Xan!
Səsi də, avazı da,
oturuş-duruşu, yar-yaraşığı da...
Ötən
illər, keçən dəfələr bu
xan sənətkarın ad
günlərində muğamlarımız qədər gen-bolluqla yazmışam. Bu
gün, bu dəfə
isə bir mahnı qədər ola, ya olmaya...
Kino-lentlərdə üzünü görürsən - qırımından sənət rəngli, zinət görklü qan damır bu “zalım” xanın! Avazından “aman-aman!” fəryadlanır, “ey dad-ey dad” dadlanır...
Şuşalıların hər iki-üçündən biri kimi doğulmuşdu. Hələ o çağlaracan eşidilməmiş bir Səslə doğulmuşdu bu çağa. Deyirlər, anası qonum-qonşuya danışarmış ki, bu uşağın ağlamağı oxumağa oxşayır; mən ona layla demək əvəzinə, o məni yuxuladır...
Bir azdan bu uşaq həmin o qonum-qonşuları, sonra Şuşanı, daha sonra küll-Qarabağı, Azərbaycanı, İranı-Turanı oyadacaqdı öz ifalarıyla. Yeri gəlmişkən, Azərbaycanın ifaçılıq sənəti aləmində barmaqla sayılacaq qədər xanəndə və müğənnilər var ki, onlara sadəcə “ifaçı” deməyə adamın dili gəlmir. Yəni bu ifadə çox solğun, hətta “icraçı”, “missiyaçı”, üzünüköçürənçi kimi assosiasiya olunur. Diktorlar hiss-həyəcansız bir tonda deyəndə ki: “Heyratı”, ifa edir Xan Şuşinski” - adamın kəkliyi azır. Əvvəla, onsuz da adı transformasiyaya uğramış bu muğam (Herat şəhərilə bağlı) heç olmasa “Heyrəti” kimi təqdim edilsəydi, bunun qaynar, çılğın notları ilə daha mütənasib səsləşərdi. İkincisi, bəyəm Xan onu sadəcə ifa edir? Xeyr, Xan bütün oxumalarında yanır!..
Ancaq... diktatorlar da neyləsin ki, bunun “ifa edir”dən başqa ifadə (təqdim) formatı yoxdur.
Amma bəs Xan kimilər neyləsinlər ki, oxuyarkən yanıb-yaxılma prosesini ehtiva etdirdikləri halda, “ifa” etdirilirlər? Bəs (bir mahnısında dediyi kimi) “neyləməli?” Heç nə, təqdimatçılar dildə “ifa edir...” deyirkən, biz onu ürəyimizdə belə əks-sədalamalı: “Cəh-cəh edir: Bülbül”, “Bəh-bəh edir: Seyid”, “Car çəkir: Cabbar”, “Alovlanır: Rəşid”, “Qan-qan edir: Xan”!..
Və bütün bunların əsasını təşkil edən bir xəyali-mənəvi varlıq -
Sənətkarlıq!
Haydı, başla görək, Xan! Şahların, padşahların nəfəsini içinə çəkdirən Xaqan! “Mirzə Hüseyn segahı”ndan başla. Bir saat-para saat ərzində min illərin ictimai hüznü, sənət ahı, qeylü-qal hicri, qaymaqlı-ballı vüsalı, ilahi və insani sevgi-məhəbbəti haqda ərz et!..
“Dəraməd” şöbəsində niyə belə duruxursan? Bəlkə bu məqamda Füzuli babanın “Ey mələksima, səndən özgə hamı heyrandır sana, Həqq bilir, “insan” söyləməz - hər kəs ki insandır - sana” beytinin dinləyiciyə çatıb-çatmaması istixarəsindəsən? Yox, narahat olmadan işində ol; söz hamı üçün deyil, - hamı söz üçündür...
Sənət suyuna susamışıq, bizi
bir sərçeşməyə rast elə. “Rast”ı xırdala. Belə ki, təblərlə zəngin bu
muğamın bütün məqamlarını
almağa huş-guş
paramız çatsın. “Üşşaq”dan “əraq”a
keçərkən bir
an nəfəs dər,
ustad! Yoxsa, sənət şərabından
dəmlənib, “Yəni
kim, bir
dəm bəladən etmə cüda məni” dənizinə qərq oluban batarıq...
Bir şahənşah sənət nazına qol qoy - “Şahnaz”ı
nazla. Elə qəmzeyi-avazla ki,
“Əql tədbiridir ol, sanma ki,
bir bünyadı var” həqiqəti “qəmzən kimi ustadı var” elanının yanında “yalan” olsun. Necə ki, “Gər dersə
ki Füzuli gözəllərdə vəfa
var” sözü “yalandır”. Sonra da - bəlkə elə bu sözlərin
qüdrətindən şəlalələnən
səsinin lam axarında
“istedad”ın sevgi “yaradıcılığı”na da dəxli olması
möcüzəsini ahəstəcə-ahəstəcə
bəyan et: “Məndə
Məcnundan füzun aşiqlik istedadı var”...
