Bir operatorun taleyi və sənəti
Kinooperatorların hər birinin ssenariyə, epizodlara yanaşmalarında ayrı
bir özəllik olur. Bəzən operatorlar elə detalları lentə köçürürlər ki,
bu, ekran əsərinin baxımlı
olmasında böyük
rol oynayır, tamaşaçı yaddaşında
dərin iz buraxır. Belə sənətkarlarımızdan biri də Əlihüseyn
Hüseynovdur.
Əlihüseyn Ələkbər oğlu
Hüseynov 1922-ci il dekabrın 12-də
Quba şəhərində
dünyaya göz açıb. Kiçik yaşlarından incəsənətə maraq
göstərib, şəkil
çəkməyi çox
sevib. Məktəbdə müəllim və
şagirdlər arasında
onun istedadından bəhs edilib. Bu, Əlihüseynin qəlbində gələcək
sənət yolu ilə bağlı arzular oyadır. Orta məktəbi başa vurub, ali təhsil
almaq istəsə də, II Dünya müharibəsi onun xəyallarının qarşısını
alır. Könüllü olaraq müharibəyə
gedir, Ukrayna cəbhəsində döyüşlərə
qatılır. 1943-cü
ildə ağır yaralanır, xeyli müalicə aldıqdan sonra ordudan tərxis
olunur.
Əlihüseyn Qubaya qayıtdıqdan sonra sənaye kombinatında fotoqraf işləməyə başlayır. Peşəkar fotoqrafların təcrübəsindən
bəhrələnir. Ali
təhsil almaq məqsədilə öz üzərində çox
çalışan Əlihüseyn
Hüseynov, nəhayət,
1948-ci ildə sənədlərini
Moskvada Ümumittifaq Kinematoqrafiya İnstitutuna verir və kinooperatorluq
fakültəsinə daxil
olur.
1954-cü
ildə ali
təhsilini başa vurub geri dönür.
Bakı kinostudiyasında kinooperator
assistenti vəzifəsinə
işə düzəlir.
O, əlbəttə, hər
şeyə birdən-birə
nail olmur. Əvvəlcə görkəmli kinorejissor
Tofiq Tağızadənin
“Görüş” bədii
filmində (1955) operatorlar
Teyyub Axundov və Cavanşir Məmmədovun assistenti olur. Bu çəkilişdə
o, müstəqil fəaliyyət
göstərə biləcək
kinooperator bacarığını
nümayiş etdirir.
Sonra rejissor Ağarza Quliyevin “Qara daşlar” bədii filmində (1956) ikinci
operator işləyir. Eyni zamanda Bakı televiziyasında əməkdaşlığa
dəvət olunur.
Televiziyada fəaliyyət
göstərdiyi müddətdə
“Mahnı qanadlarında”
(1959), “Bizim opera” (1960), “Əminə
Dilbazinin rəqsləri”
(1961), “Çobanlar” (1961), “Bacarıqlı əllər”
(1963) və s. sənədli
filmləri çəkir.
“Aygün” (1960) bədii
televiziya filmi operator kimi onun ilk uğurlu
işi olur. Bu filmdə onun yaradıcılıq dəst-xəttinin
bəzi üstünlükləri
aydın şəkildə
özünü göstərib.
Əsərdə olduğu kimi,
filmdə də hadisələr əsasən
ailə qurmuş iki gəncin münasibəti və taleyi ətrafında baş verir. Ekran əsərində humanizm,
cəmiyyət qarşısında
məsuliyyət hissi kimi mühüm insani keyfiyyətlər tərənnüm olunur.
Film ictimaiyyətə təqdim
olunanda görkəmli
yazıçı İsmayıl
Şıxlı “Aygün”
ekranda” adlı resenziyasında yazıb:
“Biz ekranda əvvəlcə
xoşbəxt dəqiqələr
keçirən gəncləri
görürük. Onlar bəxtiyardırlar.
Rejissor kimi operator Əlihüseyn Hüseynov
da qəhrəmanların
sevinci üçün
gözəl cizgilər
tapa bilmişdir...”.
Bacarıqlı operator
1966-cı ildə Əlisəttar
Atakişiyevin quruluş
verdiyi “İstintaq davam edir” filmini
lentə alır. İki il sonra rejissor
Muxtar Dadaşov Xalq yazıçısı
Süleyman Rəhimovun
“Mehman” povesti əsasında “Qanun naminə” filmini çəkərkən quruluşçu
operator işini Əlihüseyn
Hüseynova tapşırır.
Bu filmdə də
hadisələr 1930-cu illərdə
Azərbaycanın uzaq
dağ rayonlarının
birində baş verir. Əsərdə olduğu kimi,
filmdə də prokurorun apardığı
mübarizə aydın
göstərilir. Onun əsas
amalı düzlük,
xeyirxahlıqdırsa, mübarizəsi
xalq malına göz dikənlərə,
rüşvətxorlara və
qohumbazlara qarşı
yönəlib. Tamaşaçı
povestlə tanış
olsa da, ekranda baş verən hadisələri diqqətlə izləyir. Əməkdar incəsənət
xadimi, kinoşünas
Aydın Kazımzadənin
araşdırmasında göstərilir
ki, bu məsələdə
operator Əlihüseyn Hüseynovun
və rəssam Cəbrayıl Əzimovun əməyi az
olmayıb.
Professor Mehdi Məmmədov “Olmasın gərək” resenziyasında yazıb: “Filmdə rejissor, operator və rəssam işinin vəhdəti, bədii bütövlüyü,
onların obrazlı təfəkkürü, xüsusilə
qiymətlidir. Film mənalı və mütəşəkkil kadrlarla
zəngindir. Onun emosional
təəssüratını qüvvətləndirən ritmik,
dinamik inkişafı və gözəl montajı vardır”.
Hətta
tanınmış rus
tənqidçisi M.Belyavski
filmə baxarkən onu yüksək qiymətləndirir və deyir: “Belə Mehmanlar bizə bu gün də,
sabah da lazımdır!”
Araşdırmalardan məlum olur ki, “Qanun naminə” filmi operator Ə.Hüseynovun bədii kinoda son işi olur. Ancaq 70 illərdə o, bir rejissor kimi “Azərbaycanfilm” kinostudiyasında fəaliyyətini davam etdirir. “Qədim diyarın gəncliyi” (1974), “Naxçıvan-50” (1975), “Min bir xəzinə” (1976), “Bakı Sovet Azərbaycanının paytaxtıdır” (1977), “Kommisarın ürəyi” (1978) və s. sənədli filmləri lentə alır.
1979-cu ildə sənətkarın səhhətində problemlər yaranır. Bu səbəbdən də o, rəhbərliyin məsləhəti ilə quraşdırma çəkilişləri sexinə kinooperator vəzifəsinə keçirilir. 1982-ci ildə “Cavidi xatırlarkən” adlı sonuncu sənədli filmini çəkir. Bununla da kino aləmindən uzaqlaşır. Səhhətində problemlərlə bağlı uzun müddət xəstə yatır. 1987-ci il iyunun 4-də vəfat edir.
Savalan Fərəcov
Mədəniyyət.- 2013.- 4
dekabr.- S. 13.