Əhmədağa Muğanlını yaşadan kino lentləri

 

   Ömrünü mənalı yaradıcılığa, sənətə həsr edənlərin öz yolu, öz cığırı olur. Həqiqi sənət yolunun yolçularını illər sonra xatırladan məhz onların qoyub getdikləri iz, yaratdıqları əsərlərdir. Azərbaycanın ədəbiyyat və kino tarixində özünəxas dəst-xətti ilə tanınan sənətkarlardan olan Dövlət mükafatı laureatı, Əməkdar mədəniyyət işçisi, istedadlı nasirssenarist Əhmədağa Muğanlının da adı hər zaman ehtiramla anılır.  

   Əhmədağa Ələkbər oğlu Qurbanov (Muğanlı) 1926-cı il mayın 10-da Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. Onun uşaqlıq və gənclik illəri çətin dövrə təsadüf edir. Orta məktəbdə oxuyanda II Dünya müharibəsi başlayır. Əhmədağa 10-cu sinfə çatanda onu da digər həmyaşıdları kimi səfərbərliyə alırlar. 1944-1946-cı illərdə əsgəri xidmətdə olur. Tərxis olunduqdan sonra orta təhsilini davam etdirir, məktəbi gümüş medalla başa vurur. Müharibənin ağrı-acısı müəllim çatışmazlığı problemi yaratmışdı. Yerlərdə bu problemin həlli məqsədilə məktəblərdə əlaçı şagirdlərdən bəziləri dörd aylıq kursa göndərilir, sonra pedaqoji fəaliyyətə cəlb edilirdi. Onların arasında Əhmədağa Qurbanov da vardı. Ancaq ali təhsil almaq həvəsi onu rahat buraxmırdı. O, gələcək amallarının ardınca gedərək 1947-1952-ci illərdə indiki Bakı Dövlət Universitetinin filologiya fakültəsində təhsil alır.

   Əmək fəaliyyətinə “Bakı kommunisti” qəzetində müxbir kimi başlayır. Sonra Bakı kinostudiyasında işə qəbul olunur. Ssenari şöbəsinin redaktoru, xronikal-sənədli və elmi-kütləvi filmlər birliyinin baş redaktoru vəzifələrində çalışır.

   O, ədəbi fəaliyyətə tələbəlik illərində başlayır. Kinoşünas, Əməkdar incəsənət xadimi Aydın Kazımzadə araşdırmalarında yazır ki, 1951-ci ildə “İnqilab və mədəniyyət” jurnalının 10-cu nömrəsində Əhmədağa QurbanovunBiz qol çəkirik ki...” hekayəsi dərc olunur. Daha sonra onunVicdan”, “Şəhriyar əfsanəsi”, “Şikəstə”, “Gecikmiş etiraf”, “Dağ-dağa söykənər”, “Tikanlı məftillər”, “Çobanbayatı”, “Ömürdən yeddi yarpaq” və s. əsərləri nəşr olunur.

   Əhmədağa Muğanlı kinostudiyada işlədiyi dövrdə çoxlu sayda bədii və sənədli filmin redaktoru olub. “O olmasın, bu olsun”, “Qızmar günəş altında”, “Koroğlu”, “Böyük dayaq”, “Əhməd haradadır?”, “Dədə Qorqud”, “Xoşbəxtlik qayğıları”, “Sevinc buxtası”, “Arxadan vurulan zərbə”, “Babək”, “Qızıl uçurum”, “Nizami” və “Əlaqə” bədii filmlərinin ssenarisi onun redaktor qələmindən keçib. O, eyni zamanda otuza qədər sənədli filmin - “Alagöz yaylağında”, “Muğanın dastanı”, “Çobanbayatı”, “Vətən sizə arxalanır”, “M.F.Axundov”, “Sabir”, “Nizami”, “Mən sərhədçiyəm” və s. ssenari müəllifidir. Bu ekran əsərlərində ölkəmizin keçmişibu gününə işıq tutulur, xalq qəhrəmanlarımızın, sərhədçilərin, Azərbaycan ədəbiyyatı klassiklərinin, tanınmış əmək və elm xadimlərimizin həyatı bütün dolğunluğu ilə öz əksini tapıb.

   Sənətkarın ssenariləri əsasında “Dağlarda döyüş”, “Od içində”, “Doğma sahillər” və s. bədii filmlər çəkilib. Həmin ekran əsərlərində müəllif sərhədçilərimizin çətin, lakin şərəfli işindən, Vətən qarşısında xidməti borclarını sədaqətlə yerinə yetirmələrindən maraqla söz açır.

   Dağlarda döyüş” hərbi-vətənpərvərlik filmi Əhmədağa Muğanlının məşhur “Tikanlı məftillər” povesti əsasında ekranlaşdırılıb. Filmdə valideyn məhəbbəti ilə Vətənə və vəzifə borcuna sədaqətin qarşılığı yüksək sənətkarlıqla təqdim olunur, Vətənin hər şeydən uca tutulması filmin əsas qayəsinə çevrilir. Ekran əsərində müharibədə əsir düşən, sonra isə ölkədəki rejimin bəlalarından çəkinərək ana yurda qayıtmayan atanın illər sonra sərhəddə doğma oğlu ilə qarşılaşması çox təsirli verilir.

