Qavaldaşın
sehri və musiqinin insan sağlamlığına təsiri
Qobustan abidələri
"Biz tarixi keçmişimizə
nəzər salarkən, ulu babalarımızın
yaratdığı və indiyə qədər
yaşayan abidələrlə,
qalalarla, şəhərlərlə, heykəllərlə,
yollarla, yaradılan hər bir şeylə fəxr edir və
bunları yaradanları daim xatırlayır, onlara öz minnətdarlığımızı
bildiririk"
Ümummilli lider Heydər Əliyev
Azərbaycan dünyanın ən qədim mədəniyyət məkanlarından biridir. Əcdadlarımız minilliklər ərzində yaratdıqları zəngin mədəni irsi bizə miras qoyub getmişlər. İbtidai icma cəmiyyətinin formalaşması və inkişaf mərhələləri paleolit düşərgələrində aparılan arxeoloji qazıntılar zamanı tapılmış maddi mədəniyyət qalıqları vasitəsilə tədqiq olunur. Ölkəmizdə mezolit və neolit mədəniyyətlərinin izlərinə ilk dəfə Qazax rayonunda - Avey dağında, Damcılı mağarasında və Qobustan ərazisində təsadüf olunmuşdur.
Qobustan adının mənşəyi və anlamı barədə müxtəlif tədqiqatçılar fərqli fikirlər söyləmişlər. Onlardan ən çox işlədilən fikir toponimin coğrafi şəraitlə bağlı yaranmasıdır. Həmin fikrə görə, Qobustan qobular diyarı, ucsuz-bucaqsız düzənlik, saysız-hesabsız təpələr arasında torpaq uçqunlarından əmələ gəlmiş yarğanlar və dərələrdir. Heç bir həndəsi şəklə malik olmayan bu sistemsizliyin özündə suyun, havanın, küləyin, zəlzələ və palçıq püskürmələrinin yaratdığı böyük təbii hərc-mərclik aləmi müşahidə olunur. Bu, milyon illərin təbii proseslərinin nəticəsidir.
Digər versiyaya görə, Qobustan sözünün ilkin forması Gavıstan şəklində olmuşdur. "Gav" farsca öküz, inək, "stan" isə diyar, məkan bildirən şəkilçidir. Bu versiyanın da irəli sürülməsi təsadüfi olmamışdır. Çünki vaxtilə Qobustan ərazisində çoxlu çöl öküzü yaşamışdır. Min illər keçdikcə onların bir hissəsi ölmüş, bir hissəsi isə əhliləşdirilmişdir. Başqa bir versiyaya görə, bu yerin adı Kəbristan olmuşdur. "Kəbr" oda sitayiş edən anlamı verir. Həmin versiyaya görə, bu yerlərdə atəşpərəstlər yaşamış, ona görə də ərazi Kəbristan adlandırılmışdır.
Qobustan Azərbaycanda kulinariyanın, ovçuluğun, maldarlığın, nəqliyyatın (araba, qayıq), rəsm mədəniyyətinin, oyma sənətinin və s. peşə nümunələrinin ilk ocaqlarından biridir. Elmi araşdırmalara görə, uzaq keçmişlərdə ölkəmizin ərazisində daşdan insan, heyvan fiqurları düzəltmək və onlara tapınmaq geniş yayılmışdır. Nəticədə isə indiki ornamentlərin, oyma sənətinin ən qədim variantları ortaya çıxmağa başlayıb. Belə təsvirlərin ən qədim nümunələrinə Naxçıvandakı Gəmiqayada, Abşeronda və Qobustan qayaları üzərində rast gəlmək olar. Buradakı qaya rəsmləri Azərbaycan xalqının zəngin incəsənət irsi ilə yanaşı, musiqi və rəqs mədəniyyətinin inkişaf tarixini öyrənmək üçün də böyük əhəmiyyətə malikdir.
