Mədəni irs düşərgəsinə yekun vurulub

 

Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin Orta əsr Ağsu şəhəri arxeoloji turizm kompleksində təşkil etdiyi mədəni irs düşərgəsinə yekun vurulub. Avqustun 22-dən 29-dək təşkil edilən düşərgənin məqsədi gənclərimizi mədəni irs abidələrimizlə tanış etmək, onların bilik və bacarıqlarını nəzəri və təcrübi əsaslarla artırmaqdır.

   Düşərgədə birliyin üzvü olan universitetlərin və elmi müəssisələrin tələbə, magistr və gənc tədqiqatçıları iştirak ediblər. Tədbirin ilk günü iştirakçılar komplekslə tanış olublar. SonraTariximiz zibillənməsin!” sosial çarxının çəkilişi gerçəkləşib. Sosial çarx Azərbaycan Gənclər Fondunun “Ən yaxşı sosial çarx” müsabiqəsinə təqdim ediləcək.

   Düşərgədə tarix üzrə fəlsəfə doktoru Fariz Xəlillinin rəhbərliyi ilə Orta əsr Ağsu şəhəri arxeoloji turizm kompleksində arxeoloji qalıqların və tapıntıların konservasiya-təmizlənməsi, sərgisinin təşkil olunması istiqamətində işlər görülüb, tanınmış alimlərin seminarları dinlənilib.

   İştirakçılar Ağsu rayonu ərazisində Növcü daş qoç qəbirləri xatirə abidəsi, ilk orta əsr Mehravan Qalası, XIV əsrə aid Şeyx Dursun türbəsi, Cavanşir su anbarı, İsmayıllı rayonu ərazisində Basqal İpək Mərkəzində ekskursiyalarda olublar. Mədəni irs düşərgələrinin davam etdirilməsi nəzərdə tutulur.

 

 

Ceyhun

 

Mədəniyyət.- 2013.- 30 avqust.- S. 4.