“Əlifba yaradan müəllim”

 

   Gəncədə fəaliyyət göstərən “Kəpəz” televiziyasının yaradıcı qrupu “Əlifba yaradan müəllim” sənədli filminin istehsalını başa çatdırıb.   

   Filmdə görkəmli pedaqoq, folklorşünas, xeyriyyəçi və maarifçi Mirzə Abbas Abbaszadənin (1870-1920) xalqımız qarşısındakı xidmətlərindən bəhs edilir. Ekran əsəri Gəncədə və bölgədəki kəndlərdə olan qədim tikililər ətrafında çəkilib.

   Mirzə Abbas Abbaszadənin adı yalnız ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra əbədiləşdirilib, vaxtilə yaşadığı evin qarşısına barelyefi vurulub, 20 nömrəli məktəbə onun adı verilib.

   Yeni ekran əsərinin ssenari müəllifi Ayaz Əbülfəzoğlu deyib ki, çəkilişlərdə yerli sakinlərin böyük köməyi olub. Gəncə Dövlət Dram Teatrı aktyorlarının iştirakı ilə çəkilən filmdə görkəmli şəxsiyyətin həyat və yaradıcılığının bir sıra qaranlıq məqamlarına işıq salınıb. Filmdə 50-dən artıq peşəkar və həvəskar aktyor çəkilib.

 

Mədəniyyət.- 2013.- 23 avqust.- S. 4.