti konserti
V Qəbələ Beynəlxalq Musiqi Festivalının proqramına uyğun olaraq iyulun 31-də “Qafqaz Resort” hotelinin kamera zalında keçirilən növbəti kamera musiqisi axşamında tanınmış türkiyəli pianoçu xanım İdil Biret çıxış edib.
Qeyd edək ki, İdil Biret
iyulun 29-da festivalda ilk konsertini təqdim etmişdi. Fransalı
musiqiçi Jean Bernard Pommierin dirijorluğu ilə Yerusəlim
Simfonik Orkestrinin müşayiət etdiyi konsertdə qardaş
ölkənin təmsilçisi görkəmli alman bəstəkarı
Robert Şumanın əsərlərindən parçalar səsləndirmişdi.
Bu dəfə klassik
Avropa bəstəkarlarının əsərlərini təqdim
edən pianoçu gözəl ifası ilə dinləyicilərin
qəlbinə yol tapıb. Musiqi
axşamında Lüdviq van Bethoven və Frederik Şopenin əsərləri
səsləndirilib. Konsert
tamaşaçılar tərəfindən alqışlarla
qarşılanıb.
Paris
Konservatoriyasında təhsil almış İdil Biret 16
yaşından Boston, London, Drezden orkestrləri ilə xarici
ölkələrdə geniş konsert proqramıyla
çıxış edib. O, yorulmadan qastrol səfərlərinə
çıxaraq öz ifasını dünyanın bir çox
guşələrində tanıdıb. Ötən
əsrin 80-ci illərinin ortalarından başlayaraq məşhurlaşan
İdil Biret əsasən caz-pop üslubunda ifa edən
pianoçu kimi tanınır.
İfaçının
albomları milyon yarımdan artıq tirajla satılıb.
Dünya üzrə onlarla konsert vermiş
İdil Biret instrumental musiqinin parlaq ulduzlarından biridir, dəfələrlə
tanınmış musiqiçilərlə, istedadlı sənətkarlarla
eyni səhnədə çıxış edib.
* * *
V Qəbələ
Beynəlxalq Musiqi Festivalının iştirakçısı
olan tanınmış musiqiçilər Heydər Əliyev
Fondunun möhtəşəm mədəniyyət layihəsini
yüksək qiymətləndirərək əsrarəngiz təbiət
qoynunda musiqi bayramının iştirakçısı olmaqdan
məmnunluqlarını ifadə edirlər.
“Bu
sehrli məkana yenidən gəldiyim üçün çox
şadam”
“Sehrli ölkəyə,
gözəl məkana yenidən gəldiyim üçün
çox şadam. Dostlarla yenidən
görüşmək, onlarla birlikdə olmaq insana xüsusi
zövq verir. Biz artıq bir musiqiçilər
ailəsiyik”. Bu sözləri festivalın
iştirakçısı, “Northern Simfonia” konsert salonunun bədii
rəhbəri, Torino Filarmoniyasının (İtaliya) baş
dirijoru, fransalı Con Bernard Pommier deyib.
Azərbaycana ilk dəfə bir
neçə il əvvəl səfər
etdiyini bildirən musiqiçi ötən müddət ərzində
ölkəmizin sürətlə inkişaf etdiyini
vurğulayıb. Tanınmış dirijor belə gözəl
təşəbbüsü irəli sürənlərə,
festivalın təşkilatçılarına minnətdarlığını
bildirib: “Qəbələ qeyri-adi və gözəl məkandır.
Buranın təbiəti möhtəşəmdir.
Şəhər ətrafında gəzintiyə
çıxdım. İnsanların
mehribanlığı və qonaqpərvərliyi məni heyran
etdi”.
“Festivalın təşkilatçılığı
yüksək səviyyədədir”
Festivalın digər
iştirakçısı, tanınmış rusiyalı
pianoçu, BMT yanında Beynəlxalq İncəsənət
Akademiyasının fəxri akademiki, ABŞ-dakı Culian Musiqi
Akademiyasının professoru Oksana Yablonskaya möhtəşəm
incəsənət bayramında Azərbaycan və Avropa bəstəkarlarının
klassik əsərlərinin böyük məharətlə səsləndirildiyini
vurğulayıb. O deyib: “Festival haqqında dünyanın
müxtəlif qəzet və jurnallarında yazıların dərc
edilməsi bu mötəbər incəsənət
bayramının artıq dünyada getdikcə artan nüfuzuna əyani
sübutdur. Mən çox şadam ki, belə
bir möhtəşəm musiqi festivalının bədii rəhbərlərindən
biri oğlum Dmitri Yablonskidir.
O, Heydər Əliyev Fondunun təşkilatçılığı
ilə reallaşdırılan bu layihənin uğurla həyata
keçirilməsi üçün professor Fərhad Bədəlbəyli
ilə birgə çalışır. Mən
tam əminliklə deyirəm ki, Heydər Əliyev Fondunun
köməyi olmadan belə bir musiqi festivalını paytaxtdan
kənarda yüksək səviyyədə təşkil etmək
mümkün deyil. Qəbələnin
gözəl təbiəti, buradakı beşulduzlu mehmanxanalar
kompleksi, yaradılmış şərait, qonaqpərvər
insanlar və yüksək xidmət musiqi ilə vəhdət
təşkil edir”.
