“Şərq təranələri”
50-dən çox ölkəni bir araya gətirib
Xəbər verdiyimiz kimi, Özbəkistanın
Səmərqənd şəhərində Prezident İslam Kərimovun
təşəbbüsü, UNESCO-nun dəstəyi ilə
“Şərq təranələri” IX Beynəlxalq Musiqi
Festivalı keçirilir. Avqustun 27-də Səmərqəndin
məşhur Registan meydanında festivalın rəsmi
açılış mərasimi olub.
Mötəbər musiqi bayramında dünyanın 52 ölkəsindən ifaçılar, musiqiçilər, muğam biliciləri və musiqi nəzəriyyəçiləri iştirak edirlər. Festivalda Azərbaycanı tanınmış xanəndə Elnarə Abdullayevanın rəhbərliyi ilə “Şirvan” muğam qrupu təmsil edir.
Açılış mərasimində Prezident İslam Kərimov, UNESCO-nun baş direktoru İrina Bokova, Beynəlxalq Mədəniyyət və İncəsənət Assosiasiyasının baş katibi Kuo Li Min, Beynəlxalq Folklor Yaradıcılığı Təşkilatının baş katibi Mun Xyunq Suku, Asiya Beynəlxalq İncəsənət Festivalları Assosiasiyasının sədri Çen Şenqlayu, Koreya Respublikası Prezidentinin mədəniyyət məsələləri üzrə müşaviri Hyunq Van Li, Əfqanıstanın informasiya və mədəniyyət naziri Səid Maxdun Raxin, xarici ölkələrin diplomatları, mədəniyyət, incəsənət sahəsinin tanınmış şəxsləri qatılıb.
Açılış mərasimində Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov da iştirak edib.
Azərbaycan nümayəndə heyətinin tərkibinə millət vəkili Etibar Hüseynov, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Lalə Hüseynova, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Əməkdar incəsənət xadimi Zümrüd Dadaşzadə, Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Rəşad Əliyev daxildir.
Açılış mərasimində Özbəkistan Prezidenti İslam Kərimov iştirakçıları təbrik edərək bildirib ki, qədim Səmərqənd yüzilliklər ərzində dünya mədəniyyətinin və sivilizasiyasının mərkəzi, Şərqin əfsanəvi simvolu olub. Təkrarsız abidələri, böyük potensialı, gözəl təbiəti ilə insanı heyran edən bu qədim şəhər ən nüfuzlu beynəlxalq forumlara ev sahibliyi etməyə layiqdir. Prezident festivalın xalqlar arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmlənməsinə, dünyanın nadir musiqi irsinin, ənənələrinin, unudulmuş metodlarının dirçəldilməsinə xidmət etdiyini vurğulayıb.
UNESCO-nun baş direktoru İrina Bokova da musiqi bayramının iştirakçılarını təbrik edib, onlara uğurlar arzulayıb. O, qədim mədəniyyət mərkəzi olan Səmərqəndin dünya mədəni irsinə verdiyi töhfələrdən danışıb və festivalın əhəmiyyətini qeyd edib.
Daha sonra festivalda iştirak edən 52 dövlətin bayraqları iştirakçıların alqışları ilə tarixi Registan meydanına gətirilib. Festivalın açılış mərasimi Özbəkistan incəsənət ustaları və festival iştirakçılarının nümunəvi çıxışları ilə başa çatıb.
Avqustun 28-29-da festival
iştirakçıların çıxışları davam
edib. Musiqi bayramına avqustun
30-da yekun vurulacaq.
Xatırladaq ki, ötən
illərdə Azərbaycan
təmsilçiləri “Şərq
təranələri” festivalında
uğurla iştirak ediblər. 1997-ci ildə
keçirilən ilk festivalda
ölkəmizi təmsil
edən müğənni
Simarə İmanova ən yüksək mükafata - “Qran pri”yə layiq görülüb, sonrakı
illərdə ayrı-ayrı
vaxtlarda Alim Qasımov (2001), Aygün Bəylər (2005), Qoçaq
Əsgərov (2009) birinci,
Zabit Nəbizadə
(2003) ikinci yerləri tutublar.
