Türk xalqlarının musiqi axşamı yaddaşlarda iz qoydu

 

Xəbər verildiyi kimi, avqustun 15-də Qəbələ Mədəniyyət Sarayında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısı çərçivəsində möhtəşəm konsert proqramı təqdim olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Abdullah Gül və Qırğızıstan Respublikasının Prezidenti Almazbek Atambayev konsertin tamaşaçıları sırasında idilər. Türk xalqlarının musiqi nümunələrinin, tanınmış bəstəkarların ölməz əsərlərinin səsləndiyi konsert bir anlamda Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY-un 20 illik yubileyinə sənət töhfəsi oldu.

  

   “Birlikdə dirilik var

  

   Konsertdən əvvəl prezidentlərə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY-un yaradılmasının 20-ci ildönümü münasibətilə qurumun baş katibi Düsen Kaseinov tərəfindən xatirə hədiyyələri təqdim olundu.

   Türkiyədə yaşayan azərbaycanlı heykəltəraş Səid Rüstəm tərəfindən düzəldilmiş bu heykəllər “Oğuz Xaqan” dastanından bəhrələnərək ərsəyə gətirilib. Heykəlin üzərində həkk olunan “Birlikdə dirilik var” sözləri isə bu sənət əsərinə xüsusi özəllik verirtürk dünyasına birlik mesajı ünvanlayır. Rəmzi heykəllər dövlət başçıları tərəfindən böyük maraqla qarşılandı.

  

   Türk dünyası bəstəkarlarının əsərləri Qəbələ səhnəsində

  

   Sonra türkdilli xalqların musiqi sənətini bir araya gətirən konsert proqramı başladı. Tədbirdə Azərbaycan, qazax, qırğız və türk musiqisinin gözəl nümunələri səsləndi. Bəli, bu dəfə qədim Azərbaycan şəhəri, türk oylağı, qüdrətli Girdman dövlətinin paytaxtı olmuş Qəbələ möhtəşəm tədbirə ev sahibliyi edirdi. Dağlar qoynunda qərar tutan Qəbələdə bir-birindən gözəl, əsrarəngiz türk xalqlarının musiqi nümunələrini dinləmək insana qürurzövq verirdi.

   Azərbaycanın Xalq artisti Teymur Göyçayevin dirijorluğu ilə Qara Qarayev adına Dövlət Kamera Orkestrinin ifasında səslənən konsert proqramında türkdilli xalqların musiqiləri bir-birini əvəz edirdi. Azər Zeynalov, Azərin, İnarə Babayeva, Samir Cəfərov və digər sənətçilərimizin qazax, qırğız və türk dillərində oxuduğu mahnılar böyük tamaşaçı marağına səbəb oldu.

   Konsertdə dahi Üzeyir Hacıbəylinin “Arşın mal alan” operasından ariya və Qazaxıstanın məşhur bəstəkarı Mukan Tölebayevin əsərinin səsləndirilməsi isə türk dünyası üçün xüsusilə əlamətdar oldu. Ona görə ki, bu il TÜRKSOY böyük qazax bəstəkarının 100 illiyi ilə əlaqədar 2013-cü iliMukan Tölebayev ilielan edib, dahi Üzeyir bəyin ölməz operettasının 100 illik yubileyi UNESCO-da qeyd edilir.

   Öz növbəsində TÜRKSOY 20 illik yubiley tədbirləri çərçivəsində sentyabr ayının 13-də Astanada, 17-də UNESCO-nun Parisdəki qərargahında, 19-da isə Strasburqda Qazaxıstanın Karaqanda şəhərinin Tattımbet adına qazax xalq çalğı alətləri orkestrinin müşayiəti, Alik Usubovun rejissorluğu və Azərbaycanın Əməkdar incəsənət xadimi Ağaverdi Paşayevin dirijorluğu ilə Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın opera solistlərinin ifasında “Arşın mal alan” əsərini təqdim edəcək. Orkestrdə Azərbaycan milli musiqi alətlərini ifa edən sənətçilərimiz də yer alacaq.

   Qəbələ Mədəniyyət Mərkəzində baş tutan möhtəşəm konsert mərasimi, dövlət başçıları da daxil olmaqla, bütün tamaşaçılar tərəfindən rəğbətlə qarşılandı və ayaq üstdə alqışlandı. Konsertdən sonra sənətçilərlə görüşən TÜRKSOY-un baş katibi Düsen Kaseinov onlara gözəl ifalarına görə öz dərin minnətdarlığını bildirdi və xatirə şəkli çəkdirdi. Bir sözlə, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısı həm də TÜRKSOY-un 20 illik yubiley konserti ilə yaddaşlarda iz qoydu.

   Qeyd edək ki, hazırda türkdilli ölkələr arasında mədəniyyət məsələlərinə böyük diqqət göstərilir. Bu sahədə əməkdaşlıq bütün türkdilli dövlətlər arasında prioritet elan edilib. Təsadüfi deyil ki, türkdilli ölkələrin dövlət başçılarının zirvə toplantılarında mədəniyyət sahəsində əməkdaşlığın perspektivləri mütəmadi olaraq vurğulanır. Qəbələdəki zirvə toplantısında da dövlət başçıları öz çıxışlarında TÜRKSOY-un fəaliyyətini xüsusi qeyd etdilər. Təşkilatın xətti ilə hər il türkdilli ölkələrin müxtəlif şəhərlərində reallaşan rəngarəng tədbirlər xalqlarımız arasında mədəni telləri daha da möhkəmləndirir.

  

   Mehparə

 

Mədəniyyət.- 2013.- 23 avqust.- S. 8.