Çəkilməmiş natürmort...
Ölməyə (də) qürbət
“yaxşı” mövzusunda...
Elə bilirsiz,
çəkə bilməzdi? Lap əntiqə çəkərdi!
Əntiq, antikvar, hətta antik üslubda rəsm
edərdi. Sözün, yazı-pozunun ifadə
edə bilmədiyi forma və məzmunda yaradardı. Elə
çəkərdi ki, elə bilərdin, bu da yeni bir sənət-turne
fəlsəfəsi, neo-səyyahi təkərdi - seçkin
ölümləri əbədi olumlayan bir yol gedir...
Çəkə bilərdi...
İntəhası nə
biləydi, işlər belə işləyəcək, tale belə
yollaşacaq. Ata-babaları bu dünyaya - doğal dahilik
zirvəsi olan Təbiətin canlı Şuşa
bölgəsində, özü Bakıda gəlmişkən,
o dün-yaya dahi rəssamlar ölkəsində gedəcək!?
Yarada
bilərdi...
Elə peyzajlayar, elə tablolayardı
ki, bu gün dünya muzeylərində baxışlarla “qoxulanan”
gül-çiçək, zövqlərlə “yeyilən”
nar-bar natürmortları ilə müqayisədə bir “Alma”nın
yarıları kimi görünərdi. Elə portretləyərdi
ki, sənət aləmi vüsalına yetməmiş o yaxıların
məna-məzmun eyhamları mənim (əslində sözün!)
başlıqdakı “yaxşı”mı dəbbələyən
dırnaq işa-rələrini yandırıb-yaxardı!
Yazımı “elə
bilirsiz” iddiasıyla başladım, “bilin ki” hökmüylə
davam edim.
Bilin və agah olun
ki, bu qadir sənətkarlıq bizim böyük natürmort
bağbanımıza - surət-cə də portret görklü
Toğrulumuza məxsusdur. Yaşamca
çoxünvanlı, sənətcə hər yerli, doğum-milliyyətcə
azərbaycanlı Toğrulumuza. Sirli-sehrli fırçasıyla
bu dünyanı Kürəmi-zin özü kimi fırlanan,
şanlı Vətənini hələ təsis edilməmiş
“Bəşər TV” ilə “canlı yayım”la-yan Toğrul Nərimanbəyova!
Hələ əlli il
əvvəl yaratdığı “Nar” natürmortunu qırx il
öncə - tələbəlik illərimizdə ilk dəfə
görəndə, onun içindəki al qırmızı gilələri
də “görürdük”. Üz-qabığı sayaq qan-qanovuz,
Nargilə qızlarımız, Qaragilə gəlinlərimiz kimi
məlahətli, dünya brendli, “made in Azərbay-can, Bakı,
Göyçay”lı gilələri!
Deməzsizmi, elə
“surətcə portret görklü” deyimim də o vaxtlara məxsusdur.
Biz Bəh-lulzadə ilə Toğrul Nərimanbəyovun
sifətlərini canlı portretə bənzədirdik. Hələ onların sə-nət baxışlarını,
digər xarakterik keyfiyyətlərini də müxtəlif rənglər
üzrə təsnifatlaşdırır, mübahisə-müzakirələrimizdə
ikisinin birlikdə və hər birinin ayrı-ayrılıqda xəyali
portretlə-rini yaradırdıq.
Onun rəngləri
çox, hamısını yazı meydanına çəkmək
isə qeyri-mümkün. Hələ bunlar azmış
kimi, birini də özümdən “icad” etmişəm:
Mənsubiyyət
rəngi...
Bu zəngin
rəngin tərkibi yanar can, qaynar doğma
qan! Yuxarıda işlətdiyim bir qədər
abstrakt anlamlı epitetlər içərisindəki “hər
yerli” ifadəsinə dair müxtəsərcə bir sərf-nəzər.
