Azərbaycan turizmi inkişaf dövrünü yaşayır

 

Ölkəmizdəki brend hotellərin baş menecerləri ilə müsahibələr silsiləsinə zəruri sözardı

  

   Ölkəmizdəki brend hotellərin baş menecerləri ilə müsahibələr silsiləsi yekunlaşdı. Diqqətli oxucularımız müsahiblərimizin Azərbaycanın turizm sektorunda fəaliyyəti, eləcə də ölkəmizin gələcək inkişafında prioritet istiqamətlərdən hesab edilən xidmət sektorunun mövcud durumu və gələcək perspektivləri barədə fikirləri ilə tanış oldular.  

   İlk öncə onu deyim ki, bir jurnalist kimi bu müsahiblər məndə Azərbaycan turizminin əmin əllərdə olduğu, doğru yolda irəlilədiyi qənaətini formalaşdırdı. Buna səbəb isə, heç şübhəsiz, sektorun inkişafı ilə bağlı dövlət səviyyəsində, Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə görülən işlər, həyata keçirilən böyük infrastruktur layihələridir.

  

   Dünya səviyyəli hotellərimiz

  

   Üz tutduğumuz hotellərin hər birində unikal xarici və daxili tərtibatın şahidi olduq. Qeyd etmək lazımdır ki, ölkəmizdə fəaliyyət göstərən brend hotellər paytaxt Bakıda həm zahiri görünüş və daxili tərtibatı, həm də beynəlxalq standartlara uyğun çeşidli xidmətləri ilə yüksək səviyyədə təmsil olunurlar. Hotellərin dizaynında milli çalarlara yer verilməsi, milli naxış və ornamentlərdən zövqlə istifadə edilməsi bu məkanlara ayaq basan əcnəbi qonaqları eyni zamanda ölkəmizlə, onun mədəniyyəti ilə tanış edir.

   “Kempinski Badamdar Hotel”in geniş və hündür lobbisinin tavanında böyük zövqlə təsvir olunmuş milli ornamentlərimiz sözün həqiqi mənasında qürurvericidir. “Fairmont Baku” hoteli (“Alov qüllələri” kompleksi) isə bütün dünyada orijinal arxitektura nümunəsidir ki, artıq müasir Bakının simvollarından birinə çevrilib. Şəhərin ən hündür məkanında inşa edilən bu hotel Azərbaycanın “Odlar yurdu” olduğunu bir daha dünyaya, ölkəmizə gələn turistlərə nümayiş etdirir. “Jumeirah Bilgah Beach Hotel”də isə Ərəb körfəzinin havası hiss edilməkdədir. Dənizkənarı resort hotel olan “Jumeirah” yaxın gələcəkdə ölkəmizin çimərlik turizmində də böyük irəliləyişlər edəcəyini anons edir. Digər adlarını sadalamadığımız hotellər də heç şübhəsiz, öz möhtəşəmlikləri ilə seçilirlər, ölkə turizmində özünəməxsus müsbət rol oynayırlar. Hotellərdə yaradılmış lüks şərait bütün yaş kateqoriyalarından olan insanların mənalı istirahətini təşkil etməyə imkan verir.

   Müşahidə etdiyimiz daha bir müsbət məqam isə, brend hotellərin rəhbərliyində uzun illər bu sahədə xidmət göstərmiş, böyük təcrübələri olan insanların təmsil olunmasıdır ki, bu da çox vacib məqamdır. Çünki ən əsrarəngiz dizayna, möhtəşəmliyə malik hotel belə bu sahəni dərindən bilən, işini qüsursuzluqla quran şəxslər olmadan sadəcə gözəl arxitektura nümunəsi hesab edilə bilər. Bu səbəbdən əminliklə deyə bilərik ki, bəzi hallarda 30 illik təcrübəyə malik insanların ölkəmizdə fəaliyyət göstərən hotellərin rəhbərliyinə gətirilməsi bu sektorun gələcəyi ilə bağlı nikbin olmağa əsas verir.

  

   Həlli vacib məsələlər

  

   Sadaladığımız bütün bu müsbət məqamlarla yanaşı, ölkə turizminin aşmalı, aradan qaldırmalı olduğu məsələlər də mövcuddur. Təbii ki, çatışmazlıqların obyektiv və subyektiv tərəfləri var. İlk olaraq onu vurğulamalıyıq ki, Azərbaycan turizmi gənc və yeni formalaşan sahədir və bəzi hallarda qüsurların olması labüddür. Bununla belə, bütün sahələrdə olduğu kimi, xidmət sektorunun inkişafı da ilk növbədə bu qüsurların qısa müddətdə aradan qaldırılmasından keçir.

