“Məqsədimiz
peşə hazırlığını müasir
standartlara uyğunlaşdırmaqdır”
Qəbələ Turizm
və Hotelçilik üzrə Peşə
Tədrisi Mərkəzi dörd ildir ki,
respublikamızın turizm sektorunu
kadrlarla təmin edir
Ölkəmizdə turizm üzrə peşəkar kadrların çatışmazlığı hazırda bu sahənin əsas problemlərindən biridir. Bu problemi aradan qaldırmaq məqsədilə respublikanın turizm potensiallı rayonlarında turizm peşə məktəblərinin yaradılması nəzərdə tutulur. Azərbaycanın turizm mərkəzlərindən olan Qəbələ rayonunda isə Turizm və Hotelçilik üzrə Peşə Tədrisi Mərkəzi artıq dörd ildir ki, fəaliyyət göstərir. Mərkəzin direktoru Eyvaz Kazımovla söhbətimizdə burada həyata keçirilən tədris, kadr hazırlığı və s. barədə danışdıq.
Kadr
hazırlığı yüksək səviyyədə həyata
keçirilir
Eyvaz Kazımovun sözlərinə görə, zəngin mədəni-tarixi irsə və əlverişli təbii şəraitə malik olan Azərbaycanda turizmin inkişaf perspektivləri bu sahədə artan kadr tələbatının daha çevik şəkildə ödənilməsini tələb edir: “Məqsədimiz peşə hazırlığını müasir standartlara uyğunlaşdırmaqdır. Mərkəzimiz Azərbaycanda müasir avadanlıqlarla təchiz olunan, turizm və hotelçilik sahəsində fəaliyyət göstərən ilk peşə tədris müəssisəsidir. Tədris mərkəzi ölkə Prezidentinin sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında texniki-peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı»nın (2007-2012-ci illər) tələbləri çərçivəsində fəaliyyətə başlayıb. Proqramın əsas məqsədi respublikamızın inkişaf edən iqtisadiyyatında mühüm rol oynayan ixtisaslı kadr hazırlığının keyfiyyətinin yaxşılaşdırılması və peşə tədrisinin dünya standartlarına uyğunlaşdırılmasıdır. Qəbələ Turizm və Hotelçilik üzrə Peşə Tədris Mərkəzinin fəaliyyəti də bu istiqamətə yönəlib”.
Direktor qeyd etdi ki, tədris mərkəzində mehmanxana inzibatçısı, aşpaz-qənnadıçı, əməliyyatçı mühasib, kompyuter operatoru, aşpaz, ofisiant, barmen, bufetçi, mehmanxana qeydiyyatçısı peşələri üzrə kadr hazırlığı həyata keçirilir: “Kadr hazırlığını yüksək səviyyədə qurmaq üçün turizm obyektləri ilə sistemli şəkildə iş aparırıq, eyni zamanda, xarici ölkələrin təcrübəsinə yaxından maraq göstəririk. Şagirdlərimiz «Qafqaz Resort», «Qafqaz Sportl»də, «Qafqaz Riverside” hotellərində, rayon statistika idarəsində, AzərPoçt MMC-nin Qəbələ rayon filialında və bir sıra obyektlərdə peşəkar mütəxəssislərin yanında istehsalat təcrübəsi keçirlər».
Məzunlar təcrübə
keçdikləri müəssisələrdə işə dəvət
edilirlər
Həmsöhbətimiz deyir ki, şagirdlər məktəbi bitirdikdən sonra çox vaxt təcrübə keçdikləri müəssisələrdə işə dəvət edilirlər: «Azərbaycanda turizm sektoru durmadan inkişaf edir. Bu isə təkcə Qəbələ Turizm və Hotelçilik üzrə Peşə Tədris Mərkəzinin şagirdləri üçün deyil, ümumiyyətlə, turizm təhsili verən bütün ali və orta ixtisas məktəblərinin məzunları üçün lazımi iş yerləri ilə təminat deməkdir. Mərkəzimiz Qəbələdə fəaliyyət göstərən hotellər və digər turizm obyektləri ilə sıx əməkdaşlıq edir. Məktəbi bitirdikdən sonra da məzunlarımız həmin istirahət mərkəzlərində daimi və mövsümü işlə təmin olunurlar».
Mərkəzdə kadr hazırlığını həyata keçirən müəllimlər də vaxtaşırı müxtəlif təcrübə kurslarında iştirak edirlər. Direktor deyir ki, məktəbin istehsalat təlim ustaları və fənn müəllimləri təcrübəli kadrlar arasından seçilir: «Onların əksəriyyəti Təhsil Nazirliyinin xətti ilə xarici ölkələrdə ixtisasartırma kurslarında iştirak ediblər. Eyni zamanda, müəllimlərimiz respublikamızın müxtəlif şəhərlərində turizm inkişafı sahəsinə aid olan seminarlara və toplantılara dəvət alırlar. Bu ildən Təhsil Nazirliyinin köməkliyi ilə mərkəzin şagirdlər üçün xarici ölkələrdə seçdikləri peşələr üzrə ixtisasartırma kurslarında iştirak etmək üçün şərait yaradılacaq. Mərkəzimizdə dərslik problemi yoxdur. Şagirdlər hər yeni dərs ilində müxtəlif peşələr üzrə dərslik və kitablarla təmin olunurlar”.
Şagird qəbulu ilə
bağlı problem yoxdur
«Azərbaycanda
turizm perspektivli və gələcəyi olan sahədir. Artıq valideynlər də bunun fərqindədir.
Ona görə də məktəbə şagird qəbulu ilə bağlı problemimiz olmur», - deyən direktorun sözlərinə görə,
gənclər bu sahədə peşə təhsili almağa böyük maraq göstərirlər: «2013-cü ildə 154 nəfər məzunumuz oldu. Onlardan 54 nəfəri ümumi orta təhsil bazasından, 100 nəfəri
isə tam orta təhsil bazasındandır.
Təhsil müddəti
2 il olan
qruplar aşpaz-qənnadıçı
və mehmanxana inzibatçısı peşəsinə,
təhsil müddəti
bir il olan
qruplar isə əməliyyatçı mühasib,
kompyuter operatoru, aşpaz, ofisiant, barmen, bufetçi, mehmanxana qeydiyyatçısı peşəsinə
yiyələnirlər. Növbəti, 2013-2014-cü
tədris ilində mərkəzimizdə 200-dən çox şagird təhsil alacaq. Hesab edirəm ki, Qəbələ Turizm və Hotelçilik üzrə Peşə Tədrisi Mərkəzinin
yetirmələrinə ölkəmizdə
böyük ehtiyac
var. Ona görə də pedaqoji kollektivimiz peşəkar kadr hazırlığı
üçün əlindən
gələni əsirgəmir».
Qeyd edək ki, Qəbələ Turizm və Hotelçilik üzrə Peşə Tədrisi Mərkəzinin
«qebeletedrismerkezi.com» internet saytı fəaliyyət göstərir.
Buradan mərkəz haqqında lazım olan bütün məlumatları
əldə etmək mümkündür.
Fəxriyyə
Abdullayeva
Mədəniyyət.- 2013.- 21
avqust.- S. 6.