Azərbaycanda ilk dövlət muzeyi
“Muzey azadlıq və demokratik ideyalara çatmaq uğrunda Azərbaycan xalqının bütün təbəqələrinin, onun qabaqcıl nümayəndələrinin qəhrəmanlıq mübarizəsi səhifələrini işıqlandırmalıdır”
(“Azərbaycan” qəzeti, 9 dekabr 1919-cu il)
Ölkəmizdə dövlət səviyyəsində
ilk muzey Azərbaycan Xalq Cümhuriyyəti dövründə, 1919-cu il dekabrın 7-də açılıb. Xalq Cümhuriyyəti Azərbaycan
xalqının milli dövlətçilik tarixində
misilsiz hadisə olmaqla yanaşı, milli mədəniyyətin,
təhsilin, ədəbiyyat
və incəsənətin
inkişafına da böyük töhfələr
verdi. Həmin
dövrdə Bakı Universiteti fəaliyyətə
başladı, Azərbaycan
teatrının inkişafında
mühüm keyfiyyət
dəyişiklikləri oldu,
kitab fondu artırıldı. Bakı Universiteti
nəzdində açılmış
“Müsəlman Şərqini
öyrənən cəmiyyət”
Azərbaycan tarixini və mədəniyyətini
öyrənmək sahəsində
ilk addımlar atdı.
1919-cu ilin sentyabr
ayında milli tarixi irsimizin qorunması məqsədilə
Azərbaycan şərqşünasları
tərəfindən “Şərqin
arxeologiyası və tarixin həvəskarları
dərnəyi” yaradılması
haqqında məsələ
qaldırılmışdır. Lakin həmin
dövrdə əşya
və materialların,
bədii sənətkarlıq
nümunələrinin qeydə
alınması, mühafizəsi,
tədqiqi, təbliği
ilə əlaqədar
hüquqi-normativ sənədlər
yox idi. Avropa missionerləri və tacirləri Azərbaycanda əhalidən müxtəlif
əlyazmaları, çini
qabları, qızıl
əşyalarını, qədimi
paltarları alıb aparırdılar və bu dəyərli nümunələrin xaricə
axınının qarşısını
almaq vacib idi.
Bu məqsədlə həmin
illərdə fəaliyyət
göstərən “Yaşıl
qələm” Ədəbi
Cəmiyyətinin üzvləri
Hüseyn bəy Mirzəcamalov və Məhəmməd Ağaoğlu
Azərbaycan Parlamenti qarşısında Bakıda
milli muzeyin yaradılması məsələsini
qaldırdılar. “Azərbaycan”
qəzeti (1919, 23 sentyabr)
yazırdı: “... sənələrdən
bəri bəslədiyimiz
bir arzu var ki, o da
Vətənimiz Azərbaycanda
bir milli muzey təsisidir... Sabiq Rusiya zamanında
təsis edəcəyimiz
muzeyin adını “milli muzey” qoymaq
fikrində idiksə də, bu gün
fərdimizin köksünü
qabardan istiqlal şüarı olmasına
görə, “İstiqlal
Muzesi olmasını əhəmiyyətli görürüz”.
Azərbaycan Parlamentinin sədr
müavini Həsən
bəy Ağayev İnventar komissiyasına muzey üçün bir otaq ayrılması
haqqında sərəncam
vermişdir və komissiya belə bir qərar çıxarmışdır: “Muzeyin saxlanma xərclərini Parlament öz üzərinə götürür, bu şərtlə ki, muzey eksponatları yalnız parlamentə məxsus olmalıdır”.
İstiqlal Muzeyi 1919-cu il dekabrın 7-də Azərbaycan Parlamentinin yaradılmasının ildönümü
münasibətilə onun
binasında açılmış
və Parlamentin nəzdində fəaliyyət
göstərmişdir.
