Şərqi Avropa ölkələri ilə turizm əlaqələri inkişaf edir

 

Müzəffər Ağakərimov: “Misir hadisələri Azərbaycanın turizm şirkətlərinin işinə təsir göstərməyib”

  

   Xəbər verdiyimiz kimi, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi Misir Ərəb Respublikasında hökm sürən gərgin vəziyyətlə əlaqədar ölkə vətəndaşlarının adıçəkilən ölkəyə səyahətini və turizm şirkətləri tərəfindən bu ölkəyə turist səfərlərinin təşkilini dayandırmağı tövsiyə edib.    

   Xarici turistlərin Misirdə qalması üçün vəziyyət sabitləşdikdə Mədəniyyət və Turizm Nazirliyi müvafiq rəsmi bəyanatla çıxış edəcək”, - deyə nazirliyin məlumatında qeyd edilirdi.

   “Misirdə baş verən hadisələrlə əlaqədar bu ölkədən 50-dək Azərbaycan vətəndaşı təxliyyə edilib. Bu hadisələr ölkənin turizm şirkətlərinin işinə elə bir təsir göstərməyib”. Bu barədə Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov qəzetimizə açıqlamasında bildirdi. Onun sözlərinə görə, turizm şirkətlərimiz Misirdəki vəziyyəti nəzərə alaraq alternativ marşrutlar üzrə işləməyə üstünlük verirlər.

   AzTA rəsmisi qeyd etdi ki, turizm sahəsində fors-major halları ola bilər: «Təcrübəli turizm şirkətləri fəaliyyətini hansısa bir ölkə ilə məhdudlaşdırmır, müxtəlif istiqamətlər üzrə səfərlər təşkil edirlər. Buna görə də Misirdə baş vermiş hadisələrdən şirkətlərimiz elə bir ziyan çəkməyiblər”.

   M.Ağakərimovun sözlərinə görə, AzTA turizm şirkətlərinə həm Avropa, həm Yaxın Şərq, həm də Asiya ölkələri üzrə müxtəlif alternativ müqavilələr bağlamağı məsləhət görür. Hazırda qurum Makedoniya, Macarıstan, Bolqarıstanla turizm əlaqələrinin inkişafı üçün işlər aparır.

   Dünya turizmində Misirin mühüm istiqamətlərdən biri olduğunu deyən M.Ağakərimov onu da bildirdi ki, Azərbaycan turistlərinin də bu ölkəyə marağı həmişə olub. Ancaq son hadisələrlə əlaqədar bu ölkəyə turistlərin səfər etməsi müvəqqəti dayandırılmalıdır: «Hazırda turizm şirkətləri Misirə heç bir səyahət təşkil etmirlər. Bu ölkəyə səfər etmək istəyənlər yalnız fərdi qaydada gedə bilərlər”.

  

   Fəxriyyə Abdullayeva

 

Mədəniyyət.- 2013.- 30 avqust.- S. 9.