Azərbaycan musiqiçilərinin
çıxışları alqışlarla qarşılanır
Builki musiqi bayramında
ölkəmizi təmsil
edən xanəndə
Elnarə Abdullayevanın
rəhbərliyi ilə
“Şirvan” muğam qrupu qədim şəhərin müxtəlif
konsert salonlarında maraqlı konsert proqramları ilə çıxış edir.
Azərbaycan Bəstəkarlar
İttifaqının katibi
Lalə Hüseynova bildirib ki, Səmərqənd
sakinləri və qonaqlar Azərbaycan musiqiçilərinin ifalarını
ayaqüstə alqışlayırlar:
“Özbəkistanda Azərbaycan
musiqisinə maraq böyükdür. Elnarə Abdullayeva
harada çıxış
edirsə, o salona çoxlu tamaşaçı
toplaşır. “Çahargah” muğamı,
“Segah” təsnifi, “Simayi-Şəms” zərb muğamı tamaşaçıları
valeh edib”.
Bakı Musiqi Akademiyasının
professoru Zümrüd
Dadaşzadənin sözlərinə
görə, münsiflər
heyəti də Azərbaycan musiqiçilərinə
böyük qiymət
verir. Təsadüfi deyil ki, bu festivalda Azərbaycandan
gəlmiş musiqiçilər
həmişə münsiflər
heyəti tərəfindən
yüksək yerlərə
layiq görülüb.
Əminəm ki, bu festivalda da Azərbaycan
nümayəndələri layiqli
yer tutacaqlar”.
“Müasir mədəniyyət
kontekstində Şərq
musiqisinin ənənələri”
Festival çərçivəsində “Müasir mədəniyyət
kontekstində Şərq
musiqisinin ənənələri”
mövzusunda elmi konfrans da keçirilib.
Konfransda
Azərbaycanı Bəstəkarlar
İttifaqının katibi,
sənətşünaslıq üzrə fəlsəfə
doktoru Lalə Hüseynova, Bakı Musiqi Akademiyasının professoru Zümrüd Dadaşzadə təmsil ediblər.
UNESCO-nun Baş
direktoru İrina Bokova konfrans iştirakçılarını salamlayaraq deyib: “Musiqi qəlblərimizi bir-birinə yaxınlaşdırır
və bizi birləşdirir. Musiqi təkcə
dünyanın metaforası
deyil, həm də sülh və gözəllik mənbəyidir, nəsildən-nəslə
ötürülür”.
Özbəkistan baş nazirinin müavini Adxam İkramov diqqətə çatdırıb ki, qədim Səmərqənd
2500 ildən çoxdur
ki, Böyük İpək Yolunun əsas qolu kimi incəsənətin və elmin inkişaf
etdiyi mərkəzdir.
Səmərqənddə yaşamış böyük alim və mütəfəkkirlər
burada bir sıra elmləri, o cümlədən musiqi mədəniyyətini inkişaf
etdirmişlər.
Lalə Hüseynovanın “Azərbaycanın
müasir musiqi mədəniyyətinin
inkişafında muğam sənəti”
mövzusundakı məruzəsi maraqla
qarşılanıb. O, Azərbaycan muğam
sənəti haqqında ətraflı məlumat verib. Bildirib ki, Azərbaycanda müasir
bəstəkar yaradıcılığının əsasını
qoymuş muğamın özü
də modernləşdirilib. Dahi Üzeyir Hacıbəylinin 1908-ci ildə
Bakıda tamaşaya qoyulan
“Leyli və Məcnun” operası o dövrdə muğamın yeni
dövrünün
başlanğıcı olub. Tanınmış Azərbaycan bəstəkarları
Qara Qarayev, Fikrət
Əmirov, Niyazi, Cahangir
Cahangirov, Cövdət Hacıyev, Arif Məlikov, Aqşin
Əlizadə, Vasif Adıgözəlov,
Firəngiz Əlizadə və başqaları öz
əsərlərində bu nadir və çoxəsrlik muğam
sənətinin dramatik, fəlsəfi-psixoloji,
bədii-xarakterik aspektlərindən bəhrələniblər.
Artıq musiqi terminologiyasında muğam-opera, simfonik muğam, xor-muğam, caz-muğam, hətta rok-muğam
terminləri işlənməkdədir.
Mədəniyyət.- 2013.- 30
avqust.- S. 8.