İbtidai icma quruluşunda insanların həyat və fəaliyyətini Qobustan qayaları üzərində nəqş edilmiş rəsmlər əks etdirir. Əcdadlarımız tərəfindən qayalar üzərinə həkk olunmuş rəsmlər gözlərimiz qarşısında böyük bir tablo açır. Burada heyvan və balıq ovu, məişət səhnələri, kollektiv rəqslər, müxtəlif rəmzlər, Günəşi əks edən simvollar, bürclər, digər fəza cisimləri diqqəti cəlb edir. Maraqlıdır ki, Qobustandakı bəzi qaya parçaları da öz fiziki tərkibi və geoloji xüsusiyyətlərinə görə dünyadakı daşlardan fərqlənir. Bu qaya parçalarından biri "Qavaldaş" adlanır. Onun səthinə zərblə vurulduqda qaval, dəf, nağara, təbil kimi səslənir. Məhz bu xüsusiyyətinə görə yerli əhali onu belə adlandırıb.
Qavaldaş iki daş dayaqla yerə söykənmiş təbii litofondur. Təxminən 1-1,5 milyon il əvvəl dəniz şəraitində əmələ gəlmiş üzvi əhəngdaşından ibarətdir. Bu daşlardan biri Cingirdağda, digəri isə Böyükdaş dağının aşağı səki sahəsində yerləşir. “Cingirdağ” sözünün qədim türk dilində ayin mərasimlərində şamanların istifadə etdiyi qaval mənasını verən “cingir” sözündən əmələ gəldiyi ehtimal edilir. Q.Herisçinin fikirlərinə istinad etsək, bu ərazinin indi qavaldaş dediyimiz alətə görə Cingirdağ adlandırılması ehtimalı özünü bir fakt kimi təsdiq edir. Xatırladaq ki, qədim dövrlərdə qavalabənzər dınqır adlı alətimiz də olub. Cingir - qızılquşun növlərindən biri olan alıcı kiçik quşun adıdır. Digər versiyaya görə, bir zamanlar cingir quşunun daha çox yayılması səbəbindən həmin yer Cingirdağ adlandırılmışdır. Bu halda qavaldaş qədim tanrıçılıq inamı ilə bağlanır. Cingirdağdakı qavaldaşın quruluşu belədir: təpənin döşündə yastıq kimi iki iri daşın üstündə üçüncü daş qoyulmuşdur. Bu daş altdakılara nisbətən xeyli yastıdır. Alt daşlarla üst daş arasında boşluq vardır və dərə ilə cərəyan edən hava axını bu boşluqdan keçir. Böyükdaşdakı "Qavaldaş"ın quruluş forması bir qədər fərqli olsa da, prinsip etibarilə eynidir. Qurğu həmişə hava axını keçən dərədə quraşdırılmışdır. Qaya üstündəki iri yastı daşın altına bir tərəfdən daş dirsək qoyulmuşdur. Hər iki qavaldaş kiçik bir daşla döyəcləndikdə mis kimi cingiltili səs verir. Bu möhtəşəm musiqi qurğuları bu gün də qeyri-adi səsləri ilə bu əraziləri ziyarətə gələnlərin heyrətinə səbəb olur. Qavaldaş ifa zamanı xüsusi köklənməyə ehtiyacı olmayan, özən səsli, vurulmaqla səsləndirilən idiofonlu çalğı alətidir. Ölkəmizdə yeganə çalğı alətidir ki, onun yalnız bir sahibi var, o da Azərbaycan xalqıdır.
Xatırladaq ki, 1966-cı il sentyabrın 9-da respublika Nazirlər Sovetinin 509 ¹-li qərarı ilə 4400 hektardan artıq ərazini əhatə edən Qobustan qayalıqları Dövlət Tarixi-Bədii Qoruğu kimi qeydiyyata alınıb. 2007-ci ildə isə Qobustan qoruğu “Qobustan qayaüstü rəsmləri mədəni landşaftı” adı altında UNESCO-nun dünya mədəni irsi abidələri siyahısına daxil edilmişdir. ”Avropada ilin muzeyi” nüfuzlu mükafatının ekspertləri 29 muzeyi gəzmiş və 8 qalib muzeyi müəyyən etmişlər. O cümlədən Qobustan Milli Tarix-Bədii Qoruğunun muzeyi xüsusi mükafata layiq görülmüşdür. Qobustan muzeyinə xüsusi mükafat “izahetməyə yeni yanaşma və qabaqcıl texnologiyalardan istifadə etməklə icmaların regional, milli və beynəlxalq miqyasda ibtidai incəsənət haqqında biliklərinin zənginləşdirilməsi və ictimai maarifləndirilməsini stimullaşdıran fəaliyyətinə görə” verilmişdir.