Bir az da “Bayatı-Şiraz”dan “mayə”lə.
Comərd təbli, dörd gahlı “Çahargah”a keç, səs-sədası seyrəngah
Kişi! İmam övladı Seyid Əzimin bəzmi-rəmzi
ilə xitab et: “Siz ki,
huşyar idiniz, ol məhi-tuba kim idi?”
“Mahur”a
adda. Astaca-astaca, ustaca-ustaca kəlami-ənam
bərəkətləri üyüt:
“Xaqani nədir, gəlsənə, ey gözləri şəhla,
Xəlqaniyə xaqan sən olarsan”.
“Qarabağ şikəstəsi”... Nadir şah
Əfşarın zülmündən
didərgin düşmüş
qarabağlıların geri
dönərkən Araz
üstündən yurd-yuvalarını
gördükləri anda
bədahətən hayqırdıqları
bu şikəstəni
o vaxtlar elə oxudun ki, Moskvanı
“Böyük Teatr” timsalında ayağa durdurdun (bu vaxtlar
isə Qarabağ şikəstliyinə bir əncam üçün onlara çatası bir səs-səda yox...).
Hə, bütün bunlara
baxmayaraq “Şur”lamaq da olar - bütün
ağrı-acılarımızı bu bəşəri ovqatın mayesinə dəfn edərək.
Belə ki, sözsüz, Qarabağ arzularımızı da “bəlkə bir gün oyandırdı muğam”...
Saysız xatirələrdən
bir-ikisi
Xan əmi ilə
bağlı xatirələr
içərisində elələri
də var ki, mətbu dilə əl vermir. Tək elə ədəbi əndazələr, ədəb
qaydaları baxımından
yox, həm də bu fundamental-tökmə obrazın klassik qırım-durumundan
dolayı...
...Filarmoniya. Onun 70 illik yubileyi. Bir qələbəlik, bir vur-çatlasın ki, gəl görəsən!
Sonda o özü də oxumağa dəvət edilir. Sağında Şövkət xanım, solunda Sara xatun. Bu yaşda “Qarabağ şikəstəsi”ni
elə ciknələyir
ki, Yaqub Məmmədov və ustada sayğı əlaməti olaraq salonun oturacaqsız hissəsində ayaqüstə
dayanıb tamaşa edən Arif Babayev, Sabir Mirzəyev, Süleyman Abdullayev başlarını
o yan-bu yana yelləyə-yelləyə buradakı
ləzzət aurasını,
alqış tufanını
daha da gücləndirirlər...
...Günlərin
bir günü dövrün qırmızı
təbliğatından doymuş
Xan əmiyə deyirlər ki, bu gün qəzetdə
sənin haqqında yazı çap olunub. O, yolüstü bir qəzet köşkünə yaxınlaşır:
“A qızım, maa bir “Gənc işçi” ver”. Xanım gülümsünür
və çoxdan bəri adı dəyişmiş “Azərbaycan
gəncləri” qəzetindən
bir nüsxə götürüb, hörmət-izzətlə:
“Buyurun, Xan əmi” - deyir...
...Bir gün də yan-yörəsində çalışan
bir qadın toylarda tək elə səs-sədası
ilə yox, həm də şəxsi keyfiyyətləri,
qartal ədalarıyla
da obrazlaşmış
bu Kişiyə öz həmkəndli rəfiqəsindən başıbağlı
bir məktub çatdırır. Ahıl-“ağbirçək” imzalı
bu “şanlı məktub”la tanış olan Xan əmi
hər iki rəfiqənin əvəzinə
də xəcalət çəkib, utana-qızara
deyir ki, bu kağız-kuğuzu aparıb o arvadın özünə qaytararsan.
Yox, əgər dirənib sənə üz vursa, gətirib verərsən qardaşım Allahyara...”
Və deyirlər, Bakı kəndlərindən birində can üstə olan bir qoca nəvələrindən birinə deyir haçan ki gördün vəziyyətim yenə xərəbləşir, Xanın valındakı həmin yeri səsləndir. Nəvə soruşur ki, ay baba, bu kişi elə hey “ölürəm-ölürəm” deyir, axı! Qorxuram, birdən sən də... Baba bir kişmişi gülüb, nəvəsinin başına sığal çəkir: “Yox, qadam... Bu kişi “ölürəm-ölürəm” dedikcə, mən dirilirəm”...
Tahir Əhmədalılar
Mədəniyyət.- 2013.- 21
avqust.- S. 10.