“Festival sayəsində Azərbaycanı yaxından
tanımaq imkanı əldə etdim”
“Belə ecazkar məkana
yenidən səfər etmək istərdim. Qəbələ Beynəlxalq Musiqi Festivalı
haqqında əvvəllər eşitmişdim. Lakin bura gəldikdə bu incəsənət
bayramının möhtəşəmliyinə heyran
qaldım” - tanınmış ingiltərəli dirijor Jan Latam
Koniq təəssüratını belə ifadə edib.
Qonaq Qəbələ
festivalında iştirakı ilə ölkəmizi yaxından
tanımaq üçün gözəl imkan əldə
etdiyini, yerli musiqiçilərlə dostluq əlaqələri
qurduğunu deyib. Bildirib ki, Londonda Azərbaycandan
olan çoxlu dostlarım var. Bura gələndən ölkənizin
təbiətinin və dağlarının
ecazkarlığına heyran qaldım. Azərbaycan,
bildiyimə görə, həm də özünəməxsus
mətbəxi ilə məşhurdur. Ölkənizin
ənənəvi klassik musiqisi vardır. Düşünürəm
ki, Avropa və dünyanın digər dövlətlərində
tanınan bəstəkarlarınızın əsərlərinə
getdikcə daha böyük maraq yaranacaq.
Yerusəlim Simfonik
Orkestri ilə xeyli vaxtdır ki, əməkdaşlıq
etdiyini diqqətə çatdıran Jan Latam Koniq Qəbələ
Beynəlxalq Musiqi Festivalının bir müddət sonra
dünya musiqi arenasında əhəmiyyətli tədbirlərdən
biri olacağına əminliyini bildirib.
“Şərq mədəniyyəti ilə
bağlı olan hər şey məndə maraq doğurur”
“Beynəlxalq musiqi
festivalının gözəl bir məkanda - dağlar, meşələr
arasında, görkəmli ifaçıların
iştirakı ilə keçirilməsi mənim
üçün böyük tapıntıdır. Bu ecazkar diyarda Şərq mədəniyyəti ilə
bağlı olan hər şey məndə maraq doğurur.
Çoxdandır ki, Azərbaycana gəlmək
arzusunda idim. Qəbələ festivalında iştirak mənə
bu fürsəti verdi. Növbəti
illərdə də böyük məmnuniyyətlə bu
möhtəşəm festivala qatılmaq istərdim”. Bu isə məşhur italiyalı dirijor Mirko
Roverellinin ürək sözləridir.
Festivalın yüksək
səviyyədə təşkil olunduğunu bildirən dirijor
bu mötəbər tədbirdə çıxışı
üçün yaradılan şəraitə görə minnətdarlıq
edib. O, “Yeni Rusiya” Dövlət Simfonik, Yerusəlim
Simfonik orkestrlərinə dirijorluq etməsini özünün
gələcək karyerası üçün mühüm
addım kimi dəyərləndirib: “Auditoriyanın festival
çərçivəsində keçirilən konsertlərə
böyük marağı da məni heyran edir. Düşünürəm
ki, tədricən bütün musiqi dünyasının diqqəti
bu möhtəşəm sənət bayramına yönələcəkdir”.
“Maestro
Niyazi ilə bir səhnədə
çıxışımı hər zaman xatırlayıram”
“Bu uğurlu layihəni ərsəyə
gətirənləri - V Qəbələ Beynəlxalq Musiqi
Festivalının təşkilatçılarını təbrik
edirəm”, - deyə Türkiyənin tanınmış
pianoçusu İdil Biret bildirib.
Qəbələdə
ilk dəfə olan ifaçı şəhərin gözəlliyindən,
ecazkar təbiətindən heyranlıqla danışıb,
festivalın konsert proqramlarının zənginliyini, musiqi əsərlərinin
ahəngdarlığını xüsusi vurğulayıb.
Azərbaycanda bir neçə dəfə
geniş konsert verdiyini diqqətə çatdıran
tanınmış pianoçu vaxtilə maestro Niyazi ilə bir
səhnəni bölüşdüyü üçün
özünü xoşbəxt saydığını deyib:
“Niyazi kimi dahi dirijorla bir səhnədə
çıxış etmək mənim həyatımın ən
uğurlu anlarından biri olub. Bu gün həmin
anları bir daha xatırlayıram. Qəbələnin
füsunkar təbiəti və tamaşaçıların
alqışları məni çıxış etməyə
daha da ruhlandırır. Festivalı ərsəyə
gətirənlər bu möhtəşəm sənət
bayramının rəngarəng keçməsi
üçün əllərindən gələni əsirgəməyiblər”.