   Filmdə dövlət sərhədi pozulur, sərhədçilər hadisə yerinə gəlir. Atışma başlanır, sərhədçilərdən biri yaralanır. Məlum olur ki, sərhədi pozan qaçaqmalçılardan biri - Sərxan (Rza Əfqanlı) sərhədçi Fərruxun (Şahmar Ələkbərov) atasıdır. Fərrux qacaqmalçını təqib edir, onlar əlbəyaxa olurlar. Hər ikisiyorulur, bir-birindən aralı daşın üstündə oturub mübahisə edirlər. Fərrux Sərxanla nə qədər acıqlı danışırsa, Sərxan bir o qədər mülayimmehriban davranır... Tamaşaçı bu inandırıcı kadrlara baxdıqca bir anlığa bunun kino olduğunu belə unudur, hesab edir ki, baş verənlər gerçək həyatdır.

   Dağlarda döyüş” sənətkarın böyük kinoda ilk, “Doğma sahillər” filmi isə son işi olub. Siyasi-detektiv janrında çəkilən bu filmlər sərhədçilərin həyat tərzi və qəhrəmanlıqlarından bəhs edir. Müəllifdən bu mövzuda əsərlərinin uğurlu alınmasının sirrini soruşanlara belə deyib: “Mən sərhəd rayonunda böyümüşəm. Gözümü açıb sərhəd, sərhədçi görmüşəm. Tale elə gətirib ki, 1944-1946-cı illərdə sərhəd qoşunlarında qulluq etmişəm. Sərhədçi həyatının çətinliyini, romantikasını və Vətənin keşikçisi olmaq şərəfini yaşamışam. Əlbəttə, mən belə bir mövzudan yan keçə bilməzdim”.

   1977-ci ildə Əhmədağa Muğanlının “Çobanbayatı” adlı povesti işıq üzü görür. Bir müddət sonra povestin motivləri əsasında “Qocalar, qocalar” bədii televiziya filmi çəkilir. Əsərin qəhrəmanı çoban Bəhri ömrünün çox hissəsini doğma kəndində keçirib, təsərrüfatla məşğul olub... Şəhərdə yaşayan, yaxşı vəzifələrdə çalışan oğlanları onu illərlə alışdığı geniş çöllərdən ayırıb şəhərə gətirirlər. Ancaq Bəhri şəhər həyatına uyğunlaşa bilmir, doğma kəndi, mehriban camaatı və tütək səsi üçün darıxır. Nəhayət, günlərin birində doğma dağ kəndinə və həmyerlilərinin yanına qayıdır. Özünü güclügümrah hiss edir...

   1985-ci ildə Əhmədağa Muğanlı ilə Xalq şairi Süleyman Rüstəmin ssenarisi əsasında el qəhrəmanı Qaçaq Nəbidən bəhs edən “Atları yəhərləyin” adlı bədii film çəkilir. Ekran əsəri SSRİ Dövlət Kinematoqrafiya Komitəsi tərəfindən ümumittifaq ekranlarında nümayiş üçün qəbul olunur. Rus dilinə dublyaj olunmaq üçünMosfilm” kinostudiyasına təqdim edilir. Ancaq film xeyli müddət ekrana buraxılmır. Buna səbəb isə Ermənistandan Sov.İKP MK-ya, SSRİ Dövlət Kinematoqrafiya Komitəsinə filmin əleyhinə onlarla etiraz məktubunun göndərilməsi olur. Bildirilir ki, Qaçaq Nəbi guya “ermənilərin düşməni olub, erməni kəndlərinin mal-mülkünü talayıb Türkiyə və İran feodallarına verib”. Mənfur erməniləri ovundurmaq, filmi xilas etmək üçün Qaçaq Nəbi və Həcərin adlarının dəyişdirilməsi təklif olunur. Filmin müəllifləri isə buna razı olmurlar. Tarixçilərimiz işə qarışır və mübarizə aparmalı olurlar. Nəticədə ermənilərin xətrinə dəyməsin deyə, filmin tirajı azaldılır. Bütün bunlara baxmayaraq, film ümumittifaq ekranlarına buraxılır. Sonra kinolent nəinki Azərbaycanda, həm də digər respublikalarda böyük uğur qazanır. 1986-cı ildə filmin yaradıcı qrupu, o cümlədən Əhmədağa Muğanlı respublika Dövlət mükafatına layiq görülürlər.

   Həyatını xalqımızın tarixinə, mədəniyyətinə, ədəbi fikrinin zənginləşdirilməsinə və təbliğinə sərf edən sənətkar ömrünün sonlarında ağır xəstələnir, bitirəcəyi işləri yarımçıq qalır. Tanınmış yazıçı-kinodramaturq 2001-ci ilin 4 avqustunda haqq dünyasına qovuşur.

  

   Savalan Fərəcov

 

Mədəniyyət.- 2013.- 2 avqust.- S. 15.