Azərbaycanın turizm dünyasında növbəti uğuru

 

Ölkəmiz ən yüksək səslə Dünya Turizm Təşkilatının İcraiyyə Şurasına üzv seçilib

  

   Dünya turizm məkanına uğurla inteqrasiya olunan, bu sahədə beynəlxalq əlaqələrini genişləndirən Azərbaycan bu günlərdə daha bir nailiyyətə imza atıb. Avqustun 24-dən 29-dək Afrikanın ZambiyaZimbabve respublikalarının birgə təşkilatçılığı ilə keçirilən Birləşmiş Millətlərin Dünya Turizm Təşkilatının (UNWTO) 20-ci Baş Assambleyasında ölkəmiz qurumun İcraiyyə Şurasın üzv qəbul olunub.  

   Zambiyanın Livinqston şəhərində baş tutan iclasda Azərbaycan təşkilatın İcraiyyə Şurası üzvlüyünə namizədlər sırasında ən yüksək səs alıb. Şuraya seçilən Avropa qitəsinin 4 dövlətindən (Azərbaycan, Almaniya, Serbiya və Bolqarıstan) Azərbaycan 25 səslə birinci olub. Sonrakı yerləri Almaniya (24 səs), Serbiya (20) və Bolqarıstan (18) bölüşdürüb.

   Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayeviniştirak etdiyi sessiyada ölkəmizin təklifi nəzərə alınaraq Dünya Turizm Təşkilatının Avropa Komissiyasının 2014-cü ildə növbəti iclasının Bakı şəhərində keçirilməsinə dair qərar qəbul olunub.

   Sözsüz ki, bu nailiyyət respublikamızda turizmin inkişafı sahəsində görülən işlərin nəticəsi, Azərbaycanın turizm ölkəsi kimi dünyada nüfuzunun təsdiqi, ölkəmizin bu sahədə beynəlxalq əlaqələrinin, Mədəniyyət və Turizm Nazirliyinin Dünya Turizm Təşkilatı, bir çox tərəfdaş ölkələrlə ardıcıl, səmərəli işgüzar əməkdaşlığının yüksək göstəricisidir. Bu əlamətdar qərarların qəbulunda Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin və ölkəmizin İspaniya Krallığındakı səfirliyinin mühüm rolu olub.

  

   Məqsədyönlü siyasətin bəhrələri

  

   Hazırda dünya iqtisadiyyatında mühüm yer tutan sahələrdən biri kimi turizmdə Azərbaycanın rəqabət imkanları çox yüksəkdir. Təbii sərvətlərimiz, rəngarəng iqlimimiz, zəngin tarixi-mədəni irsimiz cəlbedici turizm məhsulu yaratmaq üçün mühüm zəmindir. Bununla bərabər, dövlət də turizm sahəsinin inkişafını iqtisadiyyatın qeyri-neft sektoru üzrə prioritet istiqamət elan edib. Son illər ölkədə turizmin təşviqi ilə bağlı görülən işlər, aparılan islahatlar, qəbul edilən dövlət proqramları, normativ-hüquqi bazanın təkmilləşdirilməsi bunu bir daha sübut edir. 2010-cu ildə «2010-2014-cü illərdə Azərbaycanda turizmin inkişafına dair» Dövlət Proqramının qəbul olunması, 2011-ci ilin ölkə Prezidenti tərəfindən Azərbaycanda «Turizm ili» elan edilməsi, bununla əlaqədar geniş Tədbirlər Planının təsdiq və icra olunması dövlət səviyyəsində turizmin inkişafına verilən dəstəyin əyani sübutudur. Bu tədbirlərin nəticəsində ölkəmizdə turizm sənayesi yeni mərhələyə qədəm qoyub.

