İki dahi musiqiçinin sənət dostluğu
2013-cü il dünyada böyük ingilis bəstəkarı,
dirijor və pianoçu
Edvard Benjamin Brittenin (1913-1976) 100 illik yubileyi qeyd olunur.
Sənətkarın atası Robert
Viktor Britten diş həkimi,
anası Edit Roda Xoki həvəskar musiqiçi olub. Məhz anasının sayəsində
o, erkən yaşlarından
musiqiyə maraq göstərib. 1927-ci ildə
Britten konsertlərin birində
Frank Bric ilə tanış olur və onun
tələbəsi kimi
sənətin sirlərini
öyrənməyə başlayır.
Daha sonra Londondakı Kral Musiqi Məktəbində
təhsil alır.
Bəstəkar “Piter Qrayms”
və başqa operaların müəllifidir.
1962-ci ildə yazdığı “Hərbi
rekviyem” ona dünya şöhrəti
gətirib. B.Britten 1948-ci ildə Oldoboro festivalının əsasını
qoyub.
Məşhur bəstəkarın həmyerlimiz,
dahi violonçelçi
Mstislav Rostropoviçlə
tanışlığı 1960-cı ilə təsadüf edir. B.Britten M.Rostropoviçin ifasına
heyran olur və onu Oldoboro
festivalına dəvət
edir. O, M.Rostropoviçə üç əsər həsr edib və bu əsərləri
ilk dəfə görkəmli
violonçelçi özü
ifa edib. M.Rostropoviç və B.Britten
dəfələrlə birgə
konsertlərdə çıxış
ediblər.
Noyabrın 27-də L.və M.Rostropoviçlərin
ev-muzeyində “B.Britten
və M.Rostropoviçin
dostluq və yaradıcılıq əlaqələri”
adlı tədbir keçirildi. Qonaqlar görkəmli musiqiçilərin
yaradıcılıq əlaqələrini
əks etdirən maraqlı sərgi ilə tanış
oldular. Muzeyin direktoru Şeyla
Heydərova burada qorunub saxlanılan, üzərində elmi araşdırmalar aparılan
eksponatlar, habelə bir neçə gün öncə M.Rostropoviçin Sankt-Peterburq
arxivindən muzeyə
daxil olan dəyərli materiallar barədə danışdı.
Həmin eksponatlar arasında B.Britten və M.Rostropoviçin müxtəlif
illərdə birgə
çıxış etdikləri
konsertlərin proqramları,
1963-1964-cü illərdə Moskvanın Böyük zalında keçirilmiş
violonçel və orkestr üçün konsertin afişası və başqa materiallar var.
B.Brittenin
dirijorluğu altında
və M.Rostropoviçin
ifasında P.İ.Çaykovskinin
“Rokoko” mövzusunda variasiyaları, maestronun dirijorluğu altında B.Brittenin “Hərbi rekviyem”inin videoyazısı,
M.Rostropoviçin 1968-ci ildə
Oldoboro festivalında çıxışının lent yazısı nümayiş
olundu.
Tədbirdə tanınmış bəstəkarlar
Oqtay Zülfüqarov,
Elnarə Dadaşova, rəssam Elturan Avalov, Bəstəkarlar İttifaqının katibi
Lalə Hüseynova, musiqi məktəblərinin
direktorları iştirak
edirdi. Rusiyanın ölkəmizdəki səfirliyinin II katibi xanım O.Orlova, Britaniya səfirliyindən
xanım E.Uayt çıxış edərək
M.Rostropoviç və
B.Britten haqqında maraqlı məlumatlar açıqladılar.
Sonda konsert proqramı təqdim olundu. Əməkdar artist, violonçelçi
Eyyub Əliyev B.Britenin solo violonçel üçün I süitasından
“Kanto Primo və Lamento”
əsərini ifa etdi.
Mədəniyyət.- 2013.- 4
dekabr.- S. 11.