Sabirabadda Heydər Əliyev Mərkəzinin
açılışı keçirilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 29-da Sabirabad və Saatlı rayonlarına səfər edib. Dövlət başçısı rayonlarda aparılan quruculuq-abadlıq işləri ilə tanış olub, bir sıra infrastruktur obyektlərinin, yeni müəssisələrin açılışında iştirak edib.
Prezident Sabirabad şəhərində Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib.
Mərkəz ulu öndərin adını daşıyan istirahət parkında inşa edilib. Parkda əhalinin istirahəti üçün hər cür şərait yaradılıb, 5 min nəfərlik konsert meydanı yaradılıb, attraksionlar quraşdırılıb.
Heydər Əliyev Mərkəzinin binası orijinallığı ilə Sabirabad şəhərinin gözəlliyini daha da artırır. Üçmərtəbəli binanın birinci mərtəbəsində internet kafe və rəqs studiyası, konfrans zalı və müasir akustika sistemi ilə təchiz edilmiş 3D kinozalı fəaliyyət göstərir. İkinci mərtəbədəki ekspozisiya zalında ümummilli liderin müxtəlif dövrlərdə çəkilmiş fotoları sərgilənir. “Heydər Əliyev və Sabirabad. 1970-1998-ci illər” bölməsində dahi rəhbərin bu rayona səfərlərini əks etdirən fotolar yer alıb.
“Azərbaycan dövlətçiliyi tarixi kabineti” də diqqəti cəlb edir. Burada ən son elmi-texniki nailiyyətlərə əsaslanan sistem və avadanlıq quraşdırılıb.
Mərkəzdə
səyyar sərgi zalı fəaliyyət göstərəcək.
Burada rayonun rəssamları
əsərlərini nümayiş etdirəcəklər.
Mərkəzdə dizayn, rəsm və şahmat otaqları, həmçinin elektron kitabxana, fotostudiya və linqafon sinfi də fəaliyyət göstərəcək.
Mədəniyyət.- 2013.- 30
avqust.- S. 2.