“Əkinçi”nin
Qarabağ üzrə müxbiri
XIX əsrin ikinci yarısında Azərbaycan
ictimai, ədəbi-mədəni və mətbu fikrinin
formalaş-masında böyük rol oynayan “Əkinçi” qəzeti
(1875-1877) çoxəsrlik mədəniyyət tariximizdə
yeni bir səhifə açıb. Görkəmli maarif xadimi Həsən
bəy Zərdabinin təşəbbüsü ilə
xalqımızın gələcək ideallarının
gerçəkləşməsinə yönələn ilk
milli qəzetin nəşri təkcə Azər-baycanda deyil,
ümumilikdə müsəlman Şərqində böyük
maraqla qarşılanmışdı.
Çar Rusiyasında yaşayan
türkdilli xalqlar da “Əkinçi”nin nəşrini
alqışlayır, ona maddi və mənəvi dəstək
olmağa çalışırdılar. İlk mətbu salnaməmizin
formalaşması və inkişafı naminə
Şamaxıdan Seyid Əzim Şirvani, Məhəmməd
ağa Əlizadə, Tiflisdən Mirzə Fətəli Axundzadə,
Dərbənddən Heydəri, Moskvadan Nəcəf bəy Vəzirov,
Əsgər ağa Gorani kimi onlarla görkəmli qələm
sahibi qəzetlə əməkdaşlıq edir, onu mövzu və
ideya baxımından zənginləşdirirdilər.
O zaman Qarabağ bölgəsinin,
xüsusilə də Şuşanın maarifçi
ziyalıları da “Əkinçi” ilə sıx əlaqə
saxlayır, qəzetin nəşri üçün ciddi səy
göstərirdilər. Etnoqraf-jurnalist Ənvər
Çingizoğlunun araşdırmalarında bildirilir ki, “Əkinçi”nin
Qarabağ bölgəsi üzrə müxbiri
dövrünün tanınmış şairlərindən
sayılan Məhəmmədəli bəy Məxfi (1821-1892)
olub.
Məhəmmədəli bəy Məşədi
Əsədulla oğlu Vəliyev (Məxfi) 1821-ci ildə
Şuşada doğulub. Erkən yaşlarından elmə-təhsilə
maraq göstərib. Atası onun bu həvəsini nəzərə
alaraq oxuması üçün böyük səy göstərib.
O, əvvəlcə mədrəsədə təhsil alır,
sonra fərdi qayda-da rus və fars dillərini mükəmməl
öyrənir. Bu maraqlı ziyalı haqqında başqa mənbələrdə
də məlumata rast gəlinir.
Məşhur “Təzkireyi-Nəvvab” toplusunda Mir Möhsün Nəvvab yazır ki, Məhəmmədəli bəy Məxfinin qarabağlılara məxsus şaqraq səsi-avazı varmış. Şairlik istedadı olan Məxfi şeir və qəzəl söyləməkdə başqalarından heç də geri qalmayıb. “Məxfi” təxəllüsü ilə klas-sik üslubda Azərbaycan və fars dillərində onlarla əsər yaradıb. Şuşada fəaliyyət göstə-rən “Məclisi-üns” və “Məclisi-fəramuşan” ədəbi məclislərinin üzvü olub. Aşiqanə ruhlu şeirlərdən ibarət divanı və “Əhvalati-Qarabağ” adlı tarixi əsəri günümüzə qədər gəlib ça-tıb. Mir Möhsün Nəvvab təzkirəsində Məhəmmədəli bəy Məxfinin Molla Vəli Vidadinin nəvəsi olmasını da vurğulayıb.
Məhəmmədəli bəy gənc yaşlarından Şuşada, Tiflisdə, İrəvanda, Şamaxıda və Bakıda dövlət idarələrində çalışıb. Bu şəhərlərin ədəbi mühiti ilə sıx ünsiyyət yaradıb. O, müxtəlif vaxtlarda tərcüməçilik sahəsində də fəaliyyət göstərib. Rus ədəbiyyatından dilimizə, Azərbaycan ədəbiyyatı nümunələrindən isə rus dilinə tərcümələr edib. Çalışdığı idarələr-də yüksək bacarıq nümayiş etdirdiyinə görə ona titulyar müşaviri (çar Rusiyasında mülki dövlət xidməti vəzifələri cədvəlində 9-cu dərəcəli çin, hərbi xidmətdə kapitan rütbəsinə bərabərdir - red.) vəzifəsi verilib.
Qeyd edək ki, “Əkinçi” qəzeti nəşrə başlayan dövrdə Məhəmmədəli bəy İrəvanda çalı-şırdı. Qəzetin sorağı İrəvan şəhərinə çatanda Həsən bəy Zərdabini ilk alqışlayanlardan biri də o olub. Həsən bəyə təbrikini şeirlə çatdırıb. Araşdırmalarda göstərilir ki, 1875-ci il noyabrın 18-də onun “Əkinçi” qəzetində İranda dövlət məmurlarının xalqın başına gətir-diyi müsibətlərdən bəhs edən yazısı dərc olunub...
Mir Möhsün Nəvvab təzkirəsində qeyd edir ki, Məhəmmədəli bəy Məxfi zəmanəsinin ariflərindən sayılırmış. Görkəmli maarifçi və ədəbiyyatşünas Firidun bəy Köçərli isə onu “Qarabağ şairlərinin ən möhtərəmi” adlandırıb.
O dövrün bir çox şair və ədibləri kimi, Məhəmmədəli bəy Məxfi də zəmanəsinin haq-sızlıqları, ziddiyyətləri ilə barışmayıb, həmişə vəfa və haqq-ədalətin sorağında olub:
Çox dolanıb, Məxfi, mən seyr elədim bu aləmi,
Yoxdu gördüm, mərdümi-aləmdə asari-vəfa.
Şairə görə, insan həyatında iki sevimli məqam yaşayır: dostun xoş həyatı və düşmə-nin ölümü. O kəs xoşbəxtdir ki, həyatında bunların hər ikisini yaşayıb. Pis olmasa, yax-şının qədri bilinməz. Yaxşıların varlığı pislərin xar olması deməkdir. Bütün bunlar Mə-həmmədəli bəy Məxfinin həyata baxış fəlsəfəsidir...
Onun yaradıcılığında yer alan ibrətamiz fikirlər bizə xalq hikmətini xatırladır: “Təmkinli olanın könlü qəm görməz”, “Eşqin təsiri hər yerdə var. Bax, aşiqlərin nəğməsi quşlara təlim olub”, “Müdrik o kəsdir ki, nadanın boş sözünə qulaq asmasın”, “Müdriklərin söh-bəti cənnət, ayrılığın dəhşəti cəhənnəmdir”, “Tarmar olsun o evlər ki, onun mehmanı yox”, “Ey qolu qüvvəli, zəiflərə özünü göstərmə”, “Şahinin sərçə ilə işi olmaz” və s.
Məhəmmədəli bəy Məxfinin mətbuat və ədəbiyyat tariximizdə xidmətləri, xüsusilə də “Əhvalati-Qarabağ” əsəri sistemli şəkildə araşdırılmayıb. Əsər o dövrdə mənfur erməni-lərin və çar məmurlarının Qarabağ elinin başına gətirdikləri müsibətlərdən bəhs edir.
Savalan Fərəcov
Mədəniyyət.- 2013.- 7 avqust.- S. 15.