Müslüm Maqomayevin
xatirəsi Özbəkistanda anılıb
Ölkəmizin Özbəkistandakı səfirliyinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində dünya şöhrətli müğənni və bəstəkar, Azərbaycanın və SSRİ-nin Xalq artisti Müslüm Maqomayevin anadan olmasının 71-ci ildönümünə həsr olunmuş konsert proqramı təqdim edilib.
Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov konsertdən öncə çıxış edərək Müslüm Maqomayevin bənzərsiz ifasından, Azərbaycan musiqisini bütün dünyada tanıtmasından, ifaçılıq sənətimizə verdiyi töhfələrdən danışıb. Azərbaycan diaspor təşkilatının icraçı direktoru Firdovsi Məmmədov çıxışında bildirib ki, ölkəmizin musiqi mədəniyyətini keçmiş sovetlər məkanında geniş şəkildə təbliğ etdiyinə görə unudulmaz Müslüm Maqomayevin adı həmişə fəxrlə çəkiləcək.
Sonra Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin "Azərbaycanım" musiqi qrupunun ifasında Azərbaycan mahnıları, habelə Müslüm Maqomayevin repertuarından mahnılar təqdim edilib. Tədbirdə azərbaycanlı gənclərdən ibarət "Şən və hazırcavablar klubu"nun Müslüm Maqomayevin xatirəsinə ithaf edilmiş çıxışı iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Mərasim şən
musiqi sədaları altında milli rəqslərimizin ifası ilə
yekunlaşıb.
Mədəniyyət.- 2013.- 23
avqust.- S. 8.