Londonda azərbaycanlı musiqiçilərin
konserti
Londonun məşhur “Royal Albert
Hall” konsert salonunda azərbaycanlı xanəndə Qoçaq
Əsgərovun və onun tələbəsi Fidan
Hacıyevanın konserti olub.
Gecə “BBC 3” radiosunun dünya xalqlarının musiqi mədəniyyətinə həsr olunmuş “World Routes Academy” layihəsi çərçivəsində keçirilib. İki hissədən ibarət konsertdə həmyerlilərimizlə yanaşı, Malidən gələn musiqiçilər də iştirak ediblər.
İfaçıların çıxışlarını diplomatik korpusun nümayəndələri, burada yaşayan azərbaycanlı icması, müxtəlif ölkələrdən musiqisevərlər dinləyiblər. Muğam parçaları ilə yanaşı, milli musiqi alətlərimiz balaban, nağara, tar və kamançada ifalar da böyük rəğbətlə qarşılanıb.
Mali və Azərbaycan haqqında tamaşaçılara məlumat verən gecənin aparıcısı ölkəmizin zəngin musiqi tarixi və mədəniyyətinin olduğunu bildirib. Qeyd edilib ki, ölkəmizdə klassik musiqi ilə yanaşı, müasir estrada mahnılarının da təkrarolunmaz ifaçıları var. Azərbaycanın 2011-ci ildə “Eurovision” mahnı müsabiqəsində qalib olduğunu vurğulayan aparıcı ölkəmizin Qərblə Şərq arasında mədəni körpü rolunu oynadığını vurğulayıb.
Konsert “BBC 3” radiosu ilə canlı yayımlanıb. Konsertə
bu linkdən baxmaq mümkündür: http://http://www.bbc.co.uk/proms/whats-on/2013/august-22/14664
Mədəniyyət.- 2013.- 28 avqust.- S. 5.