Azərbaycanda millətlərarası həmrəyliyin dərin tarixi kökləri var

 

“Bakının mühüm beynəlxalq görüşlərin keçirildiyi mərkəzə çevrilməsi Azərbaycanın şöhrətini daha da artırır”

  

   Avqustun 22-də Azərbaycanın Rus İcması bəyanat yayıb. İcmanın şəhər və rayon təşkilatlarının sədrlərinin imzaladığı bəyanatda qurumun yaranmasından 20 il ötdüyü vurğulanır: “Bu dövr həm ölkəmizin, xalqımızın həyatında, həm də respublikanın hüdudlarından kənarda bir sıra mühüm hadisələrlə əlamətdar olmuşdur. Azərbaycan rusları inkişaf strategiyası ümummilli lider Heydər Əliyev tərəfindən müəyyən olunmuş demokratik, suveren, iqtisadi cəhətdən uğurla inkişaf edən dövlətdə yaşayan və çalışan tamhüquqlu vətəndaşlardır. Azərbaycanda mövcud olan möhkəm millətlərarası həmrəyliyin dərin tarixi kökləri vardır. Belə həmrəylik misilsiz mənəvi zənginlik və mehribanlıq mühiti yaradır, vahid ailə hissi doğurur”.

   Azərbaycanla Rusiya arasında hərtərəfli əməkdaşlığın möhkəmlənməsi məsələlərində prinsipial mövqe tutduğunu vurğulayan icma bu məqsədlə xalq diplomatiyasının imkanlarından istifadə edildiyini, mədəni, ədəbi və tarixi dəyərlərlə qarşılıqlı mübadiləyə xüsusi önəm verildiyini diqqətə çatdırır.

   Bəyanatda daha sonra bildirilir: “Dünya tarixinin böyük şəxsiyyəti ulu öndər Heydər Əliyevin layiqli varisiişinin davamçısı Prezident İlham Əliyevin rəhbərlik etdiyi müasir Azərbaycan bu gün görünməmiş iqtisadi yüksəliş və tərəqqi yolundadır. Azərbaycanın beynəlxalq məkanda ön mövqeyə çıxması, Bakının mühüm beynəlxalq görüşlərin keçirildiyi mərkəzə çevrilməsi Azərbaycanın şöhrətini daha da artırır və onun beynəlxalq nüfuzuna müsbət təsir göstərir. Uzaqgörən, məqsədyönlü xarici siyasət nəticəsində Azərbaycan bütün Cənubi Qafqazda aparıcı dövlətə çevrilib. Bütün Azərbaycan xalqı kimi Azərbaycanın Rus İcması da Prezidentimiz İlham Əliyevin inkişaf etmiş demokratik, hüquqi dövlət quruculuğuna, cəmiyyətdə həmrəyliyə, Azərbaycanda yaşayan müxtəlif millətlərin nümayəndələri arasında tolerantlıq və dostluq mühitinin möhkəmlənməsinə, ölkənin sosial-iqtisadi inkişafının sürətlənməsinə və xalqın həyat səviyyəsinin artmasına yönəldilmiş əməli fəaliyyətini yüksək qiymətləndirir. Biz taleyimizi və uşaqlarımızın taleyini əvvəlki kimi ona etibar etməyə hazırıq”.

 

Mədəniyyət.- 2013.- 23 avqust.- S. 2.