Sən elə tar çalıbsan
ki...
buna bab söz demək, qələm çalmaq çox
çətin, ustad!
Sənin haqqında
könlümün üçüncü
“çalğı”sıdı bu, ay Qurban dayı! Biri “Bir “Segah”i yazı” adında, o biri - “Ələsgərin
sazı, Qurbanın tarı” namında. “Atalar
üçdən deyib”ən bunu da yazmağa qol qoydum; ötənkilərin
maya-mənaları qovuşuğunda bir pərdə “Humayun”,
bir-iki mizrab “Rahab”, üç-dörd guşə “Mənsuriyyə”
ladında...
Hər yazımın adı qələmin,
odu, ladı, dadı-ləzzəti ulu Tarın, musiqi mədəniyyətimizdə
əbədi örnək kimi qalı sənin - Qurban Pirimov!..
Sənin
doğulduğun elat haqda çox söz deyilib ki, onlardan bir
nümunə də “Külli-Qarabağın abi-həyatı -
Nərmənazik bayatıdır, bayatı” misralarıdır.
O cənnət məkan haqda nə qədər elmi-populyar əsərlər
yazılıb, musiqilər, nəğmələr qoşulub. Hələ
oranın canlı əsərləri! Ad-sanları dilə-ağıza
sığmayan dahilər, sayları kitaba-kağıza yerləşməyən
məşhurlar! Deməli, gen (gendəngəlmə)
məsələsi tək elə şəcərəvi deyil, həm
də təbii-mühiti halmış. Bu iki verginin
qovuşuğu isə özgə bir aləm
yaradırmış!..
Sənin şəxsi (əslində
nəsli) “balans”ına nəzər yetirdikcə,
bütün mətləblər aydınlaşır, ustad.
Özündən yüz il əvvəl sənin
nəsil-nəcabət şöhrətin doğulub. Baban - məşhur
Aşıq Valeh XVIII əsr Azərbaycan saz-sözünün
gözü olub. Sonrakı yüzilin 80-ci ilində
o sazəndə-xanəndə ocağının gələcək
közü olaraq sən doğulubsan ki, müqəddəs
bayramla ilgili olaraq, adın Qurban qoyulub.
Sənin də sənədinə bənzərsiz
sənət yurdlarımızın adı düşüb: Şuşa qəzası, Abdal Gülablı kəndi.
On yaşından on üçünə qədər
atan səni çox imtahanlara çəkib. Hərdən özün öz yar-yoldaşına
danışırmışsan ki, tarda çala-çala irəlilədiyin
bütün pərdələrdən dəfələrlə
geri qaytarırmış səni. Bığ
yerinin təzəcə tərlədiyi yaşda isə “Sudan gələn
sürməli qız”ı necə çalıbsansa, o
çağadək ot-alafdan savay heç nə
çalmamış ata əlləri sürəkli bir çəpik
çalıb. On beşində niyə məhz
bu mahnını gündə qırx yol
havalandırmağının səbəbkarından da duyuq
düşüb. Hələ bir gün də bu
qapıdan yüz gəz keçərək suya gedib-gələn
bir sürməsiz qızcığaza yönəli - sənə
bir “arifi” göz də vurubmuş...
Bunlar doğma,
şifahi xatirələr. Bir az da -
“Yad”
və yazılı xatirələrdən...
On dördündə
atasının alqışını, on beşində ustadlar
ustadı Sadıqcanın xeyir-duasını alan
Qurban Qarabağ toylarında adlı-sanlı xanəndələri
müşayiət etməyə başlayır. Hərdən
Azərbaycan sərhədlərindən kənarlara - Qafqazlara
dəvət alır. Bu qos-qoca alət
çox gənc Qurbanın kövrək sinəsində daha
bir örnək yuva tapır. O toyların birində “Bu
yaşda tarı sinəsinə bütöv bir Şərq
balasıtək sıxıb, Azərbaycan anasıtək dilləndirən
Qurban”ı görən böyük xanəndə İslam
Abdullayev onu özünə daimi müşayiətçi
götürür. Lakin Qurbanın gündən-günə
yayımlanan şöhrəti onun simasında böyük qənimət
əldə etmiş ustad xanəndənin arzularını
gözündə qoyur. Belə ki, 1905-ci
ildə Gəncə toylarının birində Qurbanın
ifasına vurulan Cabbar Qaryağdıoğlu onu (İslam
Abdullayevdən razılıq alaraq) özü ilə Bakıya
gətirir.
O, Bakıya düşəndə
bu şəhərdən tək elə neft iyi yox, böyük
sənət qoxusu da gəlirmiş.
Və... qədim
Azərbaycan mədəniyyəti yepyeni bir sənət
övladına hamilə imiş. 1908-ci ildə həmin
əsər-övlad - “Leyli və Məcnun” doğuldu və 28
yaşlı Qurban bu operanın ilk tamaşasında orkestrin
solisti oldu.
Sonralar...
dövrün bu nadir sənətkarının yaşı
üstə yaş gəlməkdə, sənətimizin, mədəniyyətimizin
mənəvi sarayının daşı üstə daş
qoyulmaqda. Ev-ailə Məcnunu Qurban da
öz həyat Leylisini tapıb evlənsə də,
çöllər “Leyli-Məcnun”una məhəbbəti səngimədi;
1908-i düz 1958-ə caladı. Və
deyirlər, min dəfə çaldığı o
tamaşalarda bu qədim-qayım kişinin üzü bir kərə
də olsun, ürəkdən gülmədi. Nədən
ki, nə qədər çalıb-çağırsa da,
Leylini Məcnuna verə bilmədi...