Yeri gəlmişkən, bu mükəmməl abstraksionizm ustadı
haqda danışıb-yazarkən də abstraktçılıqdan,
sözün qanadlığından, vurğunluq fanatçılığından
qaçmaq olmur: fikir, təfəkkür, sənətkarlıq
zirvələrinin elə bir həddi də var ki, insan ora (ona)
çatanda hər hansı bir coğrafi-toponimik məkana, etnik
qrup-topluma sığmır - insan haralı yox, hər yerli
olur. Beləliklə, kökəncə şuşalı, doğumca
bakılı, vətəndaşlıqca ikili (Azərbaycan,
Fransa), düşüncə-daşıncalıqca vəsfi-sənətdaşlıq,
qloballıq olan Toğrul Nərimanbəyovu təkcə
“öz rəngimiz”də görmək, təsəvvür etmək
qeyri-mümkün.
Hərdən təkrarçılığın
özü də yenilik təsiri verir: bu təkrarsız sənət
yaradıcısının sir-si-fəti böyük Yaradanın
qələmiylə çəkilmiş tanrısal portretə
- rəsm əsərinə bənzəyir. Düz-dür,
bütün dahilərin yaratdığı bütün surətlər
Allahın yaratdıqlarının yanından yel olub ötə
bilməz. Amma ulu Tanrının yaratdığı
milyardlarla fərdilik, fərqlilik, rəngarənglik içəri-sində
özünə hamıdan bir köynək yaxın dahilərin
yaratdıqlarına bənzəri də olur. Özü də
bu kişi daha çox - lap qədimlərdə
adına “Günəş” dediyimiz, dünyanı gəzib-dolaşıb
üstü-müzə “quaş” assimilyasiyası ilə qayıtmış
rənglə rəsm edilib. Tər-təmiz, hər tür
türkücə “işləndiyindən”, can “materialı” nə
qədər ümumbəşəridirsə, düzgü-cizgiləri
bir o qədər Azərbaycan, Turan mayalıdır.
Ənənəvi
rəngləri
Bu rənglər, əslində,
ona da məxsus bütün rənglərin əzəl-özülüdür.
Ona məxsus hər şey - cəmi-sənət
peykləri məhz bu planet ətrafında - fırça
çevrəsində fırlanır. Onun
is-tedad təndiri o qədər istiydi ki, odlu kürəsində
bişməmiş nəsnə qalmırdı. “T.N” imzalı bu fırçadan rəng içən
güllər, çiçəklər, kollar, ağaclar,
gözəllər, göyçəklər nə qədər
bizimdir-sə, o qədər də hamının - bəşəriyyətindir.
Hələ erkən gəncliyində memarlıq İçərişəhərin-dən
“düzəltdiyi” rəssamlıq İçərişəhəri
silsiləsində, bir az sonralar abidələr Səmərqəndin-dən
çəkib-cizgilədiyi ornamentlərdə, “Sifətlər
rapsodiyası”nda, daha sonralar Avropanı, Fransanı avropalılara,
fransızlara ecazkar bir “kənar baxış”la təqdim etdiyi
rəsmlərində sənət ilə bərabər,
özünün də nələrə qadir olduğunu bir daha
təsdiq etdi.
T.Nərimanbəyov
yaradıcılığında qırmızı rəng hər
əsər-“məclis”in başındadır. Lakin di-gər rənglər də ayaqda-aşağıda
deyil. Yoxsa onun “Səma”sı, “Sünbüllər”i,
“Çiçəklər”i kö-nüllərə sənət
gülabı çiləməzdi. Fidan
“Körpələr”i, qızıl “Gözəllər”i, qırış-quruş
“Qocalar”ı polifonik şərqilər oxumazdı.
Onun fırçasında
mavi rənglər dan üzü kimi ağarışır,
göy rənglər göyərçinlər tək göyə-rişir,
sarılar süsən-sünbüllər sayaq kəhrəbalaşır.
Yaşıllar sevgililərdi - baxışlara
sarma-şır. Hələ - mövzunun yamanına
işlənəndə şərləşən, yaxşısına
işləyəndə ərləşən qara rənglər!..