Qobustan Milli Tarix-Bədii Qoruğu muzeyinin fondunda ümumilikdə 100 mindən çox arxeoloji materiallar toplanıb. Bu muzeyin ən möhtəşəm abidəsi isə qavaldaş alətidir. Qavaldaş həm də birlik simvoludur. Azərbaycan ərazisində yaşayan müxtəlif qəbilə üzvləri ova çıxdıqları zaman əl çala-çala, ya da ağac və daşları bir-birinə vuraraq rəqs edirdilər. İbtidai forması istilik, işıq və isti yemək mənbəyi olan od, ocaq ətrafında mərasim təntənəsi şəklində olan yallının tarixi olduqca qədimlərə gedib çıxır. “Yal” - cərgədir, zəncir xəttidir. “Yallı”nı oynayanlar bir və ya iki cərgədə, bəzən də bir neçə cərgədə dururlar. Tarixçi-tədqiqatçı Şakir Qabıssanlının sözlərinə görə, dünyada ilk musiqi sədaları 10 min il bundan əvvəl qavaldaş ("qəbail” - "qəbilə daşı” deməkdir) ətrafında "Yallı” ilə başlayıb: ”Yallı” dediyimiz "yahu”, "yahu”, "yahu” - yəni ya Allah, ay Allah, aman Allah nidaları ilə əllər yuxarı qalxmaqla ilk sədalar ucalıb”.
Qədim insanlar qavaldaşın ətrafına toplaşaraq müxtəlif dini və bayram mərasimləri keçirirdilər. Onlar qavaldaşın müşayiəti ilə rəqs etməyi xoşlayırdılar. Bu qavaldaşlar şübhəsiz ki, keçmişdə musiqi aləti kimi səsləndirilmiş və qədim qobustanlıları öz “Yallı” rəqsləri və başqa şənlikləri orqanik musiqi alətləri ilə bərabər elə bu qavaldaşların ahəngli melodiyaları ilə də müşayiət etmişdir. Bu səbəbdən Qobustanı nəinki Azərbaycanın musiqi beşiyi, o cümlədən ilk rəqs meydançası adlandırmaq olar.
Azərbaycan xalqı zəngin və özünəməxsus mədəniyyət yaratmışdır. O, bədii yaradıcılığın ən müxtəlif sahələrində, o cümlədən musiqi yaradıcılığı sahəsində də qiymətli sərvətlər meydana gətirmişdir. Musiqi sənətimiz çoxəsrlik inkişaf yolu keçmişdir.
Musiqi insan yaşamında təsirli və güclü bir vasitədir. O, dilindən, dinindən, irqindən, etnik və milli mənsubiyyətindən asılı olmayaraq musiqi hər kəsin ortaq istinad nöqtəsidir. Bəşər cəmiyyətində insan adlı ali varlığın meydana gəldiyi və formalaşdığı ilk dövrlərdən ibtidai şəkildə də olsa musiqinin insan həyatında özünəməxsus rolu olduğu aparılan tədqiqatlar nəticəsində sübuta yetirilmişdir. Musiqi asan anlaşılan bir yolla insanın öz daxili aləmini səslərlə ehtiva etməsidir. Musiqinin özünəməxsus bir dili vardır. Bu səbəbdən də o ümumbəşəri bir miqyasa sahibdir. Bəşəriyyətin yeganə ortaq dili musiqidir. Musiqi dinləmək insanın estetikasını və ritm duyğularına təsir edərək onu təkmilləşdirir. Bu vasitə ilə insanların həyata olan sevgisi və yaşama həvəsi artır. Psixoloqların apardığı araşdırmalar nəticəsində məlum olmuşdur ki, bəzi insan qrupları öz duyğu və düşüncələrini musiqi ilə daha asan ifadə edə bilir. Musiqi beyin qabığında və mərkəzi sinir sistemində yer alan idrak, nitq və bu qəbildən olan bir sıra duyğu orqanlarının fəaliyyətinə yüksək təsir edir.
