Dünəndən sabaha ekran həyatı

 

Azərbaycan Kinosu Günü qeyd olundu

  

   2 avqust 2013-cü il. Saat 18 radələri. Nizami Kino Mərkəzinin qarşısındayam. Adi günlərdən fərqli olaraq burada qələ-bəlik var. Səbəbi də bəllidir... Hər bir hadisənin əvvəli bir tarixdən başlanır. Bizim kinonun da tarixi 2 avqust 1898-ci il-dən yazılmağa başladı. Azərbaycan kinosu 115 illik bir yol qət edərək növbəti yubileyini qeyd edir.  

   Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının birgə təşkilatçılığı ilə Niza-mi Kino Mərkəzində keçirilən bayram tədbirinə kino ictimaiyyətinin tanınmış simaları, mədəniyyət və incəsənət xadimlə-ri, kinosevərlər, çoxlu media mənsubları təşrif buyurub. Həmkarlarım sevimli aktyorlarımızın, kino işçilərinin bayram təbriklərini, eləcə də ilk təqdimatı keçiriləcək “Dərvişin qeydləri” filminin yaradıcı heyətinin fikirlərini lentə alırlar. Fo-yedəki monitorlarda “Dərvişin qeydləri” filmindən kadrlar nümayiş olunur, filmin çəkilişlərini zamanın yaddaşına köçür-müş fotosərgi də maraqla qarşılanır.

   Biz də fürsətdən istifadə edib sənətkarlarımızın ürək sözlərini eşitmək istəyirik.

  

   Bayram gününün ürək sözləri

  

   Xalq artisti Rasim Balayev: “Bu gün Azərbaycan kinosunun ad günüdür. Arxaya çevrilib ötən illərə nəzər salanda, çəki-lən filmlərimiz, dünyasını dəyişən aktyorlarımız gözlərimiz qarşısında canlanır. Bizim nəsil kino üçün nələr etdi, bunu ta-maşaçı daha yaxşı bilir. Bu gün isə kinomuz inkişafa doğru gedir və bu hamımızı sevindirir. Düzdür, son vaxtlar teleka-nallarda nümayiş olunan seriallar vətəndaşlarımızı qane etmir, amma zaman özü bu problemi həll edəcək. Bu sahə də za-manla inkişaf edib bişəcək. Bütün həmkarlarımı təbrik edir və yeni-yeni filmlərlə bizləri sevindirmələrini arzulayıram”.

   Əməkdar incəsənət xadimi, rejissor Ramiz Həsənoğlu: “Keçmiş var, bu gün var və gələcək var. Bizim keçmişimiz bu gündən asılı olmayaraq gələcəyimizə ümidlə baxmağa mövzu verir. Mən kinomuzun gələcəyinə böyük ümidlərlə baxıram. Arzu edirəm ki, Azərbaycan kinosu dünya kinematoqrafiyasında öz layiqli yerini tuta bilsin”.

   Əməkdar incəsənət xadimi, kinoşünas Aydın Kazımzadə: “Böyük bir bayramdır. Kino işçilərinin peşə bayramı. Bu bay-rama alnıaçıq gəlirik. İstər kinoşünaslıq, istərsə də yaradıcılıq sahəsində. Arxivə nəzər salanda kinomuzun hansı yollardan keçdiyinin şahidi oluruq. Görün, Nizami Kino Mərkəzində nə qədər insan toplaşıb. Bu insanlar kinomuzda əməyi keçən, ömürlərini bu sahəyə həsr edən, kinomuzu yaşadan və gələcəyə aparanlardır. Hər kəsi təbrik edirəm”.

   Xalq artisti Amaliya Pənahova: “Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsi başda olmaqla, bütün kino işçilərimizi təbrik edirəm. Bu gün kinomuza yeni qüvvələr, gənc nəsil cəlb olunub. Onların istedadını nəzərə alaraq düşü-nürəm ki, Azərbaycan kinosunun sabahı parlaqdır”.

   Xalq artisti Həmidə Ömərova: “İncəsənətin bütün sahələrində olduğu kimi, kinoda da istedadlı gənclər var və onlar kine-matoqrafiyamızı inkişaf etdirib gələcək nəsillərə çatdıracaqlar. Bütün ssenaristlərə, kinorejissorlara, aktyorlara, bu sahədə çalışan hər kəsə uğurlu yol arzulayıram”.

  

   Dövlətin diqqət və qayğısı sayəsində kinomuz inkişaf edir

  

   Artıq tədbirin başlanmasına sayılı dəqiqələr qalır. Mərasim Azərbaycan kinosunun uğurlarını əks etdirən videofilmin nümayişi ilə başlanır. Videofilmdə son illərdə kinomuzun qazandığı nailiyyətlər, Azərbaycan Respublikası Kinematoqraf-çılar İttifaqının keçirdiyi tədbirlər, Dövlət Film Fondunun fəaliyyəti öz əksini tapıb.

