Bu ayrılıq nədən oldu?
Bir türk şairinin misraları
düşür yadıma:
Yoxdan bizi
var edən xilqət,
Vardan da yox
etsə, haqdır əlbət.
Unudulmaz şairimiz Bəxtiyar
Vahabzadə isə “Ölüm belə qəm deyil bu həyatı duyana” - deyirdi. Bütün buna bənzər müdrik kəlamları yada salsaq da,
ölümün ağrısı,
acısı heç vaxt yaddan çıxan
deyil. Çünki o, bizim üçün
unudulmaz olan insanları bizdən ayırır. Amma bu, cismani ayrılıqdır.
Tanrının elə sevib-seçdiyi
bəndələri var
ki, onları hətta ölümə belə təslim etmir. O insanlar ruhən əbədiyaşardırlar.
Respublikanın Xalq artisti,
“Şöhrət” ordenli,
Prezident təqaüdçüsü,
Şərqdə opera yazan
ilk qadın bəstəkar
Şəfiqə Axundova
belə ölməz insanlardandır. Onu əbədi
yaşadan xeyirxahlığı,
istedadı, Azərbaycan
musiqi mədəniyyətinin
inkişafında xidmətləri
və yaratdığı
əsərlərdir.
1924-cü il yanvarın 21-də
qədim Şəki torpağında dünyaya
göz açan Şəfiqə xanım sanki sonsuz bir
sənət sevgisi ilə qoşa doğulmuşdu. Ona görə də
bütün ömrünü
bu sevgi naminə şam kimi əritdi. Ölməz Seyid Əzimin təbirincə desək, “Bir şəmi ki, həqdən yana heç bad ilə sönməz”.
Odur ki, ölüm belə Şəfiqə xanımın böyük
sənət sevgisinin çırağını söndürə
bilməz. O sənət
çırağını yandıran Şəfiqə
xanım onun şölələnib, alovlanması
üçün istedadını
zəhməti ilə qovuşduraraq daim çalışdı. Bütün çətinliklərə
sinə gərərək
qədəm qoyduğu
sənət yolunun zirvəsinə qədər
yüksəldi. Onu bu yoldan çəkindirənlər
olsa da, Şəfiqə Axundova bu yolda ona
dayaq olanların etimadını doğrultdu.
Atası Qulam Axundov qızının musiqiçi
olmasına etiraz etsə də, tale onu dahi Üzeyir
Hacıbəyli ilə
qarşılaşdırır. Üzeyir bəy də onun istedadını görüb, bəstəkar
olması üçün
əlindən gələni
əsirgəmir. Beləcə, Üzeyir bəyin atalıq və müəllimlik qayğısı
ilə Azərbaycan bəstəkarlıq məktəbinə
Şəfiqə Axundova
kimi görkəmli bir sənətkar bəxş olunur. Şəfiqə xanımla söhbətlərimizdə
o, sənətə gəldiyi
illərini xatırlayaraq
dahi bəstəkarın
qayğı və diqqətini xüsusi vurğulayardı. Deyərdi ki,
biz Üzeyir bəydən
yalnız sənət
dərsi deyil, həm də əsl həyat dərsi almışıq.
Aldığı həyat və
sənət dərsini
bizlərə aşılayan
Şəfiqə xanımın
simasında gözəl
insan, əsl sənətkar, ləyaqətli
vətəndaş və
böyük şəxsiyyətə
xas olan cəhətlər təcəssüm
olunurdu. Bütün bu
xüsusiyyətləri o, bir
insan və bir sənətkar kimi özündə birləşdirirdi. Bu vəhdət Şəfiqə
Axundovanın musiqisində
də əks olunur.
O, qəlbinin saf, ülvi hisslərini, vətən sevgisini, xalq məhəbbətini - bir sözlə, bütün varlığındakı gözəlliklərini
musiqinin dili ilə ifadə edə bilirdi. Bunun üçün də daim axtarışda idi, ürəyindən keçənlərin axtarışında.
Öz duyğularını, düşüncələrini
ifadə etməkdən
ötrü elə poetik mətnlər seçirdi ki, sözlə musiqi bir-birini tamamlayırdı.
