Ölkəmiz Braziliyada İCOM-un toplantısında təmsil olunub

 

Rio-de-Janeyroda “Azərbaycan filmlərinin nümayişi günləri” də keçirilib

  

   1946-cı ildən fəaliyyət göstərən (Beynəlxalq Muzeylər Şurası - İCOM) UNESCO tərəfindən dəstəklənir və BMT-nin İqtisadiSosial Şurası nəzdində məsləhətçi statusa malikdir. 1993-cü ildə təsis edilən İCOM-un Azərbaycan Milli Komitəsi qurumun işində fəal iştirak edir, bu çərçivədə maddiqeyri-maddi irs nümunələrimizin dünyaya tanıdılmasına töhfə verir, Azərbaycanda muzey işinin təkmilləşdirilməsi üçün beynəlxalq əlaqələr yaradır.  

   Avqustun 10-dan 17-dək Braziliyanın Rio-de-Janeyro şəhərində İCOM-un XXIII Baş Konfransı və XXVIII Baş Assambleyası keçirilib.

   “Muzeylər (Yaddaş + Yaradıcılıq) = Sosial dəyişiklik” mövzusunda keçirilən Baş Konfransda müasir dövrdə muzey işi sahəsində mövcud problemlərin həlli yolları müzakirə olunub. Dünyanın 100-dən çox ölkəsindən 2000-ə yaxın nümayəndənin qatıldığı tədbirdə respublikamızı İCOM Azərbaycan Milli Komitəsinin sədri, Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin direktoru Röya Tağıyeva, Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova, Milli İncəsənət Muzeyi innovasiya şöbəsinin müdiri Əminə Məlikova, “Azərbaycan Xalçaçıları” İctimai Birliyinin üzvü Humay Məmmədzadə, “İçərişəhər” Tarixi Muzeyinin şöbə müdiri İradə Qasımova, muzeyin bələdçisi Həcər Alxasova, Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” Birliyinin direktoru, general-mayor Qambay Əliyev, Birliyin Xarici əlaqələr şöbəsinin müdir müavini Ramiz AğayevGömrük Tarix Muzeyi filialının direktoru Sevil Axundova təmsil ediblər.

   Baş Konfransda İCOM-un qarşıdakı üç il ərzində görəcəyi işlərlə əlaqədar müzakirələr aparılıb, qurumun prezidenti seçilib.

   Eyni zamanda tədbirdə iştirak edən yeddi ölkə sırasından Azərbaycan İCOM-un Asiya-Sakit okean regionu üzrə birliyinin (ASPAK) idarə heyətinə üzv seçilib. ASPAK-da ölkəmizi İCOM Azərbaycan Milli Komitəsinin sədri Röya Tağıyeva təmsil edib. Qeyd edək ki, təşkilatın Azərbaycan Milli Komitəsi 10 ilə yaxındır İCOM ASPAC birliyi ilə əməkdaşlıq edir. 1967-ci ildən fəaliyyət göstərən ASPAK İCOM-un orqanıdır, 24 milli komitədən ibarətdir. ASPAK-ın fəaliyyəti mədəni dəyərlərlə qeyri-qanuni alver və bəşəriyyətin mədəni irsinin mühafizəsi, Asiyanın geridə qalmış muzeylərinin inkişafı ilə bağlı problemlərin həllinə yönəlib.

   Konfrans çərçivəsində İCOM-un Muzeylər və Geyim Kolleksiyaları Beynəlxalq Komitəsinin (COSTUME) iclasında sənətşünaslıq doktoru, professor Röya Tağıyeva “Önlük, meyzər - unudulmuş yaddaş”, Ədəbiyyatçıların və Bəstəkarların Muzeyləri Beynəlxalq Komitəsi (İCLM) və Şəhər Muzeyləri Komitəsinin (CAMOC) iclasında sənətşünaslıq üzrə fəlsəfə doktoru Alla Bayramova “Bakı - musiqiçilərin, ədiblərin əsərlərində və xatirələrində” adlı məruzələrlə çıxış ediblər.

   Ölkəmizin Braziliyadakı səfiri Elnur Sultanov İCOM Azərbaycan Milli Komitəsinin üzvləri ilə görüşüb, iki ölkə arasında mədəni əməkdaşlıq, Azərbaycan mədəniyyətinin Braziliyada təbliği yolları haqqında söhbət aparılıb.

   14-19 avqust 2013-cü il tarixlərində Rio-de-Janeyro şəhərində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və ölkəmizin Braziliyadakı səfirliyi tərəfindən “Azərbaycan filmlərinin nümayişi günləri” keçirilib. Tədbir çərçivəsində konfrans iştirakçıları avqustun 15-də kinorejissor, Xalq artisti Eldar QuliyevinGirov” filminə tamaşa ediblər.

   Azərbaycanın Braziliyadakı səfirliyi tərəfindən nümayəndə heyətimizin ictimaiyyətlə görüşü də təşkil olunub. Görüşdə müxtəlif nümayəndə heyətlərinin iştirakı ilə fikir mübadiləsi aparılıb, ölkəmizin mədəniyyəti, tarixi ilə bağlı suallar cavablandırılıb.

   Səfirlik tərəfindən iştirakçılara təqdim olunan “İRS-HERANÇA” jurnalının portuqal dilində 2013-cü il nəşrində Azərbaycanın tarixini, mədəniyyətini əks etdirən məqalələr, o cümlədən tədqiqatçı Röya Tağıyevanın dahi xalça ustası Lətif Kərimova həsr etdiyi məqaləsi dərc olunub.

   Konfrans çərçivəsində həmçinin muzey yarmarkaları keçirilib. Burada müasir muzey avadanlıqları, yeni muzey layihələri nümayiş etdirilib. Azərbaycan nümayəndələri tərəfindən yarmarkada müxtəlif bukletlər, kataloq, muzey bələdçisi təqdim edilib.

   Azərbaycan nümayəndə heyəti səfər zamanı Braziliyanın müxtəlif muzeyləri ilə tanış olub, birgə layihələrin həyata keçirilməsi yönündə fikirlər irəli sürülüb. İCOM Azərbaycan Milli Komitəsi konfransda iştirak edən digər ölkə nümayəndələri ilə gələcəkdə birgə tədbirlərin keçirilməsi haqqında sazişlər bağlayıb.

   Qeyd edək ki, İCOM Azərbaycan Milli Komitəsi sentyabr ayında Bakıda Baş Konfransın nəticələri ilə bağlı dəyirmi masa keçirməyi planlaşdırır.

 

Mədəniyyət.- 2013.- 28 avqust.- S. 9.