“Şərq təranələri” festivalında
Azərbaycan musiqisi
Özbəkistan Prezidenti İslam Kərimovun təşəbbüsü
və UNESCO-nun dəstəyi
ilə 1997-ci ildən
qədim tarixə malik Səmərqənd şəhərində “Şərq
təranələri” beynəlxalq
musiqi festivalı keçirilir. İki ildən bir
təşkil olunan
festival dünyada geniş
maraq doğurur.
Bu il 9-cu dəfə gerçəkləşən
musiqi bayramında 50-dən
çox ölkənin
kollektivləri, mədəniyyət
xadimləri qatılıb.
Sevindirici haldır ki,
indiyədək keçirilmiş
festivalların hamısında
iştirak edən Azərbaycan musiqiçiləri
böyük uğurlara
imza atıb. İlk festivalda Xalq artisti Simarə İmanova “Qran-pri” mükafatını qazanıb.
2001-ci ildə Xalq artisti Alim
Qasımov birinci yerə layiq görülüb. 2003-cü
ildə isə Əməkdar artist Zabit Nəbizadə ikinci yerin mükafatçısı
olub. 2005-ci ildə müğənni Aygün Bəylər festivalda birincilik əldə edib. Qalibiyyət ənənəsini 2009-cu ildə
xanəndə Qoçaq
Əsgərov davam etdirib.
25-30 avqust tarixində keçirilən
IX “Şərq təranələri”
festivalında Azərbaycanı
tanınmış müğənni,
muğam ustası Elnarə Abdullayeva "Şirvan" qrupu ilə təmsil edir. Nümayəndə heyətinin tərkibinə
həmçinin Milli Məclisin deputatı, Azərbaycan-Özbəkistan parlament
dostluq qrupunun üzvü Etibar Hüseynov, Azərbaycan Bəstəkarlar İttifaqının
katibi, sənətşünaslıq
üzrə fəlsəfə
doktoru Lalə Əliyeva, Bakı Musiqi Akademiyasının professoru, Əməkdar incəsənət xadimi Zümrüd Dadaşzadə,
Mədəniyyət və
Turizm Nazirliyinin Mədəniyyət siyasəti
şöbəsinin əməkdaşı
Rəşad Əliyev
daxildir.
Ölkəmizin
Daşkənddəki səfirliyi
nəzdində fəaliyyət
göstərən Heydər
Əliyev adına
Azərbaycan Mədəniyyət
Mərkəzindən verilən
məlumata görə,
Elnarə Abdullayeva avqustun 25-də, festivalın
ilk günündə çıxış
edib və onun ifası alqışlarla qarşılanıb.
Həmin
gün Ukrayna, Belarus, Çexiya, Fransa, Banqladeş, Malayziya və Burkina-Faso təmsilçiləri
də çıxış
ediblər.
Festivalın rəsmi
açılış mərasimi avqustun
27-də keçirilib. Mərasimdə UNESCO-nun baş direktoru İrina Bokova iştirak edib. Baş direktorun Özbəkistan Prezidenti
İslam Kərimovla
görüşündə qurumla birgə
həyata keçirilən layihələrdən söz açılıb. Vurğulanıb
ki, son illər UNESCO-nun himayəsi altında
tanınmış şəxsiyyətlər Əmir Teymur, Mirzə Uluqbəy, Əhməd əl-Fərqani,
İmam əl-Buxari, Kəmaləddin Behzad, həmçinin qədim şəhərlər
- Səmərqənd, Buxara, Xivə, Şəxrisabz,
Mərqilan, o cümlədən ədəbi
abidələr olan “Alpamış” və
“Avesta”nın, Xarəzmdəki “Məmuna” Akademiyasının
yubileyləri yüksək səviyyədə qeyd
olunub. Qeyd edək ki, Özbəkistanın Səmərqənd, Buxara, Xivə və Şəxrisabz şəhərlərinin
maddi mədəniyyət abidələri UNESCO-nun mədəni irs
siyahısına daxil edilib.
2001-ci ildə qədim Buxara “Dünya şəhəri” adını
alıb.
Mədəniyyət.- 2013.- 28
avqust.- S. 9.