O, insanları vətənpərvərliyə
səsləyən
Mən gah odam, gah
suyam,
Bu torpaqdan yarandım,
Bu torpağa borcluyam,
Xoşbəxtəm
ki, vətənim
Azərbaycandır mənim.
mahnısında
(sözləri B.Vahabzadə),
insanları daim mehriban olmağa çağıran “Min könüldə
bir can olaq, Daha da mehriban
olaq” mahnısında
(sözləri İ.Coşğun),
“Bu dünyanı düşün,
haqq yolunda nur ol” (sözləri
H.Vəliqızı), “Anaları
təklənməyə qoymayın”
(sözləri G.Tənha)
və s. neçə-neçə
bu kimi mahnılarında
dinləyiciyə ülvi,
alicənab hisslər aşılayırdı.
Sözün vəsf etdiyi
bu gözəllikləri
Şəfiqə xanım
mətnə uyğun melodik çalarlarla ifadə edirdi. O, 600-ə
qədər gözəl
mahnının müəllifidir.
Bu mahnıların hər birində sənəti, həyatı
və insanlığı
böyük məhəbbətlə
sevən bəstəkarın
ürəyi döyünür.
Görkəmli bəstəkar 60-dan çox tamaşaya musiqini, S.Rəhimovun povesti əsasında “Gəlin qayası” operasını, “Ev bizim, sirr bizim”
operettasını və
digər əsərlərini
məhz bu böyük sevgi ilə yaratmışdı.
Bir sözlə, onun sənət sevgisi intəhasızdır. Hətta
söhbətlərimizin birində
özü belə demişdi: “Mənim sənətə sevgim bəlkə də özümdən asılı
deyil. Görün ki, mən gəncliyimi, dincliyimi, bütün ömrümü,
hətta balamı da bu yolda
qurban verdim”.
Bəli, daim mehriban
çöhrəli, gülərüzlü
Şəfiqə xanımın
ürəyinin dərinliklərində
böyük kədəri,
sağalmaz dərdi, istedadlı və bəxtsiz Taleyi də vardı. Şəfiqə xanımın
80 illik yubileyində ona həsr olunan
“Nəğmədir həyat”
monoqrafiyasını yazarkən
mənə dediyi bu sözlər indi də qulağımda
səslənir: “Bilirsən,
qızım, mənim
balam Taleh çox istedadlı, amma, yaman talesizdir.
İstərdim ki, mənim
haqqımda o kitabda bəstəkar Talehimlə
bağlı bir bölmə də olsun. Qoy onun yaradıcılığı
da tarixdə qalsın”. Bu, kövrək qəlbli, güclü iradəli bir ananın etirafı idi. Şəfiqə xanım belə
etirazlarını, kədərini
yalnız musiqisi ilə bölüşərdi.
İstəməzdi ki, insanları
öz kədəri ilə rahatsız etsin, hamıya xoş, səmimi, mehriban münasibət bəsləyərdi, bütün
insanların sevimlisi idi Şəfiqə xanım. Ulu öndər, ümummilli
liderimiz Heydər Əliyevin təbirincə
desək, “Bizim bir Şəfiqəmiz var”.
Bu gün
bütün sənətsevərlər,
bütün Azərbaycan
öz sevimli Şəfiqəsinin yoxluğuna
acıyır. Bu isə cismani yoxluqdur. Bir mahnısında deyildiyi
kimi, “Amma səndən ayrı gəzən, Ürək deyil, bədən oldu (sözləri B.Vahabzadə). Biz isə deyirik ki, əziz Şəfiqə
xanım, bizdən ayrılan cisminizdir. Ruhən həmişə bizimləsiniz,
işıqlı xatirəniz
daim qəlbimizdə yaşayacaq. Çünki sizi əbədi yaşadan musiqiniz var. Bu musiqi sizi nəsillərdən-nəsillərə,
əsrlərdən-əsrlərə aparacaq. Amma hər dəfə
sizi sevənlər musiqinizi dinlədikcə düşünəcəklər - BU AYRILIQ
NƏDƏN OLDU?
Səadət
Təhmirazqızı,
sənətşünaslıq
üzrə fəlsəfə doktoru
Mədəniyyət.- 2013.- 2
avqust.- S. 13.