“Bu
ecazkar məkanı beynəlxalq musiqi mərkəzinə
çevirmək gözəl fikirdir”
Festivalın təşkilatçılığını
yüksək qiymətləndirən rusiyalı
skripkaçı Olqa Martınovanın fikrincə, musiqi
bayramına tanınmış ifaçıların, o cümlədən
orkestrlərin, pianoçuların, skripkaçıların dəvət
olunması bu möhtəşəm incəsənət
bayramının dünyada artan nüfuzundan xəbər verir.
O, festivalın təşkilinə görə Heydər
Əliyev Fonduna təşəkkürünü bildirib.
Musiqiçi daha sonra deyib: “Meşələr, vadilər,
yaşıl çəmənli dağlar, bir sözlə,
burada hər addımda gözəllik, ecazkarlıq
hökmrandır. Həyat yoldaşım Con
Bernard Pommier ilə Azərbaycana gəlmişəm. Konsertdən əvvəl Qəbələnin mənzərəli
yerlərini gəzdik. Belə bir məkanı
beynəlxalq musiqi mərkəzinə çevirmək gözəl
fikirdir və mən artıq uğurla reallaşmaqda olan bu
ideyanı alqışlayıram. Bir daha
festivalın təşkilatçılarını bu təşəbbüs
münasibətilə təbrik edirəm. Düşünürəm
ki, bu mötəbər incəsənət bayramı barədə
hələ çox danışılacaqdır”.
“Festival hər kəsə əsl incəsənət
bayramı yaşadır”
“Bu günlər Qəbələdə
dünyanın məşhur musiqi xadimlərinin konsertləri
böyük tamaşaçı auditoriyasına əsl incəsənət
bayramı yaşadır” - bu sözləri Qazaxıstan İncəsənət
Universitetinin rektoru, bu ölkənin Xalq artisti, Beynəlxalq
Yaradıcılıq Akademiyasının akademiki,
tanınmış skripkaçı Ayman Musaxacayeva deyib.
Festivalın əhəmiyyətini
yüksək qiymətləndirən ifaçı füsunkar
təbiətin əhatəsində təşkil olunan belə
gözəl musiqi bayramının yerli və xarici qonaqlara
unudulmaz anlar bəxş etdiyini bildirib.
Bakıda bir neçə dəfə
konsert verdiyini vurğulayan Ayman Musaxacayeva deyib: “Bu dəfə
Heydər Əliyev Beynəlxalq Aeroportunda yerə enəndə
Bakını tanımadım. Qəbələyə
gəldikdə isə belə kiçik məkanda tikilmiş
beşulduzlu mehmanxanalar kompleksi, yaradılmış şərait,
qonaqpərvər insanlar və yüksək xidmət məni
valeh etdi”.
Qəbələ
festivalı barədə “Euronews” telekanalında yayımlanan
videoçarxlar vasitəsilə məlumatlı olduğunu diqqətə
çatdıran qonaq möhtəşəm sənət
bayramında iştirak etdiyi üçün çox
şanslı olduğunu vurğulayıb.
“Təbiət
qoynunda konsert vermək musiqiçiyə unudulmaz hisslər
yaşadır”
“Qəbələ
gözəl şəhərdir və təbiət qoynunda
konsert vermək musiqiçiyə sözlə ifadəsi
mümkün olmayan unudulmaz hisslər yaşadır”, - deyə
Yerusəlim Simfonik Orkestrinin üzvü Aleksandr Faymon bildirib.
Festivalda
iştirakından məmnunluğunu dilə gətirən qonaq
proqrama uyğun olaraq orkestrin bir neçə konsertlə
çıxış etdiyini, Avropa bəstəkarlarının
əsərlərinin səsləndirildiyini deyib.
Musiqiçi təəssüratını
belə ifadə edib: “Azərbaycan inkişaf edən ölkədir.
Ölkənizdə belə füsunkar məkanın
olduğunu bilmirdim. Mən 14 il əvvəl
Azərbaycanda olmuşdum. Qəbələyə
isə ilk gəlişimdir. Təklif olarsa,
yenə də böyük məmnuniyyətlə ölkənizə
gəlmək istəyərəm. Buranın
insanları çox səmimi və qonaqpərvərdirlər.
Festivalda sizin musiqiçilərlə tanış
oldum, yeni dostlar qazandım. Bu möhtəşəm
sənət bayramının təşkilatçılığı
yüksək səviyyədədir. Bizə
daim böyük qayğı göstərirlər. Hesab edirəm ki, tamaşaçılar ifamızdan
razı qaldılar. Bu, çox vacibdir.
Belə gözəl təbiətin qoynunda təşkil
edilən möhtəşəm festivala görə Heydər
Əliyev Fonduna təşəkkür etmək
lazımdır”.
* * *
Qeyd edək ki, Azərbaycanın
milli musiqi mədəniyyəti tarixində yeni bir ənənənin
təməli sayılan V Qəbələ Beynəlxalq Musiqi
Festivalı avqustun 6-dək davam edəcək. Mədəniyyət və Turizm Nazirliyi festivala təşkilati
dəstək verir.
Mədəniyyət.- 2013.- 2 avqust.- S. 8; 9.