   Sonra çıxış üçün mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev səhnəyə dəvət olunur. O, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin təbrikini kino ictimaiyyətinə çatdırdıqdan sonra Azərbaycan kinosunun son 10 ildə əldə etdiyi uğurlardan söz açır.

   Bildirilir ki, 115 illik tarixi ərzində kinomuzun parlaq, eyni zamanda, çox problemlər yaşayan dövrləri də olub: “Lakin son on il kino sahəsinin addım-addım zənginləşən, yenidən qurulan, dirçəldilən, inkişaf etdirilən və bu gün çağdaş nailiy-yətlərlə zəngin olan dövrünə təsadüf edir. Müqayisə etsək, görərik ki, əgər 2003-cü ildə Azərbaycan kinosuna milyon ya-rım manat vəsait ayrılmışdırsa, hazırda bu məbləğ 7 milyon manat təşkil edir. 2003-cü ilə qədər Azərbaycanın kino səna-yesində il ərzində 3-4 film çəkilirdisə, son on ildə “Azərbaycanfilm” kinostudiyasında 70-dən çox tam və qısametrajlı film çəkilmişdir. Sevindirici hallardan biri də odur ki, son illərdə Azərbaycan filmləri dünyanın 70-dən artıq ölkəsində 100-ə yaxın beynəlxalq festivalda nümayiş etdirilmişdir. Azərbaycan kinosu ilk dəfə olaraq xarici dövlətlərlə müştərək film çəkmək səviyyəsinədək yüksəlmişdir”.

   Nazir müavini onu da qeyd etdi ki, son illərdə Azərbaycan ilk dəfə olaraq dünya şöhrətli Kann kinofestivalında təmsil olunub. Ölkə Prezidentinin sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nın icrası istiqamətində mühüm işlər görülür: “Bunun nəticəsi olaraq 2009-cu ildə respublikamızda tək-cə regionda deyil, ümumən MDB məkanında ən böyük Film Fondu tikilib istifadəyə verilmişdir. Bu gün Dövlət Film Fon-dunun arxivində 65 minə yaxın film vardır. Fondun saxlanc yükü isə 650 min vahidə bərabərdir”.

   2010-cu ildə Nizami Kino Mərkəzinin əsaslı təmir-bərpadan sonra dövlət başçısı İlham Əliyev tərəfindən açılışının keçi-rildiyini xatırladan nazir müavini C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının yenidən qurulması üçün tədbirlər görüldüyünü bildirdi. Qeyd olundu ki, “Azərbaycanfilm”in 90 illik yubileyi ərəfəsində kinostudiyanın yenidən qurulması ilə bağlı Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın bilavasitə iştirakı ilə Fransanın “STM” şirkəti ilə danışıqlar aparılıb. Hazırda layihə sənədlərinin ha-zırlanması istiqamətində müvafiq addımlar atılır.

   Dövlətimizin kino sahəsinə daim diqqət göstərdiyini deyən Ədalət Vəliyev kino xadimlərinin fəxri adlara, Prezident tə-qaüdünə, orden və medallara layiq görüldüklərini vurğuladı.

  

Kino veteranlarına mükafatlar təqdim edildi

  

   Sonra Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Şəfiqə Məmmədova səhnəyə çıxaraq bayram münasibətilə tədbir iştirakçılarını təbrik etdi. İttifaq tərəfindən “Azərbaycanfilm”in 90 illiyi ərəfəsində 20-dək ki-no veteranının pul mükafatı və diplomlara layiq görüldüyünü bildirdi. Sevda Kazımova (“Salnamə” studiyası), Lalə Məm-mədova (“Mozalan” kinojurnalı), Leyla Bəsirzadə, Sevda Əkbərova (hər ikisi Dövlət Film Fondu), Xədicə Hacıyeva, Ja-netta Hüseynova, Elman Əliyev, Akif Mustafayev (“Azərbaycanfilm”) və digərlər təltif olunanlar bayramın ikiqat sevinci-ni yaşadılar.

   Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının ötən il təsis etdiyi Milli Kino Mükafatının 2013-cü il üzrə lau-reatı isə Xalq artisti, qocaman kino xadimi Ələddin Abbasovdur. Mükafat sənətkarın qızına təqdim edildi. O, göstərilən böyük diqqət və qayğıya görə atasının adından Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqına, Mədəniyyət və Tu-rizm Nazirliyinə təşəkkürünü bildirdi.

  

   “Dərvişin qeydləri”: həyəcan və sevinc

  

   Zalda əyləşənlər sırasında bayram hisslərini yaşamaqla bərabər, həyəcan keçirən və öz yeni işlərini təqdim etməyə ha-zırlaşanlar var. Onlar Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə 2013-cü ildə C.Cabbarlı adına “Azərbaycanfilm” ki-nostudiyasında istehsal edilmiş “Dərvişin qeydləri” filminin yaradıcılarıdır.

   Filmin yaradıcı heyəti səhnəyə dəvət olunur.

