Düşüncələr dənizi

 

Esse

         

   Hər dəfə Bakıda qonaq olarkən bulvara gedərək dənizə tamaşa etməyi çox sevirəm.   

   Ucu-bucağı görünməyən Xəzərin suları küləyin səmti istiqamətində ləpələnərək dalğalara çevrilir. Bəzən bu dalğalar sanki azğınlaşaraq, heç kimə, heç nəyə məhəl qoymadan qarşısına çıxanı vəhşi ehtirasla udmağa çalışır, bəzən isə küləyin titrəyişi ilə qırçın ləpələrə çevrilərək, sakit-sakit dalğalanır, insana həzin bir layla çalır. Sakit dalğaların qoynunda isə insan özünə rahatlıq, dinclik tapır.

   Mən bəzən dəli-dolu, bəzən də sakit-sakit dalğalanan dənizə baxmaqdan doymuram. İmkanım olsa, yorulmadan, saatlarla dənizə tamaşa edərdim. Bu mənə gözəl əhval-ruhiyyə, bəzən isə kövrək hislər bəxş edir. Dənizə tamaşa etmək məni duyğulandırır, düşüncələrə aparır.

   Təlatümlü dənizin dalğalarını insanlarla müqayisə edirəm, onları insanlara bənzədirəm çox vaxt. Axı insanlar da dənizin dalğaları kimi bəzən təlatümlü, əsəbi, gərgin, bəzən isə sakitmehriban olurlar, lap dəniz kimi! Bir dəfə əsən meh dənizin üzərində nə qədər dalğa yaradırsa, bu dalğaların hərəsi bir cür olur. Bəziləri coşğun, çılğın, bəziləri sakitmülayim, lap insan kimi! Bir küləyin titrəyişindən yaranan dalğalar müxtəlif olduğu kimi, bir dünyada yaşayan insanlar da müxtəlif xarakterli, müxtəlif taleli, müxtəlif xasiyyətli olurlar. Bəlkə elə ona görə də mən dalğalarla insanları müqayisə edib onlarda oxşar cəhətlər tapmağa çalışıram.

   Yenə də həmin günlərdən biri idi. Dənizkənarı bulvara gedəndə yolda üç hadisə ilə rastlaşdım. Yolun bir tərəfində bəy gəlinin qolundan tutaraq “Vağzalı” sədaları altında onu maşına əyləşdirirdi. Hər ikisi xoşbəxtliklə bir-birlərinə baxırdılar. Yolun o biri tərəfində isə böyük bir fəryadla, ah-nalə ilə cavan bir qızı son mənzilə yola salırdılar. Yoldan keçənlər də bu acı mənzərəyə dözə bilməyib göz yaşlarını silərək oradan uzaqlaşırdılar. Onlardan bir az qabaqdakı yolda isə ana olmağa hazırlaşan gənc bir xanımı tez-tələsik təcili yardım maşınına əyləşdirib xəstəxanaya aparırdılar.

   Bu üç hadisə məni çox düşündürdü, duyğulandırdı. Gün eyni gün idi, saat da, saniyə də eyni idi. Bu gün, bu saat, bu saniyə isə hərənin taleyinə bir cür yazılmışdı. Biri ailə qururdu, biri valideyn olurdu, o biri bu dünyadan köç edirdi. Eyni gündə, eyni saatda, eyni saniyədə. Həyatın möcüzəsi də elə bundadı, bəlkə də. Gün keçir, saat işləyir. Birinin xeyrinə işlədiyi halda, başqasının aqibətinə qara bəxt yazır. Beləcə, saniyələr dəqiqələrə, dəqiqələr saatlara, saatlar isə günlərə çevrilir. Amma çox asta-asta, yaddaşda, taledə iz qoyaraq!

   Ay dəniz, gör bir mənim düşüncələrimi haralara aparır sənin bu şıltaq, dəlisov dalğaların. Sənə baxanda insan nələr düşünmür, nələr gəlib keçmir gözlərinin önündən?

   Çox qəribədir, dərdli insanlar da dənizin sahilinə gəlib, sənin sularına tamaşa etməklə sanki nə isə özlərinə dərd ortağı axtarmaqla, bəlkə də özünə təsəlliverici həmdəm tapırlar sənin dalğaların arasında. Bu çılğın, bu dəli dalğalar bəzən insanın təsəllivericisi də ola bilirlərmiş. Onların dərdlərinə ortaq olub onları ovudurlarmış, sən demə. Sən öz mehinlə onların yanaqlarına sığal çəkə-çəkə gözlərindən axan yaşları kövrək bir mehribanlıqla, qayğı ilə qurudaraq ürəklərinə sərinlik, təsəlli, təpər verirsənmiş. Bəzən üzünü sənə çevirib gizli göz yaşını axıdan insan hamıdan gizlətdiyi göz yaşlarını yalnız bu dalğalara göstərir. Küləyin həzin titrəyişindən ləpələnərək dalğalara çevrilən bu sular öz sakit axarı ilə dalğın insan köksünə ruhən dolaraq orada bir rahatlıq, bir ümid, bir təsəlli qığılcımı yarada bilir bəzən. Yaralı qəlblərin məlhəmi olurmuş bəzən ağzından sanki alov püskürən, bəzən də insana layla çalan bu dəlisov, ərkəsöyün dalğalar. İnsanın heç kimə göstərmədiyi göz yaşları onun yanağından qoparaq bir damla da olsa dalğalara qarışdığı üçün dalğalar da bu qədər həssas olur insana qarşı.

   Sevən insanlar da dəniz sahilinə gəlib fırtınalı dalğalara, qırçın ləpələrə tamaşa edə-edə bir-birilərinə öz sevgilərini etiraf edirlər. Hətta xəyalən bir-birilərinə bu dalğalı dənizi hədiyyə də edirlər.

   Ay dəniz, sənin suların nə qədər sevənlərin etiraf etdikləri sevgilərin, dərdli insanların göz yaşlarının şahidi olub? Sayı yox, hesabı yox! Ona görə də sakitlikdən uzaq olaraq daim ləpələnərək dalğalanırsan. Bu dalğalar isə birinə sevgi ünvanına, birinə dərd ortağı, ümid yeri, başqa birinə isə, əzizini əlindən alaraq ona əbədi göz yaşı verən bir fəryad ocağına çevrilir. Ona görə də biri səni sevir, o biri isə səndən çəkinir. Sən isə dalğalanaraq ancaq ləpələnirsən hər zaman, hər an!

  

   Məryəm Əliyeva,

 

   Kürdəmir rayon MKS-nin metodika-biblioqrafiya şöbəsinin baş biblioqrafı

 

Mədəniyyət.- 2013.- 28 avqust.- S. 15.