Dünyanın mədəniyyət
yolları Bakıda kəsişir
Paytaxtımızda UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyası keçirilir
Azərbaycan
müstəqillik tarixi ərzində ən
böyük və geniş
formatlı beynəlxalq mədəniyyət tədbirinə ev sahibliyi edir.
Dekabrın 2-də Bakıdakı “Marriott Absheron” hotelində
UNESCO-nun Qeyri-Maddi Mədəni
İrsin Qorunması üzrə Hökumətlərarası
Komitəsinin 8-ci sessiyası işə başladı. Azərbaycan
Respublikasının mədəniyyət və turizm
naziri Əbülfəs Qarayevin
sədrliyi ilə keçirilən sessiyada
116 ölkəndən 780-dək nümayəndə iştirak edir. İlk dəfə olaraq dünyanın bu qədər
ölkəsindən Azərbaycana nümayəndə heyətləri
gəlib.
Tədbiri açıq elan edən nazir Əbülfəs Qarayev UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci iclasının əlamətdar bir vaxta, təşkilatın Qeyri-maddi mədəni irsin qorunması üzrə Konvensiyasının 10 illik yubileyinə təsadüf etdiyini bildirdi. Qeyd olundu ki, dünyanın 156 ölkəsinin dəstək verdiyi Konvensiyanın qəbulu mədəni müxtəlifliyin təşviqində, beynəlxalq strategiyaların inkişaf etdirilməsində əsas mərhələ olub: “Beynəlxalq cəmiyyət ilk dəfə olaraq mədəni təzahür və ifadələrin qorunması ehtiyaclarını tanıyıb. Konvensiyanın 10 illik yubileyi ilə əlaqədar 2013-cü ilin əvvəllərində qeyri-maddi mədəni irsin qorunması ilə bağlı aidiyyəti tərəfdaşların yerli, regional və beynəlxalq səviyyədə təşkil etdiyi tədbirlər və fəaliyyətlər haqqında məlumatları dünya ictimaiyyəti ilə paylaşmaları üçün platforma yaradılıb”.
Əbülfəs Qarayev bildirdi ki, ötən dövr ərzində Azərbaycan Konvensiya çərçivəsində xalqımızın mədəni-mənəvi dəyərlərini əks etdirən çox qiymətli nümunələrin müxtəlif nominasiyalarda artıq dünya qeyri-maddi mədəni irs siyahısına daxil edilməsinə nail olub.
Nazir Azərbaycan dövləti adından nümayəndə heyətlərini salamladı, dekabrın 7-dək davam edəcək sessiyanın işinə uğurlar dilədi.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini Elçin Əfəndiyev Prezident İlham Əliyevin tədbir iştirakçılarına məktubunu diqqətə çatdırdı. Baş nazirin müavini UNESCO-nun mühüm iclasının Azərbaycanda keçirilməsinin əlamətdar bir hadisə olduğunu qeyd etdi. Bildirildi ki, Azərbaycanla UNESCO arasında xüsusən son illərdə olduqca işgüzar münasibət yaranıb və bu əlaqələr qarşılıqlı hörmət və etibara söykənir. Ötən müddətdə Azərbaycan ilə UNESCO arasında əlaqələr daha da genişlənib, ölkəmizi bir çox maddi və qeyri-maddi sərvətləri, xalqın mənəvi həyatında mühüm rol oynayan görkəmli şəxsiyyətləri UNESCO vasitəsilə geniş təbliğ olunub. Bildirildi ki, Prezident İlham Əliyevin sessiya iştirakçılarına təbrik məktubu Azərbaycan hökumətinin UNESCO ilə əməkdaşlığın inkişafına verdiyi qiymətin bariz nümunəsidir.
Nazir Əbülfəs Qarayev iclas iştirakçıları adından bu tədbirin ölkəmizdə keçirilməsinə göstərdiyi dəstəyə və iştirakçılara ünvanladığı xoş sözlərə görə Azərbaycan Prezidentinə təşəkkürünü bildirdi.