   Müsahibə aldığım baş menecerlərin ortaq qayğılarından ən ümdəsi ixtisaslı kadr məsələsidir. Düzdür, Azərbaycan Turizm İnstitutunun xətti ilə kadrlar hazırlanır, ancaq bu, yeni-yeni açılan hotellərin ixtisaslı kadrlarla təmin olunmasına hələ ki kifayət etmir. Son vaxtlaradək turizm sahəsində həlli vacib məsələlərdən olan viza rejiminin sadələşdirilməsi istiqamətində dövlət tərəfindən zəruri tədbirlər görülüb, elektron viza sisteminə keçid gerçəkləşib.

   Digər məsələ yerüstü və hava nəqliyyatının daha da təkmilləşdirilməsidir ki, bu sahədə də dövlət səviyyəsində işlər görülür, Bakının nəqliyyat sistemi yenidən qurulur. Hava yolları baxımından isə bəzi hallarda ölkəmizə səfər etmək istəyən turistlər bir neçə reys dəyişməli olurlar ki, bu həm vaxt, həm də maliyyə baxımdan baha başa gəlir və yorucu olur. Ancaq onu da vurğulamalıyıq ki, Bakıda yeni və daha tutumlu hava limanı terminalının inşası, bölgələrdə yeni aeroportların istifadəyə verilməsi bu problemin aradan qaldırılmasına gətirib çıxaracaq. Müsahiblərimin özlərinin də etiraf etdiyi digər məqam Azərbaycan turizm bazarında qiymətlərin region ölkələri ilə müqayisədə baha olmasıdır. Ölkəmizə təşrif buyuran turistlərin böyük əksəriyyəti artıq dünyanın bir sıra yerlərində olmuş, xidmət səviyyəsi və qiymətlərlə tanış insanlardır. Bu səbəbdən bəzi hallarda onlar qiymətlərin baha olmasından şikayətlənə bilirlər. Bununla belə, əksər baş menecerlər zamanla və artan rəqabətlə bu məsələnin müsbət həllini tapacağı qənaətindədirlər. Bəziləri isə dünya təcrübəsini əsas gətirərək hesab edirlər ki, turizmdə əsas məsələ qiymət deyil, təklif olunan məhsul və xidmətlərin keyfiyyətidir. Onların fikrincə, müştərilərə lazımi xidmətlər dünya standartları səviyyəsində təqdim edilsə, qonaqlar ödədikləri məbləğin fərqinə elə də varmayacaqlar.

   Müsahiblərimin vurğuladığı önəmli məqamlardan biri də turizm agentlikləri ilə məhsuldar əməkdaşlığın qurulmamasıdır. Dünya praktikasına istinad edən əksər baş menecerlər bildirdilər ki, hotellərin doluluq səviyyəsində agentliklər önəmli paya sahibdir və onlar çalışırlar ki, ölkəyə gələn turistlərin sayında artım olsun, nəinki ölkəni tərk edənlərin. Bundan əlavə, agentliklər hotel seçimində, yerləşdirmə və daxili turların təşkilində böyük rol oynayırlar. Ancaq Azərbaycanda bu təşkilatlar xaricdən turist cəlbini o qədər də müvəffəqiyyətlə həyata keçirə bilmirlər və daha çox ölkədən xaricə turist səfərləri təşkil edirlər. Təbii ki, bu da əsasən tələbatla bağlı məsələdir. Ancaq ölkəyə turist cəlbi istiqamətində fəaliyyət gücləndirilməlidir ki, hotellər əsas iş qüvvəsini müştəri cəlbinə deyil, daha yaxşı xidmət səviyyəsi təşkil etməyə sərf edə bilsinlər. Bəzi hallarda hotellər sırf müştəri cəlbi ilə məşğul olan böyük bir işçi heyəti saxlamalı olurlar ki, bu da baha başa gəlir və göstərilən xidmətlərin maya dəyərinin artmasına gətirib çıxarır.

  

   Təkliflər və ölkə turizminin gələcək perspektivləri

  

   Yuxarıda sadaladığımız bəzi məqamları çıxmaq şərti ilə müsahiblərimizin hamısı Azərbaycan turizmi və onun gələcəyi ilə bağlı müsbət fikirdədirlər və bu tendensiyaların daha da sürətləndirilməsi üçün müəyyən təkliflərini də səsləndirdilər.

