Müslüm Maqomayevin xatirəsi anılıb

 

   Avqustun 17-də görkəmli estrada müğənnisi, Azərbaycanın və SSRİ-nin Xalq artisti Müslüm Maqomayevin doğum günü münasibətilə xatirəsi yad olunub.

   Mədəniyyət və Turizm Nazirliyinin və Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin əməkdaşları, tanınmış mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri Fəxri xiyabana gələrək Müslüm Maqomayevin məzarı önünə əklil qoyub və tər güllər düzüblər.

   Anım mərasimində çıxış edən Xalq artisti Eldar Quliyev Müslüm Maqomayevin şərəfli ömür yolundan və bənzərsiz sənətindən söhbət açıb. Bildirib ki, fitri istedada malik sənətkar zəngin yaradıcılıq yolu keçib: “O, yaradıcılıq fəaliyyəti ilə ürəkdən məşğul olub. Yaşasaydı, bu gün 71 yaşı tamam olacaqdı. Biz Azərbaycan torpağında dünyaya göz açmış belə dahi musiqiçi ilə fəxr edirik”.

   Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxin Müslüm Maqomayevin özünəməxsus ifa tərzindən, zəngin yaradıcılığından və fitri istedadından söz açıb. Rusiyalı diplomat şəxsən özünün musiqi zövqünün Müslüm Maqomayevin yüksək istedadı və ifasının təsiri altında formalaşdığını dilə gətirib. Qeyd edib ki, dahi sənətkarın cismən aramızda olmadığı vaxtdan illər keçsə də, onun adı, yaradıcılığı nəinki unudulmur, əksinə yaddaşlarda daha da möhkəmlənir: “Müslüm Maqomayev yüksək sənətkarlığın etalonu olaraq qalmaqdadır. Onun adı, unudulmaz sənəti bu gün Rusiya və Azərbaycan arasında dostluğa və hörmətə xidmət edir. Müslüm Maqomayev Azərbaycan və Rusiya xalqları arasında tarixən formalaşmış dostluğun daha da möhkəmləndirilməsinə, ölkələrimizin mədəni əlaqələrinin inkişafına böyük töhfə verib”.

   Sənətkarın ömür-gün yoldaşı, tanınmış müğənni, SSRİ Xalq artisti Tamara Sinyavskaya anma mərasiminin iştirakçılarına təşəkkürünü bildirib. Diqqətə çatdırıb ki, Müslüm Maqomayev həmişə dostluqdan, məhəbbətdən danışıb: “O, vaxtilə deyirdi: “Azərbaycan mənim atam, Rusiya isə anamdır”. Xanım sənətçi bu gün böyük sənətkarın həmin fikrinə qoşulduğunu deyibisti yay günündə mərasimə toplaşanlara dərin təşəkkürünü bildirib.   

 

   * * *

   Tamara Sinyavskaya: “Müslüm Maqomayevin yoxluğu ilə heç vaxt barışmaq mümkün deyil

  

   Müslüm Maqomayevin yoxluğu ilə heç vaxt barışmaq mümkün deyil”. Bu sözləri Müslüm Maqomayevin ömür-gün yoldaşı, SSRİ Xalq artisti Tamara Sinyavskaya Fəxri xiyabanda jurnalistlərə müsahibəsində deyib. Müğənni bildirib ki, o, ciddi və məsuliyyətli sənətkar, əsl ziyalı, ləyaqətli insan idi.

   Tamara Sinyavskaya Müslüm Maqomayevin Mədəni-Musiqi İrsi Fondu tərəfindən oktyabrın 8-də Moskva Beynəlxalq Musiqi Evində “Sevimli artistə həsr olunur...” adlı konsertin də keçiriləcəyini deyib. Xalq artisti bildirib ki, konsertdə Vokalçıların Müslüm Maqomayev adına Beynəlxalq Müsabiqəsinin laureatları çıxış edəcəklər.

 

Mədəniyyət.- 2013.- 21 avqust.- S. 4.