Ustad sinə. Onun haqqında düşünərkən duyğuya
gələn kəlmələrdən biri. O sinənin
altında ürək adlı canlı halət, üstündə
tar isimli şanlı alət. Yeri məclislərin yuxarı
başı olan alətlərin üzük qaşı!
Duyğular çeşməsi, məhəbbət dolu zövqlərin
sədəfli hədəfi! Hansı ki, onun “saznan dediklərini”
söznən deyib qurtarmaq olmur!
“Zil”
xatirə...
Sayğı-duyğularınızı
“sarı sim” üstə kökləyib, əhvalınızın
“şah pərdə”sində bəkləməli...
Yuxarıda
demişdim axı, on dörd-on beşində hər
yanlış xala görə atası onu dəfələrlə
irəlilərdən gerilərə qaytarıb. Yəqin
elə bir az da buna görə səksən
beşində (1965-in 10 avqustunda Azərbaycan Dövlət
Filarmoniyasının səhnəsində) 23 dəqiqə
çəkən “Rahab”ı elə rübablayıb ki,
tamaşaçıların tufan-alqışları altında
düz üç kərə “zakulis”dən geri - səhnəyə
qayıtmalı olub. Bu qayıtmaların
birincisində gülümsünüb, ikincisində
qayğılanıb, üçüncüsündə isə
- gah alqışçılara, gah səbəbkara mat-mat baxan
gənc ifaçılardan biri onun qolundan yapışmalı
olub. Sonra ustad bir az öncə
qalxdığı stula oturub, üzrxahlıq və minnətdarlıq
dolu baxışlarla salona göz gəzdirib və nəhayət,
səhnəni tərk edib. Həmin anlar emosiyalarını
çəpiklərlə ovudan o tamaşaçıların
ağlına gəlməzdi ki, hələ
görünüşü qıvraq, mizrabı şaqraq olan bu
ustad vur-tut 19 gündən sonra - 1965-ci il
avqustun 29-da dünyasını dəyişəcək.
Amma o
tamaşaçılar, bütün musiqi ictimaiyyəti belə
bir mətləbin fərqindəydilər ki, çox xanəndələri
müşayiət etsə də, o ustadın ən çox
bağlandığı Xan Şuşinski bu itkidən nələr
çəkir. Axı onun “Tardan Ərəbzəngi kimi bac alan Qurban qağa”sı onu həyat
dostluğunda (səhnə heç - burada kimsə
tapılır) tənha qoyub getmişdi! Daha hansısa
şöbədə, keçiddə, ayaqda hansı
çaları vurğulamağı arifi him-cimlərlə
göydə tutan “üçlük” dostu qeybə çəkilmişdi...
Sən
bir ustad ki...
Bu gün şöhrəti
dünyaya bəlli bu alətin “geniş kütlənin
şirini, şərbəti, alovlu sənəti!” olduğunu
“Oxuma, tar! İstəməyir proletar! Səndə
çalınsın “Qatar”!” - deyilən
dövrlərdə də sübut etdin.
Sən ulu
tarımızı oxutdun, dövrün ən müasir
salonlarını, ən gənc məclislərini də qocaman
Şərq xəyalatına daldırdın. Onun şəbəkə-şəbəkə
şöbələri, ağsaqqal-ağsaqqal “mayə”ləri,
asta-becid keçidləri, “gülü-rüxsarinə
qarşu” gedişlərilə hər kəsi “ahəstəcə
qandırdın”. Çaldın və bizlərdən
bütün həzz duyğularımızın, hisslərimizin,
mənəvi, cismi, ismi hallarımızın o ruha dair hər
dür tərif-“tarif”lərini aldın.
Sən onu
barmaqlarınla dil-dil dilləndirdin, ürəyinlə
gül-gül gülləndirdin.
Sən - əsl Azərbaycan
tarının yaradıcısı Sadıqcandan bilavasitə dərs
alıb, tarı “...sinəsinə bütöv Şərq
balasıtək alan” (İslam Abdullayev),
“Mizrabıyla gürzə tək çalan” (Seyid
Şuşinski), “...gah meh kimi qəlb mənzilinə dolan, gah
tufan salan” (Sadıqcan), “Ərəbzəngi kimi bac alan” (Xan
Şuşinski) oldun...
Qoy sənin bir həmyerlinin - “həmişə
yanmaq peşəli” şair Famil Mehdinin beş
bəndlik qoşmasından iki bəndi də ayağa çəkək.
Qoy dünyasını “Qarabağ dərdilə bahəm” dəyişmiş
o kişinin də ruhu bir yadımlıq şad olsun:
Min hava çalınır
könül tarımda,
Dünyanın nə
çoxu, nə azıyam mən.
Fəsillər
görüşür duyğularımda,
İlin həm
qışıyam, həm yazıyam mən.
Dinlə “Çahargah”ı,
eşit “Qatar”ı -
Könül
dünyasının sərvəti, varı.
Ələsgərin sazı,
Qurbanın tarı,
Seyidin, Cabbarın avazıyam mən...
Sənin “Xalq artisti” adın, “Şərəf
nişanı”, “Qırmızı əmək bayrağı”
ordenlərin, neçə-neçə filmoqrafiya
fakturaların, adın çəkiləndə köhnə sənət
adamlarının təzimanə duruş-baxışları da
ki, öz yerində.
Və sən tardan əsrlərlə
gec doğulsan da, adın, şöhrətin bu milli sərvət-alətin
gələcəyi qədər yaşayası...
Tahir
Əhmədalılar
Mədəniyyət.- 2013.- 28
avqust.- S. 12.