Ədəbiyyatşünaslıq
tariximizdə Firidun bəy Köçərli
imzası
Azərbaycanda ədəbi-bədii düşüncə haqqında rəy, fikir və mülahizələrin tarixi min ildən çoxdur. Hələ XI əsrdə görkəmli Azərbaycan alimi Xətib Təbrizinin ədəbiyyat nəzəriyyəsi, poetika, ritorika və üslubiyyat haqqında çox qiymətli fikirləri həm onun zamanında, həm də əsrlər boyu dəyərli mənbə kimi istinad yeri olmuşdur.
Sonralar Xaqani Şirvani, Nizami Gəncəvi, Arif Ərdəbili, Məhəmməd Füzuli, Saib Təbrizi və başqalarının bədii söz haqqında dəyərli qənaətləri ədəbi düşüncənin inkişafında mühüm rol oynamışdır. Həmçinin müxtəlif müəlliflər tərəfindən tərtib olunmuş cünglər, bayazlar (dəftərçə), təzkirələr və s. fərqli ədəbi mühitlərdə tanınan, sevilən şairlər haqqında ilkin mənbələr olaraq mühüm əhəmiyyət daşıyırdı. Saray münşiləri də hökmdarların fəaliyyəti, zəfərləri ilə yanaşı, onların saraya cəlb etdikləri şairlər haqqındakı məlumatları da gələcəyə ərməğan edirdilər.
XIX yüzillikdən etibarən çap işinin geniş vüsət alması, müxtəlif mətbuat orqanlarının fəaliyyətə başlaması nisbətən məhdud çevrələrdə tanınan ədəbi simaların və onların irsinin təbliğində böyük rol oynadı. Bu imkanlardan maksimum yararlanmağa çalışanlardan biri də Azərbaycan peşəkar ədəbiyyatşünaslığında özünəməxsus imzası olan, ilk milli ədəbiyyat tarixçiliyi istiqamətinin banisi Firidun bəy Köçərli oldu.
Ensiklopedik biliyə malik görkəmli pedaqoq-alim Firidun bəy Köçərlinin (1863-1920) fəaliyyət istiqamətlərinin hər biri ayrıca tədqiqatın predmetidir. Onun pedaqoji, ədəbiyyatşünaslıq sahələrində fədakar, yorulmaz fəaliyyəti, publisistik və epistolyar irsi Azərbaycanın elmi-mədəni inkişafında mühüm iz qoymuşdur. Ədəbiyyatşünaslıq fəaliyyəti ilə Azərbaycanda yeni tədqiqatçılıq məktəbinin əsasını yaratmışdır. Klassik və müasir Azərbaycan ədəbi fikri ilə yanaşı, rus ədəbiyyatı klassiklərinin həyat və yaradıcılığının tədqiqi F.Köçərlinin elmi araşdırmalarında əhəmiyyətli yer tutur.
Alimin 1911-ci ildə dərc olunun Mirzə Fətəli Axundov kitabında ilk dəfə olaraq Şərqin ilk böyük dramaturqunun taleyinə və bənzərsiz sənətinə sistemli şəkildə işıq tutulmuşdur. Bir il sonra ölkəmizin müxtəlif bölgələrinin şifahi söz xəzinəsini əks etdirən Balalara hədiyyə kitabı işıq üzü görmüşdür. Onun 1913-cü ildə böyük zəhmət hesabına tamamladığı Azərbaycan ədəbiyyatı tarixi materialları adlı üçcildlik kitabında isə qədim dövrlərdən XX əsrin əvvəllərinədək böyük bir mərhələnin ədəbiyyatından bəhs olunur.
Klassik irs
Firidun bəy Köçərlinin klassik irsə dair tədqiqatları digər müəlliflərin əsərlərindən əsaslı şəkildə fərqlənirdi. Əgər Adolf Berje, Müctəhidzadə, Mir Möhsün Nəvvab, Hüseyn Əfəndi Qaibov, Lütfəli bəy Azər, Seyid Əzim Şirvani və digərləri Azərbaycanın şair və filosofları haqqında yazarkən daha çox bioqrafik məlumatlarla kifayətlənirdilərsə, F.Köçərli onların elmi-bədii irsinin təhlilinə də geniş yer verirdi. Bu da onun, ümumiyyətlə, ədəbiyyatşünaslıq elmində professionallığından irəli gəlirdi. Hələ 1904-cü ildə Şərqi-Rus qəzetində dərc etdirdiyi bir məqaləsində ədəbiyyatın ali vəzifəsindən, xalqın tarixində oynadığı mühüm roldan bəhs edərkən F.Köçərli yazırdı: Bir millətin ədəbiyyatı, demək olar ki, onun məişətinin ayinəsidir. Hər bir millətin dolanacağını, övzai-məişətini, dərəceyi-tərəqqisini, mərtəbeyi-kəmalını, qüdrət və cəlalını onun ədəbiyyatından bilmək olar. Ədəbiyyat məfhumunun missiyasını aydın dərk etdiyinə görə onun tədqiqatları o dövrün elmi meyarlarına, yeni tədqiqatçılıq prinsiplərinə uyğun gəlirdi.
