Ayrılığın
sonu yoxmuş
Görkəmli yazıçı, nəsr əsərləri ilə çoxsaylı oxucu rəğbəti qazanmış Əlibala Qüdrət oğlu Hacızadə 1935-ci il avqust ayının 28-də Biləsuvar rayonunun Ağalikənd kəndində anadan olub. Xırmandalı kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin fars şöbəsində təhsil alıb (1953-1958). 1958-ci ildə Azərbaycan EA Yaxın və Orta Şərq Xalqları İnstitutunda kiçik elmi işçi kimi əmək fəaliyyətinə başlayıb. 1964-cü ildə dissertasiya müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsi alıb.
Yazıçının “Mənim müəlliməm” adlı ilk hekayəsi 1956-cı ildə “Uşaqgəncnəşr”in buraxdığı “Gəncliyin səsi” almanaxında dərc olunub. Bundan sonra dövri mətbuatda vaxtaşırı çıxış edib. 1962-ci ildən Yazıçılar Birliyinə üzv qəbul olunub.
Əlibala Hacızadə gözəl novella ustasıdır. Bu novellalarda kəskin, öldürücü satiradan çox incə yumor, zarafat nəzərə çarpır. Onu yaxşı tanıyanlar bilirlər ki, o, son dərəcə hazırcavab, sözü yerində deməyi bacaran bir insan idi. Hekayələrinin də dili çox canlıdır. Bəlkə elə bu səbəbdən də hekayələri vərəqlədikcə, elə bil ki, kitab oxumursan, qəlbi açıq, səmimi bir adamın ürək söhbətinə qulaq asırsan. Bəzən bu söhbətlər şirin bir yerdə qırılır, yazıçı qəhrəmanın dünəninə boylanır, başqa bir əhvalatı ön plana çəkib bayaq danışdığı əhvalata calayır. Ədibin həyatı realist inikas bacarığı, təsvir imkanları, konkret, dəqiq lövhə çəkmək məharəti bədii surətlərin zahiri görkəmində və kiçik məişət epizodlarının təsvirində də diqqəti cəlb edir.
Bir vaxtlar Azərbaycan kitabxanalarında ən çox oxunan kitablar Əlibala Hacızadənin məşhur əsərləri idi. “Təyyarə kölgəsi, “Əfsanəsiz illər”, “Vəfalım mənim”, “Ayrılığın sonu yoxmuş” və s. əsərləri əl-əl gəzirdi. Bu kitablar indi də bədii mütaliə həvəskarları tərəfindən sevilə-sevilə oxunur. Yazıçının “İtkin gəlin” romanı əsasında qələmə aldığı ssenarisinə 12 seriyalı bədii televiziya filmi çəkilib.
Əlibala Hacızadə görkəmli yazıçı olmaqla yanaşı, eyni zamanda böyük ziyalı idi. O, müəllimliyi həyatının zirvəsi sayırdı. Tələbələrə fars dilinin incəlikləri ilə yanaşı, həyat dərsinin ağır yüklərini də daşımağı öyrədirdi.
O, gözəl şair kimi də oxucularının, dinləyicilərinin, tamaşaçılarının sevgisini qazanmışdı. Onun sözlərinə bəstələnmiş mahnılar bu gün də populyar müğənnilərin repertuarında özünə yer tutur.
Əlibala
Hacızadə 2009-cu il oktyabrın 9-da əbədiyyətə
qovuşub.
Mədəniyyət.- 2013.- 28
avqust.- S. 11.