“Mədəni irsin tədqiqi və konservasiyası”
Moskvada keçirilən konfransda müasir elmi bərpanın nailiyyətləri müzakirə olunub
Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin direktoru Zərifə Məlikova Moskvada Rusiya Bərpa üzrə Dövlət Elmi Tədqiqat İnstitutunun təşkilatçılığı ilə keçirilən “Mədəni irsin tədqiqi və konservasiyası” mövzusunda beynəlxalq elmi-metodiki konfransda iştirak edib.
Müxtəlif ölkələrdən 230 alim və bərpaçının iştirak etdiyi konfransda müasir elmi bərpanın nailiyyətləri və problemləri mövzusunda 56 məruzə dinlənilib.
Konfransda “Muzey əşyalarının təkrar bərpası” mövzusunda məruzə edən Zərifə Məlikova ölkəmizdə muzey əşyalarının, xüsusən də xalçaların bərpa və konservasiyası sahəsində əldə olunmuş nailiyyətlərdən danışıb.
Sonda təşkilat komitəsi üzvləri tərəfindən konfransın nəticələrini əks etdirən qətnamə qəbul olunub. Qətnamədə iştirakçı ölkələrin elmi bərpa müəssisələrinin elmi-metodiki fəaliyyətini gücləndirməsi, onlar arasında mədəni sərvətlərin qorunması və bərpası sahəsində təcrübə mübadiləsinin aparılması əksini tapıb.
Zərifə Məlikova konfrans müddətində Rusiyanın Bərpa üzrə Dövlət Elmi Tədqiqat İnstitutunun bərpa və konservasiya sahəsində iş təcrübəsi, müasir avadanlıqlarla tanış olub, rəhbərlik etdiyi mərkəz üçün bir sıra elmi ədəbiyyat əldə edib.
Lalə Azəri
Mədəniyyət.- 2013.- 4
dekabr.- S. 12.