Dahi şairə bağışlanan kəndin qalıqları tapılıb

 

   Gəncəyə yaxın ərazidə dahi Azərbaycan şairi Nizami Gəncəviyə hədiyyə edilmiş Həmənli kəndinin qalıqları aşkar edilib.

   Bu barədə məlumat verən Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun Gəncə ekspedisiyasının rəhbəri, tarix elmləri doktoru Arif Məmmədov bildirib ki, Həmənli (Həmidünya) adlanan kəndin Atabəylər dövlətinin hökmdarı Məhəmməd Cahan Pəhləvan tərəfindən dahi şair Nizami Gəncəviyə hədiyyə edilməsi haqqında məlumatlar şairin əsərlərində də qeyd olunub. Kənd şairə verildikdən sonra Qızıl Arslanın göstərişi ilə kəndə 5 kilometr uzunluğunda saxsı borularla su xətti çəkilmişdir. Arxeoloji qazıntılar zamanı bu borular üzə çıxarılıb. Bundan əlavə, ərazidə Nizaminin öz əsərlərində bəhs etdiyi “Şirin bulaq”, eləcə də bulaqdan təxminən 150 metr kənarda cəmi 7 qəbirdən ibarət olan qəbiristanlıq da aşkar edilib.

   Bir sözlə, qazıntılar zamanı aşkara çıxarılmış Nizami dövrünə aid maddi-mədəniyyət qalıqları, məmulatlar, metal əşyalar, ictimai binaların qalıqları onu deməyə əsas verir ki, tapılan kənd həqiqətən dahi Azərbaycan şairi Nizami Gəncəviyə bağışlanan Həmənli kəndidir.

 

Mədəniyyət.- 2013.- 21 avqust.- S. 2.