Sonra UNESCO-nun baş direktoru İrina Bokovanın sessiya iştirakçılarına ünvanlanan video müraciəti nümayiş olundu. Xanım Bokova müraciətində bu möhtəşəm tədbirə ev sahibliyi etdiyinə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirdi. UNESCO ilə əməkdaşlığa verdiyi xüsusi önəmə görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkür etdi. Müraciətdə həmçinin qeyd olundu ki, Azərbaycanda keçirilən sessiya iştirakçılarının sayına görə rekord nəticədir. Bu onu göstərir ki, Azərbaycan UNESCO ilə əməkdaşlıqda liderlik edir. Qeyd olundu ki, qeyri-maddi mədəni irs bəşəriyyətin ən dəyərli təzahürlərindən biridir. O, ölkələr arasında dialoq və anlaşma üçün körpü rolunu oynayır. Azərbaycanın sədrlik etdiyi iclasa öz dərin inamını ifadə edən baş direktor sessiyanın iclaslarına uğurlar arzuladı.
Qeyd edək ki, sessiyada UNESCO baş direktorunun mədəniyyət üzrə müavini Françesko Bandarin iştirak edir.
İclasa sədrlik edən nazir Əbülfəs Qarayev diqqətə çatdırdı ki, sessiyada çıxışlar reqlamentə uyğun olmalıdır və hər bir ölkənin bu siyahıya qəbul olunmaq üçün bir təklif vermək imkanı var. Qeyd olundu ki, sessiya müddətində iştirakçı ölkələrin təklif etdikləri irs nümunələri ətrafında təqdimatlar keçiriləcək və geniş məlumat veriləcək.
Tədbir iştirakçılarını proqramla tanış etmək üçün söz UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Konvensiyasının katibi xanım Sesil Düvelə verildi. O, iştirakçıları salamlayaraq bildirdi ki, sessiyanın gedişi təmsil etdiyi qurumun internet saytında canlı yayımlanır və çıxışlar ingilis, fransız, ispan, ərəb və Azərbaycan dillərində sinxron tərcümə olunmaqdadır. Katib həmçinin bildirdi ki, sessiyanın bütün sənədlərini qurumun internet saytından yükləmək mümkündür. Sessiyanın proqramına 8-ci sessiyanın gündəliyinin qəbul olunması, müşahidəçilərin qəbulu, prosedur qaydalarına düzəlişlər, komitənin 2012-2014-cü ilə dair işləri haqqında Baş Assambleyaya hesabatı və s. daxil edilib.
Sessiyanın gündəliyində duran əsas məsələ isə Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irsin Siyahısı və Bəşəriyyətin qeyri-maddi mədəni irsinin Reprezentativ Siyahısına təklif olunan nominasiyalar üzrə qərarların verilməsidir. Sessiyada Konvensiyanın milli səviyyədə icrası ilə bağlı dövri hesabatların dinlənilməsi, geniş tərkibli müzakirələr və mədəni tədbirlər planlaşdırılıb. S.Düvel bildirdi ki, sessiya müddətində təqdim olunan məsələlər ətrafında geniş fikir mübadiləsi aparılacaq və qəbul olunacaq qərarlar dünyada sülhün daha da möhkəmlənməsinə təkan verəcək.
Tədbir iştirakçılarına Azərbaycanın mədəniyyətini, tarixini, incəsənətini və müasir inkişafını əks etdirən müxtəlif dillərdə hazırlanmış kitab, jurnal və digər çap məhsulları təqdim edildi.
Hökumətlərarası Komitənin sessiyasına beynəlxalq ictimaiyyət, media nümayəndələrinin böyük marağı hiss olunur. “Marriott Absheron” hotelinin zalında qonaqlara bir-birindən maraqlı Azərbaycan musiqisi təqdim edilirdi. Bütün bunlar xaricdən gələn qonaqlarda böyük maraq yaratmışdı. Paytaxtımızda keçirilən bu beynəlxalq tədbir Azərbaycanın zəngin mədəni irsinin qorunması, eyni zamanda mədəniyyət və turizm imkanlarımızın təşviq olunması, ölkəmizə marağın artırılması baxımından əhəmiyyətli hadisədir.
Lalə Azəri
Mədəniyyət.- 2013.- 4
dekabr.- S. 3.