Onun əsərləri arasında
“bütün bunlardan sonra...” ehtimallı nümunələr də
az deyil. Onun abstraksiyaları
ikinci, üçüncü zənddə gözlər qarşısında
yeni-yeni aləmlər açır. Hər növbəti
baxışda növbəti bir qənimət! Və bu əsərlər
nə qədər millidirsə, o qədər də Re-nuar dilli,
İvanov, Brüller, Van Qoq əsilli tamaşaçılarlıqdır...
Onun “xarakter”, “söz” , “duyğu”,
“uyğu” və sair rəngləri də var ki, onların cəmi-cümlə-sini
iki kəlmə -
Aləm
rəngləri
ilə ifadə etməli oluram. Bu mənəvi rənglər də parlaqdır, seçkindir, bütövdür, emosio-nallıq plastikası ilə bahəm, kəskindir. Bütün bunlar konkret əsərlərindən fərqli olaraq, onun daxili aləminə lap yaxından bələd olanlara daha tez çatır, tamaşaçıları, dostları, tanış-bilişləri, həmsöhbətləri tərəfindən əlbəəl sezilir.
“T.N”-də adama bir qədər gec çatan, dərhal sezilməyən rənglər də az deyil. Məsələn? SSRİ və Azərbaycanın Xalq rəssamı, Dövlət mükafatları laureatı, neçə-neçə orden-me-dal sahibi, bu ilin 2 iyununadək hər ilin altı ayını yaşadığı (həmin tarixçədən əbədiyyətə-cən uyuyacağı) Parisdə necə yüksək mərtəbədə tutulduğunu onun öz dilindən eşidən olubmu? Amma atasının Şuşada doğulmasından, Xalq Cümhuriyyəti hökuməti tərəfin-dən Avropaya oxumağa göndərilməsindən, Tuluzada təhsil alıb, energetik-mühəndis ki-mi vətənə dönməsindən, özgür bir milliyyətçi kimi repressiya qurbanı olmasından iftixar-la danışırdı. Onun şəxsiyyət formulası, qırım-durum elementləri ev-eşiyində də, küçədə, efirdə də daimi bir pedaqoqluq təlqin edir, nümunəvilik, ağsaqqallıq saçırdı. Onun baxı-şına baxan, yeriş-duruşunu seyr edən, sözünün karına, səsinin tonuna diqqət kəsilən hər kəs kəsdirirdi ki: nə olar, nə olmaz...
Onun muğamata, klassik musiqiyə rəğbətini, insanlara təbəssüm dolu məhəbbətini duymuşdunuz yəqin... Xalq mahnılarımızı, bəzi operalardan ariyaları necə hallı-milli, hancarı “kəndçisayaq”, necə müasir Avropayanə oxumalarına uymuşduz yəqin...
Onun çox gec-gec açılan söz-fikir mücrüsü, düşüncə tərzi də obrazlı rənglər qalereya-sı timsalında idi. Nə desə, “nədən?” sorulmazdı. Kiməsə nəsə ərz etsə, “niyə?” doğul-mazdı. Sözlərindən doyulmazdı. Məsələn:
- Neçə illərdi Teymurlənglə bağlı eskizlər hazırlayırsız, bəs əsər nə vaxt başa gələ-cək?
- Həmin eskizlər Teymurləng miqyasına çatanda...
- Azərbaycanın harası daha çox möcüzəvidir?
- Sualın qoyuluşunu dəyişdirin: Azərbaycanın harası möcüzəvi deyil?
- Bu gün Sizə Şuşaya getmək təklif olunsaydı...
- Yox, Şuşaya təklif ilə, yaxud qonaq kimi getmərəm. Mən oraya - onun sahibi kimi gedəcəyəm!..
Sözüm-sovum onun rəngləri qədər rəngarəng olsaydı, hələ yazmağa davam edər-dim...
Allah rəhmət eləsin, qürbətdəki qəbri rəsmlərindəki rənglərin nuruna boyansın...
Tahir Abbaslı
Mədəniyyət.- 2013.- 7
avqust.- S. 12.