“Qarabağ”
Macarıstanda ürəkləri fəth etdi
XIII Beynəlxalq mahnı və rəqs
festivalında ansamblın çıxışı
tamaşaçıların böyük rəğbətini
qazanıb
Avqustun 5-dən 17-dək Macarıstanın Göngöş şəhərində keçirilən XIII Beynəlxalq mahnı və rəqs festivalında Azərbaycanı Şuşa şəhərinin “Qarabağ” ansamblı uğurla təmsil edib. Ansamblın festivaldakı çıxışı yaddaqalan olub, tamaşaçıların böyük rəğbətini qazanıb. 25 nəfərlə festivala qatılan nümayəndə heyətinin hazırlığına rəhbərlik edən Şuşa Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Zahid Abbasov səfər təəssüratlarını bizimlə bölüşdü.
- Zahid müəllim, ilk əvvəl festivala dəvətiniz barədə danışaq.
- Bu ilin may ayında Macarıstanın Göngöş şəhəri ilə Şuşa şəhəri arasında qardaşlaşmaya dair saziş imzalanmışdı. Macarıstanda artıq 13 ildir ki, beynəlxalq mahnı və rəqs festivalı keçirilir və builki festivala qardaşlaşmış şəhər kimi Şuşanı da dəvət etdilər. Əslində, dəvət bizim üçün həm gözlənilməz oldu, həm də sevindirici. Şuşa Rayon İcra Hakimiyyəti beynəlxalq festival üçün qısa müddət ərzində Qarabağın musiqi sənətini əks etdirən zəngin proqram hazırlamağa nail oldu. Eyni zamanda kollektivə xüsusi geyim sifariş verdik. Geyimin üzərində ingiliscə “Mən Azərbaycanı sevirəm” və “Şuşa” sözləri həkk edildi.
- Festivalın gündəliyi və çıxışlarınız sizi qane etdimi?
- 12 gün davam edən festivalda Fransa, Kolumbiya, Braziliya, İndoneziya, Gürcüstan, Çin, Serbiya, Portuqaliya, Ukrayna, Yunanıstan və digər dövlətlər iştirak edirdi. Festivalın gündəliyi çox gərgin idi. Gün ərzində müxtəlif məkanlarda üç konsert verirdik. Proqramımıza xalq mahnıları, milli rəqslər və muğamlarımızı daxil etmişdik. Macarıstanın qəsəbələrində, əhalinin sıx toplaşdığı parklarda konsertlər təşkil edilmişdi. Axşam isə xüsusi ayrılmış səhnədə çıxışlarımız olurdu. Ölkələrin demək olar ki, hamısı öz dövlət rəqs ansamblları ilə təmsil olunurdu. Bizim gənc azərbaycanlı musiqiçilər Çin, Fransa, Serbiya, Portuqaliya, Macarıstan, Ukrayna, Yunanıstan və digər ölkələrdən gəlmiş ifaçılarla birlikdə müxtəlif konsert proqramlarında, habelə festivalın bağlanışındakı qala-konsertdə iştirak edərək, qeyri-adi ifaları ilə dinləyicilərin rəğbətini qazandılar. Deyərdim ki, elə ilk gündən tamaşaçıların diqqətini cəlb edə, festival müddətində öz auditoriyamızı yığa bilmişdik. Açılış günü hər kollektivə çıxış üçün qırx dəqiqə vaxt ayrılmışdı. Kollektivimiz Fransa və Çin ilə bir səhnədə çıxış etməli oldu. Düzü, böyük dövlətlərlə eyni səhnəni bölüşməyimizə görə qəlbimdə bir narahatlıq var idi. Nə qədər olmasa, onları dövlət ansamblları təmsil edirdi, biz isə kiçik bir şəhərin kollektivi idik. Amma hər şey gözəl alındı. İnanılmaz uğurla çıxış edən kollektivimiz daha çox alqışa layiq görüldü. Macarıstandakı səfirimiz Vilayət Quliyev də bu çıxışın nəticəsini səbirsizliklə gözləyirdi və kollektivin uğuruna bizim qədər sevinənlərdən biri idi.
- Festivala yollanmağınızda kimlər
sizə dəstək oldu?
- Festivala dəvətimiz barədə
Mədəniyyət və
Turizm Nazirliyinə məlumat verdik və nazirliyin dəstəyi ilə qatıldıq. Dağlıq
Qarabağın Azərbaycanlı
İcması İctimai
Birliyi, Şuşa
Rayon İcra Hakimiyyəti
bizə yardımçı
oldu.
