Qəbələdə
“Mürəbbə festivalı” keçirilib
Gözəl təbii şəraiti, əlverişli turizm imkanları ilə seçilən Qəbələ rayonu son illər müxtəlif beynəlxalq və respublika əhəmiyyətli mədəni-kütləvi tədbirlərə ev sahibliyi edir. Ecazkar təbiəti, füsunkar mənzərələri, eləcə də həyata keçirilən geniş abadlıq-quruculuq işləri, yeni infrastruktur layihələri yerli və xarici turistlərin rayona marağını daha da artırır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Qəbələ sürətlə beynəlxalq turizm mərkəzinə çevrilməkdədir” sözləri bölgənin inkişaf tempinə verilən yüksək qiymətdir. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə artıq beş ildir ki, ənənəvi olaraq gerçəkləşən Qəbələ Beynəlxalq Musiqi Festivalı bu diyarı dünya musiqi ictimaiyyətinin diqqət mərkəzinə çevirib.
Milli mətbəximizin
təbliğinə töhfə
Bu günlərdə Qəbələ daha bir ilkə imza atıb. Mədəniyyət və Turizm Nazirliyi və rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə keçirilən “Mürəbbə festivalı” milli mətbəximizin, mədəniyyətimizin zənginliyini bir daha nümayiş etdirib.
Avqustun 24-də Qəbələ şəhərindəki “Qafqaz Resort” hotelinin qarşısında açılan festivalda yerli şirniyyatçılarla yanaşı, İsmayıllı, Oğuz, Qax, Şəki, Balakən, Ağdaş, Ucar, Göyçay, Zərdab və Yevlax rayonlarının təmsilçiləri iştirak edib.
Mərasimə rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayev, Turizm şöbəsi Daxili turizm sektorunun müdiri Mahir Qəhrəmanov, Azərbaycan Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanov, Hindistan, Misir və Pakistanın ölkəmizdəki səfirləri, mədəniyyət və incəsənət xadimləri, çoxsaylı yerli və xarici turistlər qatılıblar.
Qonaqlar əvvəlcə hər rayonun şirniyyatçılarının hazırladıqları süfrələrə yaxınlaşaraq samovar çayı ilə müxtəlif çeşiddə olan mürəbbələrin dadına baxıblar.
Festivalda iştirakçı rayonların hər birindən 12 çeşiddə mürəbbə hazırlayan 12 nəfər, habelə həmin rayonların bədii kollektivləri, xalq tətbiqi sənəti ustaları iştirak ediblər.
Festival əvvəlcə yarış şəklində təşkil olunub. Bunun üçün 7 nəfərdən ibarət xüsusi komissiya yaradılıb. Komissiya tərəfindən isə 12 nəfərdən ibarət münsiflər heyəti seçilib. Heyətdə müvafiq sahə üzrə mütəxəssislər və digər ekspertlər yer alıb. Yarışlar bitdikdən sonra mürəbbələrin satışı üçün şərait yaradılıb.
Festival çərçivəsində xalq tətbiqi sənəti ustalarının əsərlərindən ibarət sərgi-yarmarka təşkil edilib, həmçinin iştirakçı bölgələrin bədii kollektivləri öz bacarıqlarını göstəriblər.
Bir banka ərik mürəbbəsinə 500 manat
Qaydalara əsasən hər iştirakçı müsabiqəyə bir mürəbbə növü ilə qatılıb. Festivalda nümayiş olunan 12 çeşid mürəbbənin hər biri 100 ballıq sistemlə qiymətləndirilib. Münsiflər heyətinin üzvləri 7 saat ərzində mürəbbələrin hansının daha dadlı və keyfiyyətli olmasını müəyyənləşdirməyə çalışıblar. Çox çətin və məsuliyyətli seçimdən sonra ən dadlı mürəbbələr müəyyən edilib və onları hazırlayan şirniyyatçılar mükafatlandırılıb.
Festivala avqustun 25-də yekun vurulub. Münsiflər heyətinin qərarına
əsasən, Ucar rayonunun sakini Bəsirə Abbasova birinci yeri tutub.
Onun hazırladığı
ərik mürəbbəsi
93,6 balla qiymətləndirilib və
qalibə 500 manat pul mükafatı təqdim edilib.
Qəbələ komandası ən yaxşı gül mürəbbəsinə görə 300 manat, Oğuz komandası isə gavalı mürəbbəsinə görə 200 manat mükafat qazanıb. Digər rayonların komandaları diplomla təltif olunub.
Qeyd
edək ki, festivalın təşkilat
komitəsi gələcəkdə bu tədbiri
ənənəvi olaraq və beynəlxalq
miqyasda keçirməyi
planlaşdırır.
Mədəniyyət.- 2013.- 28
avqust.- S. 8.