“Nizami Gəncəvi Beynəlxalq mükafatı” üzrə münsiflər heyəti yaradılıb

 

   Dahi Azərbaycan şairi Nizami Gəncəvinin adını daşıyan “Nizami Gəncəvi Beynəlxalq mükafatı”nın müəyyənləşdirilməsi üzrə beynəlxalq münsiflər heyəti yaradılıb.

   Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsinin direktor müavini Samir Pişnamazzadənin verdiyi məlumata görə, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi idarə heyətinin təşəbbüsü ilə yaradılan münsiflər heyətinin fəxri sədri İordaniya Kraliçası Ülyahəzrət Nur, üzvləri isə Misirin məşhur İsgəndəriyyə Kitabxanasının direktoru və Nizami Gəncəvi Beynəlxalq Mərkəzi idarə heyətinin həmsədri İsmayil Seragəldin, Latviya Respublikasının sabiq Prezidenti Vayra Vike-Freyberqa, UNESCO-nun komissarı Valter Füst, Finlandiyanın sabiq Prezidenti Tarja Halonen, Gürcüstan Dövlət Universitetinin professoru Giuli Alasaniya, ABŞ-ın qlobal məsələlər üzrə xüsusi səfiri Melanne Verveer seçiliblər.

   Beynəlxalq münsiflər heyətinin ilk toplantısının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Bakıda keçirilməsi nəzərdə tutulub.

 

Mədəniyyət.- 2013.- 21 avqust.- S. 2.