Teatr əməkdaşlığı” davam edir

 

“British Council” təşkilatı Azərbaycan nümayəndəliyinin Mədəniyyət və Turizm Nazirliyi ilə əməkdaşlığı çərçivəsində həyata keçirilən “Teatr əməkdaşlığı” layihəsi davam edir. Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru, Əməkdar artist Mübariz Həmidov layihənin növbəti mərhələsini reallaşdırmaq üçün Böyük Britaniyadan gəlmiş teatr xadimi, yazıçı, tərcüməçi və rejissor Yan Vilyem Van Den Bohm ilə görüşüb.

Layihə çərçivəsində noyabrın 26-dan dekabrın 8-dək Yan Vilyem Van Den Bohun Gənc Tamaşaçılar Teatrının aktyor və rejissorlarına, noyabrın 28-dən dekabrın 5-dək isə Liza Kukun iştirakı ilə ölkəmizin müxtəlif teatrlarından 20-yə yaxın səhnə dizaynerlərinə təlimlərin keçirilməsi barədə razılığa gəlinib.

Təlimlərdən sonra 2014-cü ilin yanvarında britaniyalı rejissor Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti ilə birgə Maykl Mak Donaxın “Linenin trilogiyası” əsasında “Gözəllik ilahəsi”, “Qəbiristanlıq sakinləri” və “Yazıq Qərb” adlı trilogiyasını səhnələşdirməyə başlayacaq. Tamaşanın təqdimatı 10 mart - Milli Teatr Gününə nəzərdə tutulub.

 

Mədəniyyət.- 2013.- 4 dekabr.- S. 13.