   Quruluşçu rejissor, Xalq artisti Eldar Quliyev tədbir iştirakçılarına təşəkkürünü bildirir və qeyd edir ki, hər film həmişə yeni bir imtahandır: “Rejissor öz fikrini ekranda göstərir və istərdim ki, filmlə bağlı fikirləri tamaşaçılardan eşidəm. Filmdə təsvir olunan hadisələri konkret ünvanda axtarmaq lazım deyildir. Əsər müasirdir və filmdə təsvir olunan hadisə-lərlə, faktlarla, çox təəssüf ki, müasir zamanda da rastlaşırıq. Amma heç kim bu filmdə baş verən hadisələri real qəbul et-məsin. Çünki bu hadisələr ssenari müəlliflərinin təxəyyülünün məhsuludur və tamaşaçılar filmə baxdıqdan sonra tarixlə film arasında uyğunluq axtarmasınlar”.

 

  İşıqlar sönür və yeni film ekrana gəlir...

 

   “Dərvişin qeydləri” XIX əsrin əvvəllərində Azərbaycan xanlıqlarının süqutu ərəfəsində baş verən hadisələrdən bəhs edir. Hadisələr Azərbaycanın ikiyə bölünməsi dövrünə təsadüf edir. Filmin özəlliyi ondan ibarətdir ki, Azərbaycan kinosu tari-xində tarixi-detektiv janrında çəkilmiş ilk ekran əsəridir və kiçik bir səhnəni çıxmaq şərtilə, filmdə qadın rolu yoxdur.

   Filmin ssenari müəllifləri Eldar Quliyev və İlqar Fəhmi, quruluşçu operatoru Yuri Varnovski, quruluşçu rəssamları Mais Ağabəyov, Əziz Məmmədov, bəstəkarı Xalq artisti Siyavuş Kərimi, icraçı prodüseri Vladimir Dudniçenkodur. Rollarda xalq artistləri Fuad Poladov, Cəfər Namiq Kamal, əməkdar artistlər Pərviz Məmmədrzayev, Şövqi Hüseynov, Qurban İs-mayılov və başqaları çəkiliblər.

   Nümayişdən sonra yaradıcı heyət üzvlərinin fikirlərini öyrəndik.

  

   “İndi söz tamaşaçınındır”

  

   Bəstəkar Siyavuş Kərimi: “İlk tarixi-detektiv janrda çəkilmiş filmdə əməyimin olması məni sevindirir. Eldar Quliyevlə artıq 5-ci filmimizdir və düşünürəm ki, birgə əməkdaşlığımız bundan sonra da davam edəcək. Film maraqlı obrazlarla zəngindir, aktyor ansamblı da gözəldir. Burada görkəmli aktyorumuz Fuad Poladovun rolunu ön plana çəkmək istərdim. Mən də çalışdım ki, öz musiqimlə filmin anlarını daha da təsirləndirim və gücləndirim. Əlbəttə, son söz tamaşaçınındır”.

   Dərviş rolunun ifaçısı Pərviz Məmmədrzayev: “Hər rolda özümü bir az qəribə hiss edirəm. Çalışıram ki, özümə oxşama-yım, amma nə qədər olmasa da, həm də özüməm. Bu obrazın da öhdəsindən gəlməyə çalışmışam”.

   Xan oğlunun lələsi Abdal Kərim rolunu ifa edən Qurban İsmayılov obrazı belə xarakterizə edir: “Abdal Kərim sədaqətli bir insandır. Xan oğlu anadan olandan həmişə onun yanında olub, əziyyətini çəkib. Öz övladı olmadığı üçün xanın oğlunu doğma balası hesab edib. Varisin öldürülməsi hamıdan çox ona təsir edir. Xan oğlunun öldürülməsinə dözə bilmir, havala-naraq dəli olur. Ümumilikdə filmdəki obrazların hər birinin özünəməxsus keyfiyyətləri var. Bütün heyət çalışdıq ki, rolla-rımızın öhdəsindən bacarıqla gələk”.

   Filmin ikinci rejissoru Elman Qasımov: “Məncə, ssenaridəki obrazlar çox yaxşı düşünülmüşdür. Uzun illərdir çalışdı-ğım kinostudiyada ilk dəfə idi ki, tarixi-detektiv janrında film çəkilib və bu işdə mənim də adımın yer almasına sevini-rəm. Filmdə bədii tərtibat və musiqi gözəl alınıb. Aktyor heyəti də üzərinə düşən işin öhdəsindən gəlməyə çalışıb. İndi söz tamaşaçınındır”.

   Göründüyü kimi, filmin heyətini daha çox tamaşaçı rəyi maraqlandırır. Elə buna görə də filmi seyr etmək istəyənlər, Ni-zami Kino Mərkəzi sizin yolunuzu gözləyir.

   Bəli, sənət tarixi yaradanların, onu nəsildən-nəslə ötürənlərin dünənindən başlayır və biz də dünənki kinomuzu sevərək, bugünkü kinomuzu inkişaf etdirərək gələcəkdən yeni nailiyyətlər gözləyirik.

  

   Lalə Azəri

 

Mədəniyyət.- 2013.- 7 avqust.- S. 4-5.