Ədəbiyyatşünas alimin tədqiqatları sistemləşdirilərək 1963-cü ildə Seçilmiş əsərləri, 1978-ci ildə Azərbaycan ədəbiyyatı ikicildliyinin birinci kitabı, 1981-ci ildə isə ikinci cildi işıq üzü görüb. Bu nəşrlərdə elmi-nəzəri müqəddimə və Azərbaycan, fars və ərəb dillərində yazıb-yaradan 120-dən çox ədəbi simanın həyat və yaradıcılığını əhatə edən oçerklər verilmişdir.
Firidun bəy Köçərli qüdrətli söz-fikir ustaları Xaqani, Nizami, Fələki, Nəsimi, Füzuli, Vaqif, Zakir, M.F.Axundzadə, S.Ə.Şirvani və başqaları haqqında məlumat verərək, yeri gəldikcə bu qələm sahiblərinin əsərlərini də təhlil süzgəcindən keçirmişdir. Dahi Füzuli sözünün bədii qüdrətindən bəhs edən ədəbiyyatşünas onun Azərbaycan dilinin saflaşdırılması sahəsindəki xidmətlərini yüksək qiymətləndirirdi: ...türk dilinə rövnəq verən və onu xarü-xaşakdən (tikandan, çör-çöpdən - F.Y.) təmizləyib bir göyçək və səfalı çəmənə bənzədən Füzuli olubdur. Və bununla biz türklərin üstə ümumən və Azərbaycan türklərinin boynuna böyük bir minnət qoyubdur. Maraqlıdır ki, ustad Füzulinin ömrünü məhdud məkanda - İraqdan kənara çıxmamaqla keçirməsinə dırnaqarası yanaşanlara tədqiqatçı tutarlı cavab verərək onu qiymətini itirməyən qızıla bənzətmişdir: Füzulinin məhəlli-məqamına görə rütbeyi-istedadına həqarətlə baxmasınlar. Zira, qızıl torpaqda yatmaqla ciladan düşməz....
Füzulinin saf eşqə könül verdiyini, özünün də bu uca mərtəbədə yer tutduğunu vurğulayan ədəbiyyatşünas alim ustadın əsərlərinin əbədi təravətinin səbəblərini belə əsaslandırırdı: Onlardan birisi budur ki, haman əsərlərin tamamisi pak, həqiqi və təbii hissiyyatdan nəşət etmiş əsərlərdir ki, eşqi-həqiqidən bəhs edir. Füzulinin özü həqiqi aşiq olduğu üçün kəlamı dəxi başdan-ayağa aşiqanədir....
Alim Füzuli ədəbi təsirinin əsrlərlə davam etdiyinə, bu misilsiz irsin Qövsi, Qasım bəy Zakir, Abdulla bəy Asi, Mehdiqulu xan Vəfa, Seyid Əzim Şirvani, İsmayıl bəy Nakam, Bixud, Mustafa ağa Nasir, Molla Qədir Naci və başqalarının yaradıcılığında təzahürünə diqqət çəkirdi. Eyni zamanda, şəkili İsmayıl bəy Nakamın Füzulinin məşhur Dedim, dedi müsəddəsinə yazdığı nəzirəni nümunə göstərirdi.
Çağdaş
ədəbi proses
Firidun bəy Köçərlinin klassik irsin toplanılması və təhlilində həssas səyləri çağdaş ədəbi proseslərə münasibətdə də özünün yüksək peşəkarlığı ilə müşahidə olunur. O, sadəcə toplama və təhlillə kifayətlənməyərək, professional tənqidçi kimi ədəbi prosesləri düzgün istiqamətləndirməyə çalışırdı. Mütəmadi olaraq müxtəlif bölgələrdə yaşayıb fəaliyyət göstərən Azərbaycan ədib və ziyalıları ilə məktublaşır, dostluq və əməkdaşlıq edirdi. Ədiblərə yazdığı məktublarında onları ana dilinin saflığının qorunmasına xüsusi həssaslıq göstərməyə səsləyirdi. Məsələn, Abdulla Şaiqə ünvanladığı məktubların birində ona yaradıcılığında ağır Osmanlı ibarələrindən xilas olmasını tövsiyə edirdi. Firidun bəy M.Ə.Sabirlə də şəxsən tanış idi, Səhhətlə daim əlaqə saxlayırdı. Görkəmli maarifçi-alimin əsl vətəndaş mövqeyini mərhum ədəbiyyatşünas, professor Firidun Hüseynov belə səciyyələndirirdi: Firidun bəy Köçərli şair və ədibləri müasir aktual mövzulara cəlb edir, xalqın xeyrinə qələm çalmağa səsləyir, yaradıcılıq istiqamətlərini ardıcıl olaraq izləyirdi.