Muzeyin yaradıcıları
Hüseyn bəy Mirzəcamalov və Məhəmməd Ağaoğlu
- Xalq Cümhuriyyəti
yaranandan sonra mədəni quruculuq işlərində fəal
çalışmışlar.
Hüseyn
bəy Mirzəcamalov
1878-ci ildə Şuşa şəhərində
anadan olmuşdur. Şəhər real məktəbini bitirmişdi. Ali pedaqoji təhsili alandan sonra Bakı
Dövlət Universitetində
riyaziyyatdan dərs deyirdi. Hüseyn bəy şair
və yazıçı
idi. Həmçinin jurnalistika ilə
də məşğul
olurdu. Xalq Cümhuriyyəti Parlamentinin dəftərxanasında
çalışmışdı, qanunvericilik şöbəsinin
rəisi idi. Cümhuriyyətin süqutundan sonra
Türkiyəyə mühacirət
edən Hüseyn bəy 1974-cü ildə İstanbulda dünyasını
dəyişib.
Məhəmməd Ağaoğlu 1896-cı ildə
İrəvan şəhərində
anadan olmuşdu. 1912-ci ildə
gimnaziyanı bitirmişdi
və həmin il Moskva
Universitetinin şərqşünaslıq
fakültəsinə daxil
olmuşdu. Azərbaycan Xalq Cümhuriyyəti
dövründə bir
sıra maarif-mədəniyyət
və sənət ocaqlarının yaradılmasında,
muzeyşünaslıq, qədim
maddi mədəniyyət
nümunələrini qorumaq
sahəsində fəal
çalışmışdır.
1920-ci ildə Türkiyəyə
mühacirət etmiş,
1927-1928-ci illərdə İstanbulda
Milli Muzeyin islam
incəsənəti bölməsinin
müdiri olmuşdu.
1929-cu ildən ABŞ-da
yaşamış, əvvəlcə
Detroyt İncəsənət
İnstitutunun, sonra Miçiqan Universitetinin professoru kimi fəaliyyət göstərmiş,
1933-cü ildən isə
“İslam incəsənəti”
məcmuəsinin redaktoru
olmuşdur. Məhəmməd
Ağaoğlu Azərbaycan,
Türkiyə, İran
və başqa Şərq ölkələrinin
incəsənət tarixini
tədqiq etmiş, Şərq miniatürü,
xalça, bədii
metal və parça sənətinə dair qiymətli əsərlər
yazmışdır. Geniş
erudisiyalı şərqşünas
alim kimi tanınmış, ərəb,
fars, rus, ingilis, alman, fransız, latın və yunan dillərini
bilmiş, Şərq
xalqlarının orta əsr incəsənətinə
dair “İslam sənəti tarixi”, “XV əsr İran kitab cildləri”, “Səfəvi xalçaları
və parçaları”
kitablarının, həmçinin
müxtəlif elmi məqalələrin müəllifidir.
Muzeyin yaradılması ilə bağlı Hüseyn bəy Mirzəcamalov və Məhəmməd Ağaoğlu bir tərəfdən, digər
tərəfdən Azərbaycan
Parlamenti sədrinin müavinləri Həsən
bəy Ağayev, Sultanməcid Qənizadə
və rəyasət heyətinin digər məsul əməkdaşları
çox maraqlı bir sənəd imzalamışdılar. Bu sənəd
“Həmişəlik Azərbaycan
Parlaman İmarətində
təsis edilən muzey İstiqlal adına müəssisələr
tərəfindən toplanmış
olan şeylərin birinci parlaman Divani-Riyasətinə təhvil
verilməsi haqqında
şərait” adlanır.
Bu, Azərbaycanda muzey işinin təşkili və fəaliyyətini tənzimləyən
ilk hüquqi sənədlərdən
biridir. Sənəddə muzey işində
aparıcı sənədlər,
muzey əsasnaməsi,
uçot- mühafizə
üzrə təlimat
və fond-satınalma
komissiyası haqqında
müddəalar yığcam
şəkildə öz
əksini tapmışdır.
