Mədəniyyət xalqın elçisidir

 

Qəbələ Beynəlxalq Musiqi Festivalı növbəti dəfə möhtəşəmliyi ilə yaddaşlarda əbədiləşdi

  

   Dərin köklərə və ənənələrə söykənən milli musiqi mədəniyyətimiz hələ XIX əsrin ikinci yarısında ölkəmizin hüdudlarını aşaraq dünya xalqlarında dərin maraq doğurub. Ölkələr və xalqlar arasında mədəni əməkdaşlığın genişlənməsində mühüm rol oynayıb.

   Klassik incəsənət ustalarımızdan Hacı Hüsü, Məşədi İsi, tarzən Mirzə Sadıqcan, XX əsrin əvvəllərində Cabbar Qaryağdıoğlu, Məşədi Cəmil Əmirov, Seyid Şuşinski, Keçəçioğlu Məhəmməd, Məşədi Məmməd Fərzəliyev, İslam Abdullayev və başqaları Avropanın musiqi şirkətləri tərəfindən Varşava, Paris, Kiyev və digər şəhərlərə dəvət olunub, ifaları qrammofon vallarına yazılıb. Bu görkəmli sənətkarlar musiqi üçlüyü (xanəndə, tarzən, kaman ifaçısı) şəklində Avropanın musiqi ictimaiyyətinə təqdim olunub. XX əsr boyu bu proses davamlı xarakter alıb. Azərbaycanın peşəkar ifaçı heyətlərinin dünyanın müxtəlif ölkə və şəhərlərinə qastrol səfərləri milli musiqimizin təbliğinə xidmət edib.

   XXI əsrdə Azərbaycan musiqisi daha mütəşəkkil səviyyədə dünyanı dolaşmaqdadır. Nəinki öz ifaçılarımızın, eləcə də professional əcnəbi sənətçilərin ifasında səslənən ecazkar musiqimiz Şərq-Qərb mədəniyyətlərarası mədəniyyət körpüsünün yaranmasına xidmət edir. Azərbaycanın dahi bəstəkarları Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Fikrət Əmirovun, Arif Məlikovun, Tofiq Quliyevin və adlarını çəkmədiyimiz onlarla sənət korifeyinin dünyanın məşhur musiqi məkanlarında ifa edilən əsərləri bəşəriyyətin musiqi inciləri sırasına daxil olub.

   Bu gün beynəlxalq mədəni əməkdaşlıq sahəsində Azərbaycan üzərinə böyük bir missiya götürüb. Mədəniyyətlərarası dialoq konsepsiyası ölkəmizin xarici siyasətinin mühüm tərkib hissəsidir. Belə uğurlu mədəniyyət siyasətinin nəticəsidir ki, beynəlxalq səviyyədə Azərbaycanın mədəniyyətinə, musiqisinə maraq gündən-günə artmaqdadır.

   Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü ilə xalqımızın mədəni irsinin dünyada təbliğinə, dünya mədəniyyəti nümunələrinin ölkəmizdə tanıdılmasına töhfə olan möhtəşəm layihələr həyata keçirilir. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən və beynəlxalq aləmdə geniş əks-səda doğuran, ildən-ilə nüfuzu artan mötəbər musiqi layihələrindən biribu günlərdə beşinci dəfə gerçəkləşən Qəbələ Beynəlxalq Musiqi Festivalıdır. Dünyanın bir çox ölkəsindən onlarla tanınmış sənətçinin iştirak etdiyi bu musiqi bayramında mədəni irsimizin zəngin ənənələri geniş şəkildə təbliğ olunur. Eyni zamanda müxtəlif ölkələri təmsil edən musiqiçilərlə ünsiyyət və əməkdaşlıq üçün əlverişli şərait yaranır.

   Qəbələ festivalı artıq əsrarəngiz Azərbaycan təbiətinin, qonaqpərvərliyinin təntənəsinə çevrilib. Bu möhtəşəm tədbir Prezident İlham Əliyevin mədəniyyətə, incəsənətə, sənət adamlarına böyük diqqət və qayğısının bariz nümunəsidir.

   Ötən günlərdə klassik Azərbaycan və dünya bəstəkarlarının əsərlərinin eyni şövqlə ifa olunduğu V Qəbələ Beynəlxalq Musiqi Festivalı tamaşaçılarda xoş təəssüratlar yaratdı. Möhtəşəm musiqi bayramı, eyni zamanda, nüfuzlu beynəlxalq mədəniyyət layihələri arasında silinməz iz qoydu.

   Dünyanın bir çox tanınmış sənət adamları Qəbələni Azərbaycanın İsveçrəsi adlandırır. Qəbələ gözəl havası, təbiəti, sıx meşələri, sərin bulaqları, beşulduzlu hotelləri turistləri fasiləsiz olaraq cəlb etməkdədir. Sözsüz ki, belə bir turist axınına beynəlxalq musiqi festivalının da təsiri böyükdür. Avropanın nüfuzluEuronews” telekanalında yayımlanan verilişlərin birində Qəbələ Beynəlxalq Musiqi Festivalının Odlar Yurdunun mədəniyyətinin, incəsənətinin, turizminin təbliği baxımından gözəl layihə olduğu və Azərbaycanın dünya musiqi mədəniyyəti mərkəzinə çevrildiyi bildirilib.

   Qəbələ festivalının proqramı ildən-ilə zənginləşir. Festival çərçivəsində reallaşan gənc pianoçuların beynəlxalq müsabiqəsi, muğam, klassik kamera, cazvokal musiqisi axşamları tələbkar auditoriyanı hər dəfə heyrətləndirməyə müvəffəq olub.

   Festival iştirakçıları arasında Rusiya, Türkiyə, Böyük Britaniya, ABŞ, İtaliya, Fransa, Koreya Respublikası, İsrail, Litva, Kuba və Qazaxıstandan məşhur ifaçı və kollektivlərin olması bu möhtəşəm musiqi bayramına beynəlxalq marağı daha da artırıb. Dünya şöhrətli orkestrlərin, dirijorların, musiqi xadimlərinin qatıldığı V Qəbələ Beynəlxalq Musiqi Festivalı bəşəriyyətin musiqi mədəniyyəti tarixində yeniparlaq səhifələr açdı.

  

   Savalan Fərəcov

 

Mədəniyyət.- 2013.- 23 avqust.- S. 5.