Romantik şair Abbas Səhhət ona yazdığı bir şeirində Firidun bəyin ədəbi proseslərin təkamülündə böyük missiyaların öhdəsindən necə məharətlə gəldiyindən söz açırdı:
Birimiz mərsiyəgunluqda böyük şair idi,
Birimiz sağərə mail, birimiz
cananə.
Birimiz həcvdə Yəğma kimi çox mahir idi,
Laübalı keçinirdi günümüz
rindanə.
O pərişan
yuxudan sən bizi bidar etdin,
Doğru, düz yolda
çalışmaqlığa vadar etdin.
XX əsrin əvvəllərindəki mürəkkəb
ictimai-siyasi proseslər
fonunda Azərbaycanın
ümummilli problemlərinin
ayıq nəzərlərlə
təhlil olunmasını,
köhnə təfəkkürdən
birdəfəlik xilas olmağın vaxtının
çoxdan çatdığını
narahatlıqla vurğulayan
alim yazırdı:
...qapı-bacalarınızı açınız, evinizə
işıq düşsün,
üfunətli və ağır havası dəyişilsin. Gözlərinizin tozunu silib diqqət ilə ətrafa baxınız, hər kəs işləyir, çalışır,
nəfbərdar olur.
Firidun bəy Köçərlinin
bir tənqidçi kimi işinin öhdəsindən necə
ləyaqətlə gəlməsini
görkəmli yazıçı-dramaturq,
ictimai xadim Nəriman Nərimanovun
1916-cı ildə Yeni
iqbal qəzetində dərc olunan məqaləsindən də
aydın görmək
mümkündür: Düz
20 il bundan
müqəddəm mən
Nadanlığı yazıb
meydana buraxdım. Məşhur
mühərrirlərimizdən biri, rəfiqimiz Firidun bəy Köçərli Nadanlığı
rus dilində tənqid etdi, yaramaz bir şey
hesab edib yazanını, yəni məni lazımınca çubuqladı. Oxuyan deyirdi,
Nadanlığı yazan
daha əlinə qələm gərək götürməsin. Fəqət onun
çubuqlamağı Nadir şahın meydana gəlməsinə səbəb
oldu.
Alim müxtəlif illərdə
fərqli mətbuat orqanlarında Azərbaycan
ədəbiyyatının onunla
müasir olan tanınmış nümayəndələrindən
M.Ə.Sabir, C.Məmmədquluzadə,
N.Nərimanov, Y.V.Çəmənzəminli,
A.Səhhət, A.Şaiq
və başqalarının
ədəbi irsi haqqında elmi-tənqidi məqalələr dərc
etdirirdi. Dövrün milli ədəbiyyatının
əsas ideya istiqamətlərinin dəqiq
müəyyənləşdirilməsini, elmi-mədəni inkişafın
aktual problemlərini gündəmdə saxlayırdı.
Firidun bəyin bir ədəbiyyatşünas-tənqidçi olaraq uğur qazanmasında onun ana dili ilə
yanaşı, rus, ərəb və fars dillərini
də mükəmməl
bilməsi önəmli
rol oynayırdı. O həm də Azərbaycan ədəbiyyatına
dünya ədəbiyyatı
kontekstində yanaşırdı.
Görkəmli rus ədiblərindən A.S.Puşkin,
N.V.Qoqol, A.P.Çexov,
fransız dramaturqu J.B.Molyer və digərlərinin ədəbi
irsi ilə yaxından tanışlığı,
bir çoxunun haqqında məqalələr
yazması, əsərlərini
tərcümə etməsi
Azərbaycan ədəbi
düşüncəsinə və ədəbiyyatşünaslıq
elminə böyük
töhfələr idi...
Firidun bəyin xalqının
elmi, təhsili, mədəniyyəti, dili uğrunda fədakar xidmətlərinin, sonsuz sevgisinin nəticəsi idi ki, mənfur
ermənilər belə
bir millət fədaisini aradan götürmək üçün
yol arayırdılar.
Nakam ziyalının 1920-ci ildə
güllələnməsinin əsas səbəbi də məhz hədsiz Vətən sevgisi, xalqını işıqlı gələcək
naminə yorulmadan irəli aparmaq istəyi olmuşdur.
Görkəmli maarifçi, ədəbiyyatşünas-tənqidçi
Firidun bəy Köçərlinin mədəniyyət
tariximizdə unudulmaz xidmətləri yüksək
qiymətləndirilərək 150 illik yubileyinin dövlət səviyyəsində
keçirilməsi ilə
əlaqədar Prezident
İlham Əliyev tərəfindən sərəncam
imzalanmışdır. Deməli, ömrünü xalqının
gələcəyi naminə
şam kimi əridən milli, saf əqidəli Vətən ziyalılarının
əməlləri örnək
olaraq daim xatırlanacaq.
Fariz Yunisli
Mədəniyyət.- 2013.- 23
avqust.- S. 13.