Fransa ilə turizm
təhsili sahəsində əməkdaşlıq müzakirə
olunub
İyulun 31-də Fransanın ölkəmizdəki səfiri Paskal Mönye, əməkdaşlıq və mədəniyyət attaşesi Vensan Lorenzi və səfirliyin bir qrup əməkdaşı Azərbaycan Turizm İnstitutunun qonağı olub.
ATİ-nin rektoru, professor Cəfər Cəfərov 2006-cı ildən fəaliyyət göstərən təhsil ocağının əldə etdiyi uğurlar barədə qonaqlara ətraflı məlumat verib. Bildirib ki, tədris fəaliyyətinə 3 ixtisasla başlayan ATİ-də hazırda bakalavr səviyyəsində 11 ixtisas üzrə tələbə təhsil alır, eyni zamanda magistratura, doktorantura səviyyələrində də təhsil həyata keçirilir. Rektor institutun nəzdində Bakı Turizm Peşə Məktəbinin fəaliyyətə başlaması, ölkədə regional turizm peşə məktəbləri şəbəkəsinin qurulması prosesi haqqında danışıb.
Cəfər Cəfərov Turizm İnstitutu və Avstriyanın İMC Krems Tətbiqi Elmlər Universiteti arasında imzalanan müqavilələrə əsasən beynəlxalq proqramı müvəffəqiyyətlə bitirən məzunların hər iki ali təhsil müəssisəsinin diplomunu əldə etdiyini diqqətə çatdırıb. Qeyd olunub ki, indiyədək 72 məzun bu proqramı bitirib.
Söhbət əsnasında ATİ-nin Almaniya, Türkiyə, Şimali Kipr Türk Cümhuriyyəti və Rusiyanın ali təhsil müəssisələri ilə əlaqələrinə də toxunulub. Bildirilib ki, 2011-ci ildən Dünya Turizm Təşkilatının «qoşulmuş üzvü» olan ATİ Avrasiya Universitetlərinin Beynəlxalq Assosiasiyası, Xidmət üzrə Rusiya ali məktəblərinin milli elmi-tədqiqi texnoloji konsorsiumu, Xəzəryanı və Qara dəniz hövzəsi ölkələrinin universitetlərinin assosiasiyası, Avrasiya İpək Yolu Universitetlərinin Konvensiyası (ESRUC), Demokratiya üçün Universitetlərin İttifaqı (AUDEM) təşkilatlarında təmsil olunur.
Göstərilən qonaqpərvərliyə görə təşəkkür edən səfir Paskal Mönye Fransanın turizm sahəsində dünyanın lider ölkələrindən biri olduğunu xüsusi vurğulayıb. Diplomat Azərbaycan Turizm İnstitutu ilə Fransanın ali təhsil müəssisələri arasında əməkdaşlığın perspektivlərinə toxunub. I Fransa-Azərbaycan Universitetləri Forumunda iştirakına görə ATİ-yə təşəkkür edən səfir Fransanın Beynəlxalq Hotel və Turizmin İdarə Edilməsi Məktəbi - VATEL ilə əlaqələrin yaradılması təşəbbüsü ilə çıxış edib. Bu istiqamətdə danışıqların aparılması və əlaqələrin daha da dərinləşdirilməsi barədə razılığa gəlinib.
Fəxriyyə
Mədəniyyət.- 2013.- 2
avqust.- S. 10.