   Bir neçə hotel menecerinin ortaq qənaəti ondan ibarətdir ki, ölkə turizmi ilə yanaşı, regional əməkdaşlığa da diqqət ayrılmalıdır. Belə ki, Gürcüstan, Azərbaycan və Türkiyənin əsas turizm mərkəzlərini birləşdirən vahid turizm paketi hazırlana və turistlərə təklif oluna bilər. Müsahiblərim hesab edirlər ki, region ölkələri - Azərbaycan və Gürcüstan ərazi baxımından o qədər də böyük olmadıqlarından regionun vahid paketinin hazırlanması daha çox bu ölkələrə sərfəli ola bilər. Turistlər də bir paketdə üç məkanla, mədəniyyətlə tanış olmaq imkanı qazanarlar. Vacib təkliflərdən biri də hotellərin daha çox yerli məhsullarla təmin edilməsidir ki, bu bütövlükdə ölkə iqtisadiyyatına mühüm töhfə hesab edilə bilər. Müsahiblərimin böyük əksəriyyəti qeyd etdilər ki, bəzi hallarda hotellər yanlış olaraq digər ölkələrdən idxal olunmuş meyvə və tərəvəzlərin müştərilərə təqdim edilməsinin daha çox müştəri məmnuniyyəti doğura biləcəyini düşünürlər. Ancaq bu, yanlış yanaşmadır. Təcrübə göstərir ki, turistləri əsasən səfər etdikləri ölkənin yerli məhsulları, mətbəxi, mədəniyyəti maraqlandırır ki, bütün bu cəhətlər də Azərbaycanda olduqca yüksək səviyyədədir. Yerli məhsullar, milli mətbəx turistlərin daha çox rəğbətini qazanır. Bu səbəbdən hotellərin yerli istehsalla təmin olunması həm müştərilərin marağı, həm də ölkə iqtisadiyyatına töhfə baxımından mühüm məqamdır.

   Ölkə turizminin gələcək inkişafı ilə bağlı müsbət qənaətdə olan aparıcı hotellərin baş menecerləri turizmin gələcək perspektivləri, turizmin Azərbaycan modeli ilə bağlı da maraqlı fikirlər səsləndirdilər. Onları da ümumiləşdirməklə sizlərə təqdim etmək istərdik. Ortaq qənaətlərdən ən ümdəsi Azərbaycan turizminin təbiət, tarix, musiqi və mədəniyyət üzərində qurulmasıdır. Müsahiblərimin böyük əksəriyyəti hesab edir ki, turizm ölkənin ən güclü tərəfləri üzərində qurulmalıdır ki, yuxarıda sadaladığımız məqamlar bir çox dövlətlərdə yetərli səviyyədə deyil. Dəniz turizminin gələcəyi ilə bağlı o qədər də nikbin olmasalar da, tarix, musiqi, mədəniyyət və təbiət baxımından böyük üstünlüklərin olduğunu vurğuladılar. Bəzi baş menecerlər isə beynəlxalq tədbirlərlə yanaşı, Azərbaycan milli musiqisi, cazı ilə sintez edilmiş festivalların təşkilini həm təbliğat, həm də turist cəlbi baxımından faydalı hesab etdilər. Bakının və regionların bu cür festivalların təşkili üçün olduqca münasib olduğunu deyən müsahiblərim Qəbələ Beynəlxalq Musiqi Festivalını bu baxımdan olduqca uğurlu nümunə hesab edirlər.

   Gələcək perspektiv baxımından irəli sürülən digər önəmli təklif Azərbaycanda “dörd mövsüm turizm”in qurulmasıdır. Əksər baş menecerlərin qənaətinə görə, Azərbaycanda yay turizm mövsümü qısa olduğundan, bütün fəsillərdə ölkəyə turist cəlb edilməsi üçün qış turizminə diqqət ayrılmalıdır. “Şahdağ” Qış-Yay Turizm Kompleksini bu baxımdan gözəl nümunə hesab edən müsahiblərimiz bu istiqamətdə işlərin genişləndirilməsini, digər rayonlarda da oxşar komplekslərin açılmasını məqsədəuyğun sayırlar.

   Qeyd edim ki, bütün bu məqamlar, Azərbaycanın turizm imkanlarının hətta əcnəbilər tərəfindən belə müfəssəl təhlil edilməsi xidmət sektorunun gələcəyi ilə bağlı nikbin olmağa əsas verir. Bu isə o deməkdir ki, həqiqətən də yaxın gələcəkdə Azərbaycan turizmi neft-qaz sektorundan sonra ölkə iqtisadiyyatının aparıcı sahəsinə və gəlir mənbəyinə çevriləcək.

  

   Sadiq Musa

 

Mədəniyyət.- 2013.- 2 avqust.- S. 11.