Antik dövr filosofları bu mövzuya çox böyük önəm vermişlər. Onlar musiqini yer üzərində bir çox şeyin bünövrəsi hesab etmişlər. Musiqini daim mədəniyyətin, elmin ayrılmaz tərkib hissəsi hesab etmişlər. Çin filosofu Konfutsiyə görə, musiqidə sevinc və kədər iki paralel xarakteristikadan ibarətdir: “Bunlardan birincisi temp ritmi, digəri isə melodiya və məqamlardır. Temp müəyyən bir zamanda ritm sayını ifadə edər. Məqam isə bəlli bir ardıcıllığa sahib səs yığınıdır. Daha dəqiq olaraq sürətli templər xoşbəxtlik duyğusunu, yavaş templər isə hüzn duyğusunu oyandırır”.
Musiqi sadəcə insana xas
deyildir. Hər varlıq musiqi ilə birlikdə
yaradılır. Alçaq templi səs
dalğalarının ehtiva etdiyi quş, su və külək
səsi yuxu əsnasında insan beyninin yaratdığı
dalğalarla yaxın olduğundan insanı rahatladıcı təsirə
sahibdirlər. Musiqinin insan orqanizminə
olan təsiri və bu təsirin gücünü bilənlər
onu pozulmuş balansın bərpasında istifadə edirlər.
Bütün mədəniyyətlərdə təbiblər
bizim dərk etmədiyimiz bir şəkildə səslərdən,
ritmdən və harmoniyadan müalicə məqsədilə
istifadə etmişlər.
Musiqi ilə terapiya insanların fiziki, psixoloji və
sosial ehtiyaclarını qarşılamada melodik
harmoniyaların istifadə edildiyi ixtisas sahəsidir. Tibbin bu sahəsi
hələ antik dövrlərdən, yunan elmindən
başlanğıc götürüb günümüzə qədər
gəlmiş və hər dövrün özünəməxsus
dəyişiminə məruz qalmışdır. Musiqi terapiyası insan beynindəki qavrama və
ünsiyyət qabiliyyətini yüksəltmək
üçün ən gözəl üsuldur. Bu terapiya haqqında ilk dəqiq və ciddi
araşdırmalar XIX əsrin sonlarında həkim-nevropotoloq
Ceyms Korninq tərəfindən aparılmışdır.
Bu gün artıq musiqi terapiyası Amerikanın
və Avropanın bir çox tibb mərkəzlərində
istifadə olunmaqdadır.
Musiqi və
sağlamlıq - bu anlayışlar bir-birinə çox
yaxındır. Bu gün bir çox
musiqiçilərin həyat və
yaradıcılıqları ilə maraqlansaq görərik ki,
onların çoxu nəinki musiqiçi, eləcə də həkimdirlər.
Belə insanlar bu iki sahəni bərabərləşdirərək
dərindən məşğul olub, həqiqətən də
musiqi terapiyası ilə insanları müalicəyə
çağırıblar. Alman həkimləri
adi müalicədən başqa xəstələrə musiqi
terapiyası da məsləhət görürlər, belə
ki, Bethoven, Motsart, Şopen, Bax və digər bəstəkarların
əsərlərini dinləmək çox xeyirlidir. Məşhur rus alimləri V.M.Bexterev,
İ.M.Seçenov və başqaları da qeyd etmişdilər
ki, musiqi əsəb sisteminə, tənəffüs
orqanlarına, qan dövranına böyük təsir edir.
Musiqi arterial təzyiqi qaldıra və endirə
bilər. Eləcə də nəbzi
sürətləndirə və ya zəiflədə bilər.
Musiqi terapiyası ilk dəfə 1947-ci ildə
Miçiqan dövlət xəstəxanasında (ABŞ)
mövcud olan müalicə proqramları içində yer
almışdır. 1949-cu ildən bəri
Fransada da istifadə edilir. Musiqi terapiyası
əsasən psixiatriya təməlli xəstəliklərdə
1950-ci illərdən bəri daha geniş tətbiq olunur.
II Dünya müharibəsindən sonra
İsveçin Stokholm şəhərində musiqi
terapiyası institutu təşkil edilmişdir. 1977-ci ildən isə ABŞ musiqi ilə müalicəni
elm sahəsi olaraq qəbul etmişdir.