Sənəddə göstərilir ki,
“İstiqlal Muzeyinə
verilən hər bir əşya milli sərvətdir, gələcəkdə əşya
sahiblərinin ailə
üzvləri onları
tələb edə bilməzlər. Muzeyə hədiyyə
olunmuş əşyalar
geri qaytarılmır.
Muzeyin genişlənməsinə Azərbaycan
Parlamenti divan rəyasəti
səy edəcək və təşkilatına
lazım olan bütün məxarici kəndi öhdəsinə
götürəcəkdir”.
Sənəddən görünür ki,
gələcəkdə muzey
üçün xüsusi
bir binanın ayrılması, yaxud tikilməsi, muzeyin nəzdində zəngin kitabxananın yaradılması,
muzey proqram və nizamnaməsinin yaradılması və s. nəzərdə tutulmuşdur.
Muzeyə verilmiş əşyaların
qiymətləndirilməsi və
uçota alınması,
əşya təqdim edən şəxslərə
müvafiq sənədin
verilməsi, muzeyin əldə etdiyi gəlirlərdən istifadə
qaydaları sənəddə
öz əksini tapmışdır. Bu haqda
“Azərbaycan” qəzeti
yazırdı: “İstiqlal
Muzeyinin genişlənməsi
üçün eksponatların
toplanması işi gedir. Muzeyin təsisçiləri əhaliyə müraciət
edərək, muzeyin komplektləşdirilməsinə yardım göstərməyə
və köhnə əşyaları muzeyə
bağışlamağa çağırırdılar.
Muzeyə kömək göstərən
şəxslərə bağışlanılan
əşyaların adları
və qiyməti göstərilməklə qəbz
verilirdi”.
Azərbaycan Parlamentinə təhvil verilmiş 31 adda 89 ədəd ilkin əşya içərisində qədim qılınc, qəmə, barıt qabı, müxtəlif formalı muncuqlar, əski Quran, dualar, tilsim mətnləri həkk olunmuş mis məmulatlar, gümüş üzük, rus pulları, yunan pulu, əlyazmalar və digər məmulatlar mövcud idi.
Beləliklə, 1919-cu ilin dekabrında İstiqlal Muzeyinin açılması Azərbaycan mədəniyyəti tarixində mühüm hadisə oldu. 1920-ci ilin aprelində Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra İstiqlal Muzeyi ləğv edilsə də, yeni muzeylərin təşkilində mühüm rol oynadı. Muzeyin eksponatları yeni təşkil olunmuş Azərbaycan Dövlət Muzeyinə verildi. Sonralar eksponatların bir hissəsi (o cümlədən Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı, “İstiqlal Bəyannaməsi”nin əsli, Azərbaycan Parlamentinin materialları və s.) Moskvadakı İnqilab Muzeyinə aparıldı.
Onilliklər keçdi. 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdi. Həmin ildə yeni İstiqlal Muzeyi yaradıldı.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə bu adda muzeyin mövcud olması haqqında fakt yox idi. Muzey yaradıldıqdan sonra, sənədlərin işlənməsi və arxivlərin öyrənilməsi nəticəsində məlum oldu ki, ilk rəsmi dövlət muzeyi “İstiqlal” muzeyi olmuşdur.
Muzeyimiz müstəqil Azərbaycanla həmyaşıddır. Bu gün İstiqlal Muzeyinin əsas işi gəncləri Vətənə məhəbbət, vətənpərvərlik ruhunda tərbiyə etmək, ölkəmizin müstəqilliyi uğrunda canından keçən qəhrəmanların əziz xatirəsini əbədiləşdirməkdən ibarətdir.
Fəridə
Şəmsi,
Azərbaycan İstiqlal Muzeyinin direktoru
Mədəniyyət.- 2013.- 4
dekabr.- S. 12.