- İştirakçı
dövlətlər arasında
Qarabağ problemi, ümumiyyətlə, Şuşa haqqında
məlumatı olanlar var idimi?
- Bilirsiniz ki, mədəniyyət işçiləri çox
zaman siyasətdən uzaq olurlar. Elə
bu səbəbdən də bizim problemimiz
barədə çox
az bilgiləri
var idi. Biz
özümüzlə Qarabağımızı,
Şuşanı tanıtmaq
üçün hazırladığımız
bukletləri, kitabları
aparmışdıq. Festival
çərçivəsində həmin bukletləri iştirakçı dövlətlərlə
yanaşı, bütün
tamaşaçılara paylayırdıq.
Çoxları belə bir münaqişənin olmasından
xəbərsiz idi.
Bağlanış günü
festivalın rəhbərliyi
böyük səhnədən
bütün iştirakçı
dövlətlər qarşısında
qeyd etdi ki, ən böyük
arzumuz Şuşa
şəhərinin azad
edilməsi və növbəti folklor bayramını məhz həmin şəhərdə
keçirməmizdir. Festival
rəhbərliyini vaxtilə
Şuşada keçirilən
“Xarı bülbül”
folklor festivalı haqqında da məlumatlandırdıq. Bacardığımız
qədər çalışırdıq
ki, qədim Azərbaycan şəhəri
Şuşa haqqında məlumatlar və Ermənistan silahlı qüvvələri
tərəfindən işğal
olunmuş Dağlıq
Qarabağla bağlı
həqiqətləri çatdıra
bilək. Mədəniyyətimizi nümayiş etdirməklə
yanaşı, qarşımızda
duran vacib məsələlərdən biri
də bu idi.
- İlk
dəfə idi ki, Şuşanı beynəlxalq festivalda təmsil edirdiniz. Nəticələrdən nə dərəcədə
razı qaldınız?
- Avqustun 10-u festival çərçivəsində
təşkil edilən
“Azərbaycan günü”
bizim üçün
daha da əlamətdar
oldu. Həmin gün xüsusi
konsert proqramı ilə çıxış
edən gənc sənətçilərimiz minlərlə
tamaşaçını ehtizaza
gətirərək, bitib-tükənməyən
alqışlar qazandılar.
Ənənəvi üçlüyün - tar, kamança və dəfin müşayiətilə
ifa olunan muğamlar, Qafqaz koloritini əks etdirən rəqslər macar tamaşaçıların
diqqətini xüsusilə
cəlb etmişdi.
Həmin
proqram Azərbaycanın
Macarıstandakı səfirliyinin
dəstəyi ilə həyata keçirilirdi.
Hətta
bizim uşaqların çıxışları və
ifa etdikləri musiqi nömrələri Braziliya və Serbiya nümayəndəliyi
tərəfindən xüsusi
olaraq CD şəklində
hazırlandı və
həmin ölkələrdə
yayımlanmaq üçün
bizdən icazə də alındı.
- Göngöşlə
Şuşa qardaşlaşmış şəhərlərdir.
Bəs Göngöşü Şuşayla
muqayisə edə bildinizmi?
- Bəli, gözəl şəhərdir.
Bənzərlikləri də çoxdur.
Tarixi abidələrlə zəngindir.
Onlar da öz abidələri,
tarixləri və şəhərləri üçün
çox narahatdırlar.
- İkinci dəfə festivala qatılsanız proqrama nələri əlavə edərdiniz və festivalla bağlı yekun fikirləriniz maraqlıdır...
- İkinci
dəfə getməli
olsaq tamam başqa yeniliklərlə
qatılmaq istərdik.
Baxmayaraq
ki, festival rəhbərliyi
çıxışlarımızdan tam razı qaldı, amma təbii olaraq yeni ideya
və fikirlər yarandı. Növbəti dəfə özümüzlə
sərgi aparmağı
da planlaşdırıram.
Festivalın son günü kollektivimiz
fəxri fərmanla təltif olundu. Bundan böyük sevinc ola
bilməzdi. Eyni zamanda, Göngöş şəhərinin meri Laslo Faraqo və
Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram
Səfərov arasında
keçirilən görüşdə
gələcək əməkdaşlıq
məsələləri müzakirə
olundu, merin başçılığıyla Göngöş nümayəndə
heyətinin bu ilin payızında Azərbaycana səfəri
ilə bağlı razılıq əldə edildi. Səfərimiz zamanı bizə
dəstək olan hər kəsə bir daha minnətdarlığımı
bildirirəm.
Lalə
Azəri
Mədəniyyət.- 2013.- 21
avqust.- S. 5.