İnsan bəyəndiyi,
ruhuna ən çox təsir edən bir musiqini dinləyərkən
əhvalı yüksəlir və özünü daha
yaxşı hiss edir. O, ifa edilən musiqini dinlədiyi
müddətcə əhvalında nəzərəçarpacaq
dərəcədə dəyişikliklər hiss edilir və
bu dəyişikliklər əhatəsindəki insanlarda da
müsbət aura yaradır. Boş yerə deyil
ki, “musiqi ruhun qidasıdır” deyib ulularımız. Lakin günümüzdə elmin, texnikanın
inkişafı isə sübut edir ki, musiqi təkcə ruhun
yox, həm də beynin bir çox mərkəzlərinin, o
cümlədən ağlın, zəkanın da
qidasıdır.
Musiqinin hormonlar
üzərində güclü təsirə malik olduğu elm
aləmində sübut olunmuşdur. Musiqinin
tərzindən asılı olaraq stresə bağlı olan
hormonları artırmaq və ya azalmaq mümkündür.
Musiqi terapiyası digər terapik vasitələrdən
olduqca fərqlidir. Çünki musiqinin dərman kimi
istifadə edildiyi bu terapiya vasitəsi qədim dövrlərdə
istifadə olunan müalicə üsullarını nəzərdən
keçirdiyimiz zaman psixoloji narahatlıqlar başda olmaq
üzrə göz xəstəlikləri, spazmlar, əzələ
və sinir sisteminə bağlı olan problemlər fiziki və
zehni yorğunluqlar və bu qəbildən olan yüzlərlə
xəstəliklərin ən kəskin müalicə vasitəsi
hesab edilmişdir.
Türk xalqları
içərisində musiqi ilə ilk ciddi şəkildə
müalicə Baksı adlı şaman musiqiçiləri tərəfindən
yaradılmışdır. Müalicə
üsulları müxtəlif dərdlərdən əziyyət
çəkən xəstələrin şəfa tapmasına
səbəb olmuşdur. Bir türk xeyriyyəçisinin
Şam şəhərində tikdirdiyi Nurəddin xəstəxanasında
İbn Sina ruhi xəstəlikləri musiqi ilə müalicə
etmişdir.
Musiqi məqamlarının ruha olan
təsiri Fərabiyə görə belə
qruplaşdırılmışdır: “Rast” muğamı
insana şəfa verir; “Rəhab” insana sonsuzluq fikri verir;
“İsfahan” hərəkət qabiliyyəti və özünəgüvən
verir; “Hüseyni” insana sakitlik gətirir; “Hicaz” təvazökarlıq
hissi verir.
Osmanlı imperiyasında
əsasən Ədirnə bölgəsində yaradılan
şəfaxanalarda musiqidən ruh və sinir xəstəliklərinin
müalicəsində istifadə etmişlər.
Duyğuları incəldən
və qəlbləri yumşaldan musiqi tərzləri əsrlərdən
bəri müalicə məqsədilə istifadə edilməkdədir.
Dövrlər bir-birini əvəz etdikcə
musiqinin insan həyatındakı mövqeyi artan bir xətt
üzrə inkişaf etmiş və hər bir dövr
üçün ən geniş yayılan müalicə vasitəsi
olmuşdur.
Əlbəttə ki,
günümüzdə istifadə edilən musiqi ilə
müalicə üsullarını keçmiş dövrlərdə
olan üsullarla müqayisə etmək yanlış olar.
Bu gün musiqi ilə terapiyanın istifadə
edildiyi sahələr daha genişdir. Nevroloji,
kardioloji, onkoloji, psixoloji xəstəliklərin müalicə
edildiyi mərkəzlərdə musiqini təşkil edən
melodik harmoniyadan istifadə digər tibbi müalicə
üsulları ilə paralel şəkildə aparılır və
müalicədə tamamlayıcı bir vasitə mövqeyindən
çıxış edir. Günümüzdə
alkoqolizm və maddə asılılığının
müalicəsində də musiqi ilə terapiyadan istifadə
edilir. Tədqiqatlar aparan elm xadimləri
musiqinin fiziki və psixi xəstəliklərin müalicəsində
çox təsirli bir vasitə olması fikrində həmfikirdir.
Bu mövzuda aparılan bir çox
araşdırmalarda həkim və musiqiçilərin
depressiyadan xərçəngə, yüksək təzyiqdən
xronik ağrılara, miqrendən narkomaniyaya və psixi xəstəliklərə
qədər bir çox xəstəliklərin müalicəsində
istifadə edilir və bu metodlardan şəfa tapan
insanların sayı çoxdur.