   Azərbaycanda turizmin inkişaf etdirilməsi, zəngin turizm imkanlarımızın xarici ölkələrdə təbliği ilə bağlı Mədəniyyət və Turizm Nazirliyi tərəfindən məqsədyönlü fəaliyyət həyata keçirilir. Nazirlik tərəfindən aparılan təbliğat işləri (ölkəmizin beynəlxalq turizm sərgilərində iştirakı, dünyanın aparıcı televiziya kanallarında Azərbaycanın turizm potensialını əks etdirən reklam çarxlarının yerləşdirilməsi, müxtəlif ölkələrin turizm təmsilçiləri və media nümayəndələrinin ölkəmizə infoturlarının təşkili), habelə beynəlxalq təşkilatlarla, o cümlədən Dünya Turizm Təşkilatı, Avropa Şurası, Avropa İttifaqı, İslam Konfransı Təşkilatı, GUAM, Müstəqil Dövlətlər Birliyinin Turizm Şurası, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı və başqa beynəlxalq qurumlarla sıx əməkdaşlıq nəticəsində Azərbaycan artıq dünyada yeni bir turizm məkanı kimi tanınmağa başlayıb. Region ölkələri arasında beynəlxalq turizm qurumları ilə yaxın əlaqələri də ilk dəfə məhz Azərbaycan qurub.

   Hazırda Azərbaycana daha çox əcnəbi turistin cəlb olunması üçün müvafiq təbliğatın gücləndirilməsi ilə bərabər, bu sahədə normativ-hüquqi bazanın təkmilləşdirilməsi diqqət mərkəzindədir. Ölkə Prezidentinin «Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə viza rəsmiləşdirilməsi sahəsində təxirəsalınmaz tədbirlər haqqında» 2012-ci il noyabrın 30-da imzaladığı sərəncama uyğun olaraq, bu il aprelin 3-dən turistlər üçün onlayn viza sisteminin tətbiqinə başlanılıb. Artıq Azərbaycana gəlmək istəyən əcnəbilər vizaları elektron qaydada əldə edə bilirlər. Bundan əlavə, «Turizm haqqında» yeni qanun layihəsi Azərbaycanın qanunvericilik bazası əsasında və dünya standartlarına uyğun hazırlanıb. Sənədə Dünya Turizm Təşkilatının ekspertləri tərəfindən bir sıra əlavə və düzəlişlər edilib. Artıq qanun layihəsi Nazirlər Kabinetinə təqdim edilib.

  

   “Azərbaycan turizm sahəsində yüksələn ulduzdur

  

   Əldə olunan nailiyyətlər Azərbaycanın turizm dünyasında nüfuzunun, ümumilikdə ölkəmizin dünyada imicinin yüksəlməsinin təzahürüdür. Turizm sahəsində statistik göstəricilər də bunu təsdiq edir. 2012-ci və 2013-cü ilin birinci yarısının nəticələrinə əsasən, turistlərin sayında artım dünyaAvropa üzrə 5% təşkil etdiyi halda, Azərbaycanda turist axınının artımı 10% səviyyəsində müşahidə olunub.

   Bütün bunlar Azərbaycanın beynəlxalq turizm bazarına inteqrasiyası, turizm sahəsində beynəlxalq əməkdaşlığın daha da inkişaf etdirilməsi, ölkələrarası dialoqun və gələcək əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanlar yaradır.

   Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifainin sözləri ilə desək, «Azərbaycan turizm sahəsində yüksələn ulduzdur. Azərbaycanda istər turizmin, istərsə də digər sahələrin inkişafı üçün mükəmməl imkanlar mövcuddurbu gün bu imkanlardan kifayət qədər istifadə edilir».

   Son olaraq onu da qeyd edək ki, Azərbaycanın Dünya Turizm Təşkilatı İcraiyyə Şurasına üzv qəbul olunması, qurumun Avropa Komissiyasının 2014-cü ildə iclasının Bakıda keçirilməsinə dair qərarların qəbulu zamanı Ermənistanın nümayəndə heyəti etirazını bildirib. Lakin düşmən ölkənin bu səyləri heç bir nəticə verməyib və Azərbaycan dünya turizm ailəsində özünün yüksək nüfuzunu bir daha təsdiq edib.

  

   Fəxriyyə Abdullayeva

 

Mədəniyyət.- 2013.- 30 avqust.- S. 3.