Həzin hiss-duyğular şairi
Fikir-zikrətən
dərin, bədii çəki-vəzncə uca
- Fikrət Qoca...
Elə cavanlığından “Sən dönsən də mən dönmərəm, Günəş sönər, mən sönmərəm” deyib, “Döydü yağış məni, döydü qar məni, Minsəm qarışqanı - aparar məni” demiş klassiklər sırasına qoşulmuş poetik aşiq. “Güzgünü neyləyirsən, ay gözəl, Üzündə gör özünü, ay gözəl” kimi kəlam-portretlər yaradıb, “Və gər güzgudən umdum sidq, - əks-müddəa gördüm” kimi hikmətlər sarayı yaratmış ustadlar Ustadımıza şəyirdlik şərəfində buluna-buluna özünə ayrıca poeziya odası yapmış şair...
Elə gəncliyindən bu dünyaya qoca-qoca baxıb, xoca-xoca davranıb. Qonorar-“donor”arı şahı-şahı qazanıb, xanı-xanı dolanıb. Başını aşağı - təvazölüyə, könül baxışını göylərə - hamıdan böyüyə dikib, namuslu bir ömür yaşayıb. Adı - özgür düşüncələrinə görə - rəsmi kağızlara az düşsə də, xəlqi dil-ağızdan düşməyib. Həyat-söhbət ləngərində ağır-batman azmanlara arba, tuti poeziyanı ənənəviçiliyə, basmaqəlib tutuquşuçuluğa döndərənlərin səngərində bomba, fizikən “təpə”cə, lirikən dağca Fikrət Qoca olub...
Mənbədən...
Onu mənsəbə yetirən mənbədən...
Doğulduğu rayonun tər-təbiəti haqda fikirləşəndə oçerkistlərin, sentimental publisistlərin “təbiət şairliyin ilkin rəhnidir” kimi “tarixi-müqəddəm” qənimətləri “şair sözü, əlbəttə, yalandır” kimi deyimlərdən nəm çəkir.
Bu
şairin şəcərə, doğum-toponim kompleksinin təbii
koloriti isə başqa
məsələ! Onunla bağlı adlardan doğal bir ab-hava, folklor
ilğımı dalğalanır: babası Qoca,
atası Göyüş, özü
Fikrət, bölgəsi Şirvan, rayonu Ağdaş, kəndi
Kotanarx. Anadan olanda isə (1935) repressiya “qardaş”ının Stalin atadan
“doğulmasına” iki
il qalırmış.
Onların da ev-eşiyinə
(bütün SSRİ evlərinə,
həyətlərinə, könüllərinə,
qırım-durumlarına olduğu
kimi) oyuncaqlar əvəzinə, löyün-löyün
oyunlar ayaq açırmış. Anasının laylalarından bir əməlli doymamış,
atasının qoyun-quzusunu
haylayırmış. Nənəsi
ona noğul əvəzinə nağıl
yedirirmiş. Məktəbdə ona sırınan siyasi “baba” haqda
dil-dil ötdüyünə
görə evdəki babasının ağız
büzməsindən gah
küsüb-inciyər, gah
da süsəncə-sünbülcə
gülümsünərmiş. Könlündən, hələ qələmə
gəlməyən “bu
atəşlər nə
vaxtacan “toy” çalacaq,
bir gün səni oynatmağa bığ-saqqal mane olacaq,
oyuncaq!” kimi misralar keçirmiş.
Ürəyində “güllələr demədi, qayıdın geri, hələ uşaqsınız - nə
yaşınız var?!”
ladında düşünən
“naməlum” yaşıdları
ilə rastlaşıb
dostlaşmaq arzusu alovlanarmış.
Hamıdan seçilmək istəsə
də, hələ yalnız qonşu uşaqlardan fərqlənən
Fikrət doğulduğu
evdə, bir az quru,
çox yeri yalın kənd-kəsəkdə,
təbsiz təbiət
qoynunda ayrıca bir canlı təbiət, cəmiyyət
hadisəsi kimi göyərişib-gəlişirdi. O çağlaracan yığıb-yığışdırdığı
qəlb yükünü
boşaltmağa, yazıb-yaratmağa
isə çox az qalırdı.
Canında-qanında “olan”lıqdan
çox “olabilən”lik
olan ədəbiyyat elementlərinə susayan qələmi o günə
qədər başqalarının
qələminə boy verməmiş
bədii olayları üzə çıxarmağa
can atırdı. Dördəm həvəsli bu köhlən qələmin
çapışı üçünsə
bölgə meydanı
dar, qədərincə
suvarışı üçün
irili-xırdalı arxlar
yetərli deyildi.
Ağdaşdan daşlanmaq, Kotanarxdan
üzüyuxarı axarlanmaq
gərək idi.
Təsəvvüründəki dəryada onu
seçkin bir şairlik baxtı, poeziyamızın ayrıca
pay taxtı gözləyirdi.
Beləliklə, yuxarıdakı
mənbədən -
Mənsəbə...
Bakı onun gəlişinə
bənd imiş; əlbəəl milyonlardan
biri olan bu ismi beş-onlara
məxsus imzaya çevirdi. İyirmi bir
yaşı tamam olmamış şeirləri
dillərə düşdü.