Dünya ölkələri
içərisində musiqi ilə müalicənin geniş
yayıldığı dövlətlərdən biri də Azərbaycandır.
Xalqımız əsrlərdən bəri
musiqini mükəmməl dərk etmiş və həyatının
ayrılmaz bir hissəsinə çevirmişdir. Musiqiyə daha çox meyl göstərən insanlar
içərisində təbiblər və həkimlər
ön cərgədə dayanır. Hələ
qədim dövrlərdə musiqi ilə sıx bağlı
olan təbiblər insanlara şəfa bəxş etmək
üçün musiqinin tilsimindən istifadə etmişlər.
Təsadüfi deyil ki, bir çox gözəl bəstələrin
müəllifləri məhz həkimlərdir. Dövrlər bir-birini əvəz etdikcə ölkəmizdə
musiqi ilə müalicəyə maraq xeyli artmışdır.
XX əsrdə Azərbaycanın görkəmli
cərrahı və gözəl bəstəkarı olan
İbrahim Topçubaşov cərrahiyyə əməliyyatlarını
musiqi ilə müşayiət edirmiş. Ölkəmizdə
musiqi terapiyaya olan maraq xeyli artmış və bir sıra
musiqi ilə müalicə mərkəzləri təşkil
edilmişdir. İlk dəfə art-terapiya
vasitəsilə insanların müalicəsinə
başlanılıb. Art-terapiya psixi
pozğunluğu olan xəstələrin müalicəsində
istifadə edilir. Məsələn, izoterapiya zamanı xəstələr
rəngli qələmlər, pastellər, yağlı, sulu boya
ilə rəsmlər çəkir, bibloterapiya zamanı
kitablar oxuyur və səhnələşdirir, musiqi
terapiyası zamanı insanlar musiqi sədaları altında
öz hisslərini ifadə edir, özləri musiqi alətlərində
çalırlar.
Qeyd edilənlər
bir daha sübut edir ki, mədəniyyət tariximizdə
xüsusi yeri olan musiqi onlarla insanlara şəfa bəxş
edir. Qədim tarixə malik olan yurdumuzun hər
qarış torpağı canlı bir əfsanədir. Keçmişimizə nəzər saldıqda əminliklə
söyləmək olar ki, əcdadlarımızın bizə
miras qoyduğu maddi mədəniyyət abidələri
içərisindən böyük əksəriyyəti bizlərə
sağlamlıq bəxş edir. Qobustanda
tarixi mezolit dövrünə təsadüf edən, maddi mədəniyyət
abidələri sırasında xüsusi önəmə malik
olan, musiqinin bütün çalarlarını özündə
ehtiva edən qavaldaş bəhs edilənlərə əyani
bir sübutdur.
Bu gün biz dünyanın hər
yerində fəxrlə deyə bilərik: Azərbaycan
dünyanın ən qədim sivilizasiyalarından biridir.
Ölkə ərazisində ibtidai icma quruluşunun
bütün mərhələlərini ardıcıllıqla
keçən insan tipləri şüurun və nitqin zəif
inkişaf etdiyi tarixi dövrlərdə belə kortəbii
şəkildə də olsa, zəngin bir mədəni irs qoymuşlar. Bu gün ölkəmizdə
olan bir sıra ekspedisiya qrupları Qobustan abidələrini
müşahidə edərkən buradakı təbii
görüntüyə heyran qalır və hələ
açılması mümkün olmayan qavaldaş əfsanəsinin
sehri ilə ovsunlanırlar. Hər insan
öz vətəni, tarixi ilə qürur duyur. Lakin bizim
buna hər millətdən çox haqqımız var. Ən az ona görə ki, bizim minlərlə fəlakətlər
yaşamış və hər sınaqdan layiqincə
çıxmış, ulularımızın qanı ilə
yazılmış şanlı bir tariximiz, dünyaya məğrurluqla
nümayiş etdirə biləcəyimiz milli-mənəvi dəyərlərimiz
var.
Rəfiqə
Nəsirova,
Respublika Mədəniyyət Müəssisələri
İşçilərinin Hazırlıq və
İxtisasartırma
Mərkəzinin
informasiya-kommunikasiya və elmi təminat şöbəsinin
elmi işçisi
Mədəniyyət.- 2013.- 30
avqust.- S. 12; 13.