Şəkiyə gələn turistlərin sayı artıb

 

Son bir ildə Şəkiyə gələn turistlərin sayı iki dəfəyədək artıb. Bu tendensiyanı şəhərdəki «Yuxarı baş» Dövlət Tarix-Memarlıq Qoruğuna gələn qonaq sayında da görmək olar. 2013-cü ilin yanvar-avqust aylarında qoruq ərazisini 20 min nəfərədək turist ziyarət edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə iki dəfədən çoxdur.  

   «Yuxarı baş» Dövlət Tarix-Memarlıq Qoruğunun direktoru Təranə Abdullayevanın bildirdiyinə görə, Şəkiyə turist axınının ilbəil çoxalmasının səbəbləri şəhərdə tarix-mədəniyyət abidələrinin bərpası, yeni infrastruktur layihələrinin həyata keçirilməsi, müasir tələblərə cavab verən mehmanxanaların və istirahət mərkəzlərinin istifadəyə verilməsi ilə bağlıdır. Ölkə Prezidentinin Şəki şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncamlarının icrası öz bəhrəsini verməkdədir. Şəhərin siması daha da gözəlləşib, turizm potensialı genişləndirilib, xalq sənəti daha da inkişaf etdirilir.

   Bir müddət əvvəl bərpa olunan XIX əsrə aid tarixi-memarlıq abidəsi «Aşağı Karvansara», Mirzə Fətəli Axundzadənin ev-muzeyi, habelə bu günlərdə Prezident İlham Əliyevin iştirakı ilə açılışı olan «Şəki xanlarının evi» turistlərin maraq göstərdiyi məkanlardır.

   Şəki həm də muzeylər şəhəridir. Burada 9 muzey fəaliyyət göstərir. Yay mövsümündə bütün muzeylər fasiləsiz iş rejimində işləyir. Qoruğun ərazisində olan sənətkarlıq emalatxanaları daim turistlərin xidmətindədir. Şəki mətbəxinin özünəməxsusluğu, rəngarəngliyi də turistləri daim özünə cəlb edir.

   Təranə Abdullayeva deyib ki, qoruğun ərazisində dövlət qeydiyyatından keçmiş 25 tarixi abidə var: «Lakin araşdırmalar nəticəsində bu ərazidə 200-dən artıq abidənin, yaşayış mülkləri və kiçik emalatxanaların olduğunu aşkar etmişik. Burada təbiət abidələri ilə insanların yaratdığı abidələr vəhdət təşkil edir, bir-birini tamamlayır. Qoruq ərazisinin bənzərsizliyi, dəyəri həm də onun Azərbaycan mədəniyyətinə, incəsənətinə, elminə bəxş etdiyi görkəmli şəxsiyyətlərin adı ilə bağlıdır. Mirzə Fətəli Axundzadə, Rəşid bəy Əfəndiyev, Bəxtiyar Vahabzadə, Sabit Rəhman, Hikmət Ziya, Fuad Əbdürrəhmanov, Emin Sabitoğlu, Rasim Ocaqov kimi görkəmli sənətkarlar məhz bu ərazidə doğulub, yaşayıb, fəaliyyət göstərib. Bu şəxsiyyətlərin bir çoxunun hazırda qoruq ərazisində ev-muzeyləri fəaliyyət göstərir”.

   Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə ölkəmizdə tarixi keçmişimizi əks etdirən bir sıra abidələrin UNESCO-nun mədəni irs siyahısına daxil edildiyini söyləyən direktor Azərbaycan memarlığının nadir incilərindən olan Şəki xanlarının sarayının, həmçinin «Yuxarı baş» Dövlət Tarix-Memarlıq Qoruğunun da bu siyahıya daxil edilməsi üçün lazımi iş aparıldığını deyib.

 

   Fəxriyyə Abdullayeva

 

Mədəniyyət.- 2013.- 28 avqust.- S. 6.