Professional tənqidçilərdən
bir qədər sonra sadə oxucular, hətta qatı konservativlər, “təzə nırx” əleyhdarları da hiss etdilər ki, Fikrət Qoca imzası “köhnə yazar-bazara təzə dux” gətirməkdədir. Oxuyub-eşitdilər
ki, bu təzə
şair, məsələn,
“Aşıq eldən yuxarı” kimi kəlmələrdən sonra
qafiyə (və siyasiyyə) xatirinə “dizi beldən yuxarı” yox, tutalım, “sözü güldən yuxarı” deyir. Gördülər ki, o, nəinki
fikir-zikri, hətta hər sözü belə filoloji rentgendən keçirib, “epiqriz”-epitetləşdirir.
Fəhm-zəhmləndilər ki, başdan-başa
novator Rəsul Rza təptəzə nəfəsli bu yeni şairə havayıdan “Uğurlu yol” yazmayıb. Yazan - “Aydındır şeirin dili; istəyirsən sevincdən,
istəyirsən qəmdən
yaz. O qədər aydındır ki bu dil, - nadan
yüz il oxusa, yenə
bir şey anlamaz!” kimi şedevrlər müəllifi
idi, haqqında yazılan isə “İçində mətləb
olmayanda Adam özü
görünmür” kimi
fəlsəfələr müəllifi...
Nəhayət,
o müasir oxucular, alagöz-qaragöz qarelər
gördülər ki,
bu yepyeni şair köhnə, ya təzə mövzulara yanaşma məsələsində nimdaşlıqdan,
şablon metaforaçılıqdan
marafon qaçışı
ilə qaçır:
Adamların
Üzünün,
Sözünün
Rəngi qaçıb.
Elə bil, heç kəsin
Özünün
sözü-söhbəti yoxdu,
Sifəti yoxdu.
Şəffaf şüşə qab kimidi -
Arxası-üzü bilinmir.
İçində
mətləb olmayanda
Adam özü
görünmür.
Bu adamlara nə olub belə,
Çoxunun rəngi qaçıb.
Hansı heyrətdən
Ağızlar açıq qalıb?..
Məşhur, gurultulu “qurultaydan-qurultaya”
dövrlərində, “Anjela
Devisə azadlıq!” etaplarında Fikrətin də sovet ladına
düşdüyü, yadgetmə-ladtutma
misraları az
olmayıb. Amma heç vaxt
adi yazmayıb, babalı öz boynuna düşəsi mövzulara, fikir-zikrə əl verməyən kəlmələrə qol
qoymayıb. Onun misraları
daim yoxuşa, dağ-qaya yüksəkliyinə
dırmandığından, hamısı poetik tər qoxuyur. O, heç vaxt oxucunun bir oturuma
qəbul edə biləcəyi fikir “istehsal”ı ilə məşğul olmayıb;
onların sabah-birisigününə,
hətta “lap yekələndə”liklərinə
belə sətiraltı,
mənaüstü “ehtiyat”lar görüb.
Fikrətin fikirləri nə
qədər “mürəkkəb”
olsa da, mayası sadəlikdən,
rahətlukum “omac-umac”lıqdan
yoğrulan nəğmələrə,
mahnılara tamamilə
əlverəndir. Hələ
bunu demirəm ki, onun bəzi
sözləri bir mahnıda az
qala yüzbir mahna verir. Bəzi mübaliğələrindən
baş gicəllənsə
də, könüllər
dalğa-dalğa cücərlənir,
saytal-saytal hisslər uşaq-uşaq dəcəllənir.
Təxəllüsü ilə özünü
çox tez qocaltmış şair o mahnıların biri ilə - “Dostum evlənir”lə əlli ildən çoxdur gənclərə elçilik
edir. Bu mahnı
hər dəfə efir-ekranda səsləndikcə,
ata-analar qayğılanır.
Özlərini müqəyyəd hədəf hesab edən qızlar uyğu-duyğulanır. Əsərin
baş qəhrəmanı
olan cavan-comrullar isə öz umu-yumulu gözlərilə
xəyal tutur, Ruhəngiz xanım Qasımovanın şıdırğı
taktları üstündə
xitablanan: “Ay ana, ay ana, dostum evlənir,
Qonşudan, qonşudan
bir çiçək
dərir!” ərz-ərizəsi
altına imza atırlar...
...Və bütün bu lirik, poetik, romantik ovqatların canlı bulağı kimi qaynayan şair
hərdən bizi oyanışa da səsləyir: “Dünyanın
harasındasa, ağında-qarasındasa
- Yata bilməyirsə
bir körpə aclıqdan, Mən necə həzz alım toxluqdan?!” Hərdən bizi kütləvi dayanışa
çağırır: “Yol
verin, hamilə qadın gəlir...” Hərdən də, yolunu caydıranlara Dədə kimi üz tutub, Qorqudanə aydırır:
Gəlin, bölünməyək doğmaya,
yada, -
Hamı - bir ağacın
yarpağıyıq biz.
Axı hər birimiz başdan-ayağa
Doğma Azərbaycan torpağıyıq
biz.
Qanımız qarışıb qardaş
qanına,
Bu torpaq
əmanət verilib bizə.
Siz gəlin Şəhidlər
xiyabanına,
Görün, o
şəhidlər nə
deyir sizə...
Bu qədər,
həmişəcavan Qoca
şair! “Və sair” artımlı çox söz yazmaq, çox fikir söyləmək marağım və imkanım olsa da, hələlik bu qədər...
Tahir Əhmədalılar
Mədəniyyət.- 